QHT Şurası da “Eurovision”a hazırlaşır

qht-surasi-da-eurovisiona-hazirlasir
Oxunma sayı: 664

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, gündəlikdə müsabiqədənkənar fonddan istifadə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar QHT sektorunun 20 illiyinə həsr olunmuş kitabın hazırlanması haqqında məsələlər müzakirə edilib. İclası açan Şura sədri Azay Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Müsabiqədənkənar fondun xərclənməsilə bağlı Şura üzvlərinin fikir və təklifləri əsasında qərar qəbul edilib.

Gündəliyin ikinci məsələsilə bağlı sədr A.Quliyev Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümündə QHT sektorunun bu illər ərzində keçdiyi yol haqqında kitabın hazırlanmasının vacibliyini qeyd etdi. A.Quliyev kitabın mövzu təsnifatı və struktur quruluşu barədə məlumat verərək, onun əhatə dairəsinin yetərincə geniş olduğunu Şura üzvlərinin diqqətinə çatdırdı.

Kitabın yazılmasında üslub müxtəlifliyinin təmin olunması, eləcə də geniş fəaliyyətin əhatə edilməsi üçün ayrı-ayrı məqalələrlə bərabər QHT sektorunun inkişafında xidmətləri olmuş şəxslərlə müsahibələrin verilməsi də məqsədəuyğun sayıldı. Müzakirələrdə bununla bağlı Şura üzvlərinin fikir və təklifləri dinlənildi və müvafiq qərar qəbul olundu.

Cari məsələlər sırasında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq qurumlarla iş proqramı üzrə geniş fikir mübadiləsi aparıldı. Ölkə QHT-lərinin Avropa qurumlarında, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycana aid məsələlərlə bağlı müzakirə və debatların, dinləmə və digər aksiyaların keçirilməsində fəallığının və peşəkarlığının təmin olunmasının aktuallığı qeyd edildi. “Eurovision” Beynəlxalq Musiqi Yarışmasının 2012-ci ildə Azərbaycanda uğurla keçirilməsi üçün ictimai sektorun bütün qüvvələrinin səfərbər edilməsi, həyata keçirilən təşkilati-texniki və təbliğat işlərinin səmərəsinin artırılması yolları müzakirə edildi.