“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı

qeribesi-o-idi-ki-efsane-aglamirdi
Oxunma sayı: 7907

Fevralın 15-də Hacıqabulda yaşanan dəhşətli hadisə - ərlə arvadın intihar etməsi ölkədə ciddi rezonans doğurub. Rayonun Kolanı kənd sakinləri 1982-ci il təvəllüdlü Sahib Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Mayılova da eyni üsulla intihar edib. Sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri vurğulanıb.

"Qafqazinfo" xəbər verir ki, Modern.az saytı hadisənin təfərrüatı barədə əlavə məlumat əldə etmək üçün intihar edən Əfsanə Mayılovanın əmisi Niyazəli Mayılovla əlaqə saxlayıb:

“Əfsanə ata-anasını erkən yaşlarında itirib. Ata-anası dünyasını dəyişəndən sonra Əfsanəni mən böyütmüşəm. Əfsanə ilə Sahib bir-birlərini o dərəcədə sevirdilər ki, sözlə ifadə edə bilmirəm. Bu da sonu. Onların sevgisinə Romeo- Cülyetta, Leyli-Məcnun adı vermək olardı. 15 il olardı ki, ailəli idilər. Heç vaxt kimsə onların ailəsinə təzyiq göstərə bilməyib. Sahib ailəsinə kimlərinsə müdaxilə etməsinə imkan verməyib”. 

Niyazəli Mayılov xatırladıb ki, ər-arvad hər ikisi eyni gündə intihar edib:

“Sahib atası evində özünü asıb. Həmin gün Əfsanəyə deyib ki, get əmingilə, bir az başın dincəlsin, ürəyin açılsın. Elə Əfsanə bizdə olanda xəbər gəldi ki, Sahib özünü asıb. İnanmadıq. Qəribəsi o idi ki, bütün qohumlar ora toplaşıb ağlayanda Əfsanə ağlamırdı. Eləcə dayanıb baxırdı. Əfsanənin atası evi də ora yaxındır. Qadınlar deyib ki, “gedək yas məclisi üçün bir-iki şey-şüy gətirək”. Əfsanə də deyib ki, “siz gedin, evi yığışdırıb gəlirəm”. Əfsanəni gözləsək də gəlib çıxmadı. Atası evinə qayıdanda gördük ki, o da özünü orda asıb. Danışa bilmirəm. O qədər bir-birinə yaraşırdılar ki!  Özlərinin evi ayrı idi. Bir neçə dəfə müalicə almışdılar. Ancaq maddi imkansızlıq müalicəni davam etdirməyə mane olurdu”.