Qəza törədən şəxs məhkəmə zalında həbs olundu

qeza-toreden-sexs-mehkeme-zalinda-hebs-olundu
Oxunma sayı: 1422

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol qəzası törətməkdə təqsirləndirilən Anar Şıxıyevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı vəsatət verərək bildirib ki, A. Şıxıyev ibtidai istintaq zamanı istintaqdan yayınıb və çağırışlara məhəl qoymayıb. Buna görə də onun barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə kollegiyası müşavirədən sonra qərarı elan edib və A. Şıxıyev barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

Proses yanvarın 23-də davam etdiriləcək. 

İttihama görə, yol qəzası 2018-ci ilin avqust ayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində baş verib. 

A.Şıxıyev idarə etdiyi “Kia” markalı avtomobillə Kənan Vəliyevin sürdüyü “Mercedes”i vurub. Nəticədə “Mercedes”də olan 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.  Xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.
  
Murad Əhməd