QHT Şurası yenidən formalaşacaq

qht-surasi-yeniden-formalasacaq
Oxunma sayı: 649

Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə yeni namizədlərin irəli sürülməsini təmin etmək üçün 2012-ci ilin fevral ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcək:

- insan hüquqları və demokratiya;
- ailə, qadın və uşaq məsələləri ;
- qaçqın, köçkün, əlil və veteranların məsələləri;
- iqtisadi və sosial məsələlər;
- təhsil, elm və mədəniyyət;
- gənclər və vətənpərvərlik tərbiyəsi;
- səhiyyə, sağlamlıq və ekologiya;
- narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları 2012-ci il fevralın 14-dək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə ərizə ilə müraciət edə bilərlər.

Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə qeydiyyata alınır və yığıncaqda bir nümayəndə ilə təmsil olunur. Ərizədə QHT iştirak edəcəyi qrupu göstərməli və öz nümayəndəsi haqqında məlumat verməlidir.

QHT Şura üzvlüyünə namizəd irəli sürə bilər. İrəli sürülən namizəd “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.3. və 3.4-cü bəndlərinin tələblərinə uyğun olmalıdır. Namizədi irəli sürmüş qeyri-hökumət təşkilatı müvafiq ərizəni və anket məlumatlarını Katibliyə təqdim etməlidir.

Ərizə və anket formalarını Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarından əldə etmək olar.