QHT Şurası müzakirə təşkil etdi

qht-surasi-muzakire-teskil-etdi-
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, bu gün “Park İnn” otelində hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatlar və yerli QHT təmsilçilərinin iştirakı ilə “İctimai iştirakçılıq haqqında” və “Peşə birlikləri haqqında” qanun layihələri müzakirə edilib. Dəyirmi masanı açan Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət kəsb etdiyini və onların QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını vurğulayıb. A.Quliyev Şura tərəfindən yaradılan işçi qrupların qanun layihələri üzərindəki fəaliyyətini yüksək qiymətləndirib və layihələrin daha da təkmilləşdirilməsi üçün ictimai müzakirələrin davam etdiriləcəyini deyib.

“Peşə birlikləri haqqında “ və “İctimai iştirakçılıq haqqında “ qanun layihələrini müvafiq işçi qrupların rəhbərləri Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev təqdim ediblər.

Müzakirələrdə çıxış edən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin qanunvericilik və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, millət vəkilləri Fazil Mustafa, Musa Quliyev, Çingiz Qənizadə, Əli Məsimli, eləcə də dövlət qurumları, beynəlxalq və yerli QHT təmsilçiləri qanun layihələrinə aid təklif və tövsiyələrini bildiriblər.

İctimai müzakirələrin səmərəli və onlayn davam etdirilməsi üçün qanun layihələri Şuranın saytlarında xüsusi bölümlərə yerləşdiriləcək.