QHT təmsilçiləri Avropada səfərdə olublar

qht-temsilcileri-avropada-seferde-olublar
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş sözü ilə açan “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Azər Mehtiyev jurnalistlərə Fransa və Belçikada keçirilmiş görüşlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarəetmənin mövcud durumunu və problemlərini müzakirə etmək, habelə Azərbaycanda yerli özünüidarəetmənin təşkili və fəaliyyəti sahəsində mövcud vəziyyətinin Avropa Xartiyasının prinsip və tələblərinə uyğunluğunun qiymətləndirilməsi üzrə Alyansın hazırladığı hesabatı təqdim etmək üçün BİNA-nın nümayəndə heyəti 2012-ci il mart ayının 18-dən 24-dək Strasburqda və Brüsseldə işgüzar səfərdə olublar.

Nümayəndə heyətinin tərkibi Alyansın koordinatoru Azər Mehtiyev, ekspertlər Samir Əliyev və Orxan Əliyevdən ibarət olub. Səfər həm də Alyansın beynəlxalq əlaqələrini genişləndirmək və Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi istiqamətində beynəlxalq qurumlarla əməkdaşlığı gücləndirmək məqsədi güdüb.

BİNA-nın eksperti Samir Əliyev bildirib ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq qrupu növbəti monitorinqin aparılması üçün aprelin 2-5 tarixlərində Azərbaycana rəsmi səfər edəcəklər. Monitorinqin məqsədi Avropa Xartiyasından və Konqresin Azərbaycan hökumətinə ünvanladığı tövsiyələrdən irəli gələn öhdəlikləri ölkənin nə dərəcədə yerinə yetirdiyini, habelə ötən Monitorinqindən sonra yerli özünüidarənin inkişafı sahəsində ölkədə baş verən dəyişiklikləri ortaya çıxarmaqdır.
Ekspertə görə, monitorinq çərçivəsində müxtəlif hökumət qurumları və parlamentlə yanaşı həm də ölkədə yerli özünüidarə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının ekspertləri ilə görüşlər keçiriləcək və onların rəyləri monitorinq hesabatında əksini tapacaq.

Nigar Məmmədli