QHT Şurası hesabat verdi - Fotolar

qht-surasi-hesabat-verdi-fotolar
Oxunma sayı: 997

“Qafqazinfo”nun məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində 300-ə yaxın QHT təmsilçisi və media nümayəndələrinin iştirakı ilə keçən konfransı Şuranın sədri Azay Quliyev açaraq ötən il həyata keçirilmiş işlər haqqında məlumat verdi. Ötən il bütövlükdə Azərbaycan QHT sektorunun ölkənin sürətli iqtisadi inkişaf tempinə uyğun irəlilədiyini deyən A.Quliyev Şuranın maliyyələşdirdiyi layihələrin ictimai aktuallığını, icra keyfiyyətindəki və hesabatlığındakı müsbət təzahürləri qeyd etməklə bərabər bu sahədəki çatışmazlıqları da vurğuladı.

Hesabat məruzəsilə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış etdi.

Fəaliyyət

“Vətəndaş cəmiyyəti” jurnalı, 12 nömrəsi işıq üzü görüb, həyata keçirilmiş 1000-ə yaxın layihə və proqramlar haqqında müfəssəl məlumat verilmişdir. “QHTXEBER.AZ” saytı hər gün yenilənib. İl ərzində Şuranın fəaliyyəti və keçirdiyi ayrı-ayrı tədbirlər haqqında mətbuata 100-ə yaxın press-reliz göndərilib. TV verilişləri, İTV-nin “Çarpaz baxış” proqramında “QHT-lər və ictimai maraqlar”, “Korrupsiya ilə mübarizədə QHT-lərin üzərinə düşən vəzifələr”, “QHT-lər və milli maraqlar” mövzusunda televiziya verilişləri hazırlanaraq efirə verilmişdir.

İl ərzində Şuraya 735 layihə təklifi daxil olub və bunlardan 348 layihəyə 2 milyon 31 min manat vəsait ayrılıb. Şura QHT-lərin apelyasiya ərizələrinə baxmışdır. 10 QHT-nin şikayətləri Apelyasiya Komissiyasında araşdırılırmış və onlara müvafiq rəy bildirilmişdir.
Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərinin və Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği ilə bağlı ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Belçika, Fransa və başqa ölkələrdə 12 layihə üzrə tədbirlər keçirilmiş, onlara ümumilikdə 60 min manatdan çox vəsait ayrılmışdır.
600-ə yaxın QHT rəhbəri və mühasibinə mühasibat uçotu ilə bağlı təlimlər keçilib. Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq QHT-lərin Maliyyə Nazirliyinə hesabat təqdim etməsinə yardım məqsədilə QHT-lər üçün məsləhət xidməti təşkil olunmuş və onlara praktik köməkliklər göstərilmişdir.

Şura QHT-lərin illik maliyyə hesabatlarının sadələşdirilməsi və təkmilləşdirilməsilə bağlı Maliyyə Nazirliyi qarşısında aşağıdakı təkliflərlə çıxış etmişdir:
• qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının komponentlərinə daxil edilən formaların sadələşdirilməsi;
• maliyyə hesabatlarının təqdim olunması zamanı QHT-lərin illik maliyyə dövriyyəsinə görə təsnifatlandırılması;
• illik dövriyyəsi 10 min manata qədər olan QHT-lərin illik maliyyə hesabatı təqdim etməkdən azad olunması;
• hesabatların elektron qaydada verilməsi;

Layihələr çərçivəsində 11 sayt, 2 film, 4 audiodisk yaradılmış, 229 nəşr, o cümlədən 44 kitab çap olunmuşdur və s.
Şura üzvlüyünə seçkilər 29 fevral – 03 mart 2012-ci il tarixlərdə keçirilmişdir. İxtisaslaşmış QHT qrupları üzrə Şura üzvlüyünə 63 namizəd və iclaslarda iştirak üçün 568 QHT qeydə alınmışdır. Seçilmiş şəxslərdən 8 nəfəri (3 nəfər isə hakimiyyət strukturlarının təmsilçilərindən) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2012-ci il tarixli sərəncamı ilə növbəti 4 ilə Şura üzvləri təyin olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-lərinin inkişafı üzrə Milli Fəaliyyət Proqramının hazırlanması üçün təcrübəli QHT ekspertlərindən ibarət işçi qrup yaratmışdır. Sosial sifariş, İctimai iştirakçılıq və Peşə birlikləri haqqında qanun layihələri hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamənin 4.7 bəndinə müvafiq olaraq Şura mütəmadi şəkildə öz iclaslarını keçirmişdir. 2012-ci ildə Şuranın 14 iclası olmuşdur.

27 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumu (təsis yığıncağı) keçirilmişdir.

2012-ci il fəaliyyətinə görə keyfiyyətli işi ilə seçilən QHT-lər:

Qarabağ azadlıq Təşkilatı
Azərbaycan tələbə Gənclər Təşkilatları İttifaqı
“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi
Xan Şuşinski adına Fond
“İnnovasiyaya doğru” Gənclərə Dəstək İctimai Birliyi
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyi
Bakı Gənclər Klubu
Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi
Gənclərin Elmi İnkişafına Dəstək İctimai Birliyi
Rəqəmsal İnkişaf İctimai Birliyi
İnsan Hhüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi
Yeni Yazarlar və Sənətçilər Qurumu
“Xəzər Gələcək naminə Tərəfdaşlıq Hərəkatı” İctimai Birliyi
“Türk dünyası İnfo” İctimai Birliyi
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi
Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi
Beynəlxalq Diaspora Mərkəzi


Problemlər

2012-ci ildə Şura-QHT əməkdaşlığında müəyyən problemlər də mövcud olmuşdur:

Bəzi QHT sədrləri Şura ilə imzaladığı müqavilə ilə səthi tanış olduqları üçün öz müqavilə öhdəliklərini bilmirlər.
Bəzi QHT-lər hesabatları vaxtında təqdim etmir və yaxud çatışmazlıqların aradan qaldırılması üçün müəyyən olunan vaxta əməl etmirlər.
Bəzi QHT-lər Şuraya təqdim etdiyi telefon nömrəsinə sonrakı müddətdə cavab vermirlər və bəzi QHT-lərin elektron poçtlarının işləmir.
Bəzi QHT-lər ümumiyyətlə hesabat yaza bilmirlər və həyata keçirdikləri layihə üzrə nəticələri düzgün təqdim edə bilmirlər.
Bəzi QHT-lərin təqdim etdiyi hesabatlarla layihənin icra planı arasında uyğunsuzluqlar vardır.
Maliyyə və təsviri hesabat arasında da uyğunsuzluqlar vardır.
Layihənin icra prosesinin əks etdirən keyfiyyətsiz fotoşəkillər təqdim olunur və ya bəzi layihələrin fotoşəkilləri ümumiyyətlə olmur.
Bəzi QHT-lər tərəfindən hazırlanan nəşrlərin məzmunu və tərtibatı keyfiyyətsiz olur.
Bəzi QHT-lər həyata keçirdiyi layihə barədə KİV-lərə məlumat vermir.
Layihələr çərçivəsində həyata keçirilən tədbirlər barədə bəzi QHT-lər Şuraya vaxtında məlumat vermirlər.
Bəzi layihələr çərçivəsində keçirilən tədbirlərdə Şuranın banerindən istifadə olunmur.
Təlim və tədbirlərə dair sənədlər düzgün tərtib olunmur.
Köhnə və keyfiyyətsiz təlim materiallarından istifadə olunur.

Hesabat konfransında, həmçinin, 2013-cü il maliyyə müsabiqəsinə təqdim edilmiş layihələrin ilkin seleksiyası üzrə aşkar edilmiş nöqsanlar açıqlanmışdır:

Ərizənin QHT rəhbəri tərəfindən imzalanmaması və ona möhür vurulmaması.
Ərizədə tələb olunan məlumatların tam şəkildə doldurulmaması.
Əvvəlki illərdə təqdim olunan layihələrin cüzi düzəliş etməklə yenidən təqdim olunması.
Bəzi layihələrin eyni dəst-xəttlə yazılması və bu layihələrdə problemin mövcudluğu ilə heç bir əlaqəsi olmayan ümumi ifadələrin işlənməsi.
Bəzi QHT-lər Şuranın 2009-cu il üçün tərtib etdiyi büdcə formasından istifadə etməsi.
Sənəd çatışmazlığının (VÖEN, Şəhadətnamə, icra planı, CV-lər) olması.
Bəzi VÖEN-lərin QHT-nin deyil, onun sədrinin adına olması.
Bir qayda olaraq layihə rəhbəri və onun mühasibinin CV-lərinin təqdim olunması. Layihənin icrasında iştirak edən əsas mütəxəssislərin CV-lərinin olmaması.
Bəzi layihələrin büdcəsinin Şura tərəfindən müəyyən olunmuş məbləğdən çox olması.
Bəzi layihələrin elektron versiyasının təqdim olunmaması, təqdim olunan bəzi disklərin boş olması.
Poçtla təqdim olunan bəzi layihələrin müsabiqə şərtlərində nəzərdə tutulan vaxtda təqdim olunmaması.
Bəzi layihələrin müsabiqə müddətinin başa çatmasından sonra təqdim olunması.


Tədbirdə Şuranın 2012-ci ildə maliyyələşdirdiyi layihələr haqqında kitabın təqdimatı oldu.