Qeybət üçün axmaq enerji...

Qeybət üçün axmaq enerji...
Oxunma sayı: 2206

Raminə Eyvazqızı

Böyükləri elə hey başa salmağa çalışdıq ki, bu enerji içkilərini içməyin. Etiraz edənə, yenə klassik “istəmirsən içmə” dedilər. İndi uşaqlar bu bəlaya düşüb, mübahisələrində qalibə alınacaq hədiyyə həmin içki olur. Marketlərdə ara -sıra “birini alana, biri hədiyyə”şirnikləndirici reklamları görürük.

Azyaşlı qız uşaqları dadanıb artıq. Yeniyetmələrin hormonları dingildədikcə bir-birinə “ baxaq görək kim ən çox enerji içkisi içir” deyirlər. Bədbəxtin balaları sizin təbii enerjiniz indi-indi yüklənir bədənə, niyə təravətli bədəninizə zülm edirsiniz. 

İllərdir, qara qışqırıq qoparırıq, enerji içkisini ölkəyə gətirəni hərtərəfli söyüşə tuturuq nəticə yoxdur. Monopoliyanın yeri, bünövrəsi kök atıb artıq.
Ötən il telekanallardan birində gecə saatında intelektual veriliş tapmışdım, gənclərin sağlamlığından danışılırdı, di gəl ki, ekranda ümumi planda məşhur enerji içkisi studiyanı bəzəmişdi. Aparıcı hər reklam fasiləsində birini açıb içirdi. 

İndi də neçə gündür, tv kanallarda enerji içkisi alanlar üçün lotereya keçirilir. Hətta enerjisi təpəsinə vurmuş bir oğlan sinəsinə döyürdü ki, artıq uduşda olan maşını qazanıb. Auditoriyanı əlində oyuncaq edən tv-lərin (istisnalar var) məqsədi insanların cibinə canla-başla girməkdir. Bəs uşaqların beynini niyə qazırsız, onlara bu zibil içkini içmək üçün təzə bəhanəyə ehtiyac yox idi axı. Sırımayın!

Qadın tanıyıram ki, evinə bolluca enerji içkisi alır və uşaqlarına bir işi gördürmək istəyəndə ondan vəd edir.

Bu süni enerji mənbəyinin yarandığı yer haqqında da mübahisələr var. İlk dəfə ABŞ Müdafiə Nazirliyinin hərbiçilər üçün istehsal və istehlak etdiyi deyilir. Yaponiya da deyir ki, psixoloji problemi olan insanlar üçün energetikləri özüm kəşf etmişəm. Kəşflik bir məsələ yoxdur, sadəcə içkidə kofein və taurinin dozası həddini aşıb, bunu içənlər qəfil enerji bombası yaşayırlar və dərmanın təsiri kimi az sonra süni enerji yox olur.

Bu il də abituriyentlərə qohum-əqrəba tərəfindən ən çox hədiyyə alınan enerji içkiləri olub. Nəticədə güya oxumaqdan yorulmamaq üçün bu içkiyə aludə olan nəsil yetişir. Bu nəsil də bir araşdırıb-axtarmır ki, dünyanın bəzi ölkələrində (Norveç, Danimarka, Fransa, ABŞ ştatlarında) bu içkilər qadağa olunub və ya satışı məhdudlaşdırılıb, buna səbəb nələrdir. Səbəb təkdir, energetiklər birbaşa ürəyin düşmənidir! 

Bizdə enerji içkisindən  istifadə edənlərin çoxunun məqsədi  işini, əmək qabiliyyətini yüksəltmək deyil, dilinə güc verməkdir. O içkinin içində nə varsa, hamı bu axmaq enerjidən ya qeybət, ya şər-böhtan, ya da yalan üçün istifadə edir. Xüsusiylə kişilər, məhlənin qadın, kişisi qalmır. Hamının  diaqnozunu görmək istədikləri kimi qoyurlar. Veyil-veyil gəzənlərin vaxt itirmək üçün “enerji”ləri bərpa olur. Sükan arxasında olanlar necə cuşa gəlirlərsə, sürətin həddini aşıb yolda hoqqabazlıq edirlər. Şəhərdən rayona gedəndə yol boyu içilib qanacaqsız sürücülər tərəfində maşından təbiətə atılan enerji içkisi qablarını görürük.

Yeni yaranan Qida Təhlükəsizliyi Agentliyindən 18 yaşına çatmayanlara bu içkilərin satılmaması tövsiyəsi gəlir. Quruca sözə qulaq asan varmı ki? Uşaqları siqaret, içki almağa göndərən valideynlər durmuşkən, dərdimizi kimə deməliyik?


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi