Qərbi Kaspi Universitetində Startup Günləri keçirilib

Qərbi Kaspi Universitetində Startup Günləri keçirilib
Oxunma sayı: 418

Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə Startup Günləri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, açılışda çıxış edən natiqlər bu tədbirin əhəmiyyətinə toxunub, yaxşı ənənələrə malik olan Qərbi Kaspi Universitetinin bu gün də innovativ layihə və tədbirlər həyata keçirdiyini, Startup Günlərinin də belə tədbirlərdən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblərə doğru getməlidir. Bugünkü Startup Günləri məhz bu çağırışa reaksiyalardan biridir.

Yarışın ilk günündə gənc startup-çıların ideyaları münsiflər heyəti tərəfindən qiymətləndilib. Qeyd edək ki, yarışmaya tələbələrlə yanaşı 100-ə yaxın məktəbli də qatılıb, 15 məktəbli final mərhələsinə keçə bilib. Qalib gələn biznes ideyalar ətrafında komandalar formalaşıb və layihələrin prototipinin hazırlanmasına başlanılıb.

Tədbirin ikinci günündə yeni başlayan startup-çılar üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçirilib. Eyni zamanda yerli startup sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunub.

Ən innovativ 6 ideyaya sahib komanda final mərhələsində yarışıb. Gərgin və maraqlı keçən yarışda ən yaxşı 3 ideya qalib seçilib. Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin keçirdiyi Startap Günlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi, Startup Azərbaycan Təşkilat Komitəsi, Yüksək Texnologiyalar Parkı, İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı təşkilati dəstək verir.

Startap Günlərinin keçirilməsində məqsəd tələbələr tərəfindən yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi