Qərbi Kaspi Universitetində Startup Günləri başlayıb - Fotolar

qerbi-kaspi-universitetinde-startup-gunleri-baslayib
Oxunma sayı: 1098

Bu gün Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə Startap Günləri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, açılışda çıxış edən natiqlər bu tədbirin əhəmiyyətinə toxunub, yaxşı ənənələrə malik olan Qərbi Kaspi Universitetinin bu gün də innovativ layihə və tədbirlər həyata keçirdiyini, Startup Günlərinin də belə tədbirlərdən biri olduğunu vurğulayıblar.

Qeyd edilib ki, təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblərə doğru getməlidir. Bugünkü Startup Günləri məhz bu çağırışa reaksiyalardan biridir.

Yarışın ilk günündə gənc startup-çıların ideyaları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, yarışmaya tələbələrlə yanaşı 100-ə yaxın məktəbli də qatılıb, 15 məktəbli final mərhələsinə keçə bilib. Qalib gələn biznes ideyalar ətrafında komandalar formalaşıb və layihələrin prototipinin hazırlanmasına başlanılıb.

Startap Günlərinin ikinci günündə Universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçiriləcək.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin keçirdiyi Startap Günlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Startup Azərbaycan Təşkilat Komitəsi, Yüksək Texnologiyalar Parkı, İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.

Startap Günlərinin keçirilməsində məqsəd tələbələr tərəfindən yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.