Qeybəti sevirəm...

qeybeti-sevirem
Oxunma sayı: 3210

Sahilə İbrahimova

Keçmişdən bu günə bu şəkildə gəlməyimizdə qeybətin böyük rolu olub deyirlər. Zarafat deyil.  Bu mövzuda nə qədər elmi yanaşma var. Diqqətlə baxsaq, hər yer qeybətlə doludu. Sosial şəbəkədə açılmış mövzudan tutmuş ciddi elmi kitablara qədər hər şey, hər yer müəyyən ölçüdə qeybət daşıyır özündə. Qonşu qonşunu bəyənmir, alim özündən öncəki birinin fikrini yalan çıxardır və s.

Yuval Noahın “Heyvanlardan Tanrılara - Sapiens” kitabında rast gəlmişdim dedi-qodu nəzəriyyəsinə. Üzərində düşündükcə nə qədər doğru, əsaslı olduğunu gördüm. Müəllif haqlı olaraq insanın məhz dili üzərindən müəyyən mədəniyyətə çatdığını qeyd edir. Dilimizin əsas hissəsi isə dedi-qodu edə bilmək üçün yaranıb. Və bu, xeyrimizə işləyib. Əcdadlarımız nə qədər uzaq tarixdə yaşamış olsalar da, biz genimizdə onlara aid çox şey daşıyırıq. Bizon, aslan ovlamağa gedən biri o nəhənglikdə və gücdə olan heyvanı yalnız ağlı və dili ilə məğlub edə bilərdi. Ağıl və dil ova tək deyil, toplu halda getmək üçün lazım idi. İnsan dili təhlükəni digərinə göstərmək və birlikdə ov etməyin faydalarını anlatmaq üçün kəşf edib. İndi incəsənətin, mədəniyyətin irəli getdiyi bir zamanda insanlar mal, mövqe bölgüsü üzündən bu qədər dava edirsə, o vaxt birlikdə ova rahat, mehribanca, mahnı oxuyaraqmı çıxırdılar, sizcə? Araşdırmaçılar yazır ki, o vaxt adamlar arasında ova qədər və ovdan sonra çox böyük davalar olurmuş. Doymayan insan birlikdə ovlanan heyvan ətini başqaları ilə paylaşmaq istəmirmiş. Qəzəb güc gəlirmiş, vurub öldürürmüş qarşısındakını. Qəzəb güc gələndə insan həmən öldürməyi çarə kimi görüb, kötüyü qapıb, vurub onu qəzəbləndirən adamın başına. Ölümün insanlığa uymayan cəza olduğunu anlamağımız üçün min, milyon il keçib. İnsan dünyanı şüurla anlamağa başlayanda ölümü müzakirəyə çıxarıb. Tayfa, qəbilə daxilində hər şeyə görə ölüm doğru sayılmayıb, pislənib. Qeybət edən insanlar edib bunu. Üzülməklə, şübhələnməklə, gizlində danışmaqla, pıçhapıçla, lazımi cəsarət yığdıqdan sonra isə açıq meydanda etiraz etməklə. Qeybət yayıldıqca toplum müəyyən fikrə hazır duruma gəlib. Ardıyca da qəbilə başçısı, tayfa başbiləni qərar verib, hökm çıxarıb, dillə izah edib–qəzəblənəndə öldürmək olmaz! Öldürmək olar, məsələn, müharibədə, qan davasında və s. Döymək öldürməklə müqayisədə daha sivil cəza vasitəsidi. İnsanların qəzəblənən kimi öldürməyi deyil döyməyi seçməsi bəşəriyyətin humanizm yolunda böyük addımlarından biridir. Növbəti irəliləyiş heç bir halda fiziki şiddət göstərməməkdi. Ən son tendensiya sözlər üzərindəndi. İndi sivil dünya şüurlu insanın qəzəbləndiyi halda kobudluq eləməsini, kimisə sözlə incitməsini, aşağılamasını mədəniyyətsizlik, tərbiyəsizlik sayır.  Kənarda bunu edə bilərsən. Hər kəsin müzakirə etmək, nəyisə, kimisə bəyənməmək haqqı var. Özümüzlə tək qalanda, yaxınımızla söhbət edəndə qınamaq, şəxsi nümunəmizlə başqa – daha doğru şey göstərmək imkanımız olmalıdı. Bunları edən zaman bacardıqca müzakirə obyekti olan adamı incitməməliyik. Ədalət hissimiz oyanmalıdı, vicdan işə qarışmalıdı.

Qeybət edən zaman insan sözlərlə ehtiyatla davranmalıdı. Xüsusilə topluma təsir edən gücün varsa kimisə, tənqid edən zaman məsuliyyət daşıyırsan. Tənqid üçün seçdiyin sözlər kobud və aşağılayıcıdırsa, pis nümunəsən, demək. Kobud adam qəzəbinə məğlub olmuş adamdı, barbardı. Mən qəzəbləndə kobudluq edirəmsə, sakitləşəndə özüm haqqında belə düşünürəm. Təbii olan hər şey gözəl deyil. Ali mədəniyyət təbiilikdən estetik şəkildə uzaqlaşa bilməkdi. Bu halda, yalnız bu halda bir az saxta olmaqda fayda var. Qeybət müzakirədi və doğru şəkildə edilsə olduqca faydalıdı. İctimai qeybətin – qızğın müzakirənin tərəfdarıyam. Səssiz cəmiyyətdə sıxılıram, özümü tələyə düşmüş kimi hiss edirəm. Başını aşağı salıb yalnız öz həyatı ilə məşğul olanları da sevmirəm. Belə adamlara güvənmirəm. İllər öncə başqa ölkələrdə insanların kütləvi şəkildə hansısa gülünc hala düşmüş, zəif birini dəstəklədiyini görüb həsəd aparırdım. Bizdə belə şey yox idi. Tv-dən, qəzetdən kim pislənirdisə, insanlar toplu şəkildə yazılanlara, deyilənlərə inanırdı. İndi bizdə də insanlar aşağılanan, pis duruma düşən, tək qalan adama acıyır, onu anlamağa çalışır. Məsələn, Maraq Tahirqızı nə qədər məsxərəyə qoyulsa da, ictimaiyyət qarşısında aşağılananda insanların ədalət hissi oyandı, ona acımağa başladılar. Bu kütləvilik məni sevindirir, insanların bu şəkildə daha humanist, daha ədalətli olacağına inanıram. Davranışları ilə məsxərəyə qoyulan birini efirə çıxarıb, bu şəkildə “həqiqət” demək olmaz! İllər öncə kanadalı tanışıma bir nəfərin hədsiz dərəcədə yalançı olduğunu demişdim. “ruhunda problem var, xəstəlik kimi qəbul elə, anlamağa çalış demişdi. Yoxsa niyə yalan danışsın ki?” Bu sözlərdən sonra insanları anlamaqda nə qədər geri qaldığımı anlamışdım. Fiziki xəstəliyi olan birini yeriyə, yeyə bilmədiyi üçün qınamırıq, eyni səbri özünü ifadə edə bilməyən adamlarla da göstərməliyik. 

Tarixdən, əcdadlardan başlayıb arada qeybət də elədim, fərqindəsiz. Köşə yazmaq əməlli-başlı qeybətdi. Və mən bunu faydalı sayıram. İnsanlar dəyişir. Zamanla düşüncəmiz, yanaşmamız, hökmümüz, cəzamız dəyişir. Təklənən, aşağılanan birini müdafiə etmək içimizdəki ədalətin üsyanıdı. Başqa nə ola bilər ki? İnsanlar Maral Tahirqızıdan başqa nə umur ki? Qüsurlarını görə bilməyən aciz birinin müdafiəsinə qalxan toplum yavaş-yavaş başqa ədalətsizliklərə də qarşı çıxır. Gücsüzün yanında olduğu üçün bu gün, indi, xalqımı çox sevirəm.