“Qırmızı Körpü”də mobil səyyar hospital xidmətə başlayıb

qirmizi-korpude-mobil-seyyar-hospital-xidmete-baslayib
Oxunma sayı: 728

Son vaxtlar Gürcüstanda qənaətbəxş olmayan epidemik vəziyyətin yaranması ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq sanitar-profilaktik tədbirləri həyata keçirilir. 

"Qafqazinfo" xəbər verir ki, Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi üçün Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Komitənin Tibbi Xidmət İdarəsinə də müvafiq tapşırıqlar verilib. Həmin sərəncama əsasən Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti Gürcüstanla dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinə ezam olunub.

İlk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsi məsələsinə metodik dəstək verilir. Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük əməkdaşlarının qrip epidemiyasından qorunması üçün şəxsi gigiyena qaydaları və bu qaydalardan düzgün istifadə haqqında təlimlər keçirilir, gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.

Məlumat üçün bildirək ki, artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə “Qırmızı Körpü” gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.