Qızıma gülümsəsinlər deyə rüşvət verdim

qizima-gulumsesinler-deye-rusvet-verdim
Oxunma sayı: 4881

Nərmin Dadaşova

Dünən 2251 km uzaqlıqdan qızlarıma zəng edib onları çox sevdiyimi söylədim qulaqlarına. Heç bir məsafənin, heç bir uzaqlığın aramızda maneə ola bilməyəcəyini hiss etdirə bilmək üçün dəridən-qabıqdan çıxdım. Həyatımda olduqları üçün, içimdəki böyüyə bilməyən uşaqla dost olduqları üçün, məni belə təmənnasız və sonsuz sevdikləri üçün təşəkkür etdim. O balaca əllərindən tutub apardıqları yerə qədər gedəcəyimə söz verdim. İndi Günəşin boynunu qoxlamaq, Dənizin gözlərindən öpmək üçün nələri qurban verərdim, bir bilsən, oxucu dost... Qucaq da belə şiddətlə ağrıyarmış, qollar da belə amansızlıqla üşüyərmiş, əllər, əllər bu qədər boş qala  bilərmiş... Tanrım mən necə möhtəşəm sevə bilirəmmiş, necə çox sevə bilirəmmiş, necə  darıxa, darıxmaqdan ölə bilirəmmiş...

Bu yazını ona görə dünən yazmadım ki, ətrafımızda nəinki hüquqlarını, heç canlarını da qoruya bilmədiyimiz onlarla uşaq, çabalaya-çabalaya əldən düşmüş yüzlərlə valideyn var. Mən uşaqlarımın günü xoş keçsin deyə ayaqlarını bağçaya qoyduqları ilk gündən bütün prinsiplərimin üstündən xətt çəkdim. Dövlətə məxsus olan bağçaya vara-yoxa baxmadan istədikləri qədər pul ödədim- rüşvət verdim yəni. Qızımın üzünə gülümsəsinlər deyə çaldıqları bütün mahnılara- istədikləri tempdə oynadım. Və mən bu rəzalətə bütün ömrüm boyu davam edəcəyəm- məktəbdə, universitetdə... Çünki mən gücsüzəm, onları başqa cür qoruya bilmirəm... Bilirəm sən də, sən də beləsən...

İlk dəfə ana kimi məyusluğumu yeni doğulmuş böyük qızıma üstündə rəngli maşınlar olan paltar geyindirib uşaq poliklinikasına apardığım gün yaşamışdım. Həkimimiz gözlərini üzümə bərəldib “Qız uşağına niyə oğlan paltarı geyindirmisən?” deyəndə içim burxulmuşdu. Bütün gününü balaca-balaca mələklərlə keçirən bu qadının iradındakı “qız uşağı” ifadəsindən ciddi şəkildə narahat olmuşdum. Hə, bu bizim reallığımız idi, qız uşağının paltarında qazan qapağı, pol əskisi şəkli olar, maşın nədir? Sonra ikinci qızımı palataya yanıma gətirən başqa bir tibb bacısı, “Allah qardaş payın yetirsin” deyib təsəlli verəndə üzüldüyü yerdən qopmuşdu gözəlim ürəyim. Onda söz vermişdim özümə, söz vermişdim ki, mən bu seksist ölkədə, bu oğlan düşkünü insanların arasında, bu cinsiyyət ayrımcılarının içində xoşbəxt-xoşbəxt qızlar böyüdəcəyəm demişdim. Onları olduqları kimi sevəcəyimə söz vermişim, bütün inandıqlarıma and içmişdim.

Hamiləliklərin 49 faizi abortla dayandırılan, qız doğulduğu üçün adı Bəsti, Yetər qoyulan məmləkətdə, uşaqların bombalara qurban getdiyi, güllələndiyi, aclıqdan öldüyü dünyada Uşaq günü qeyd etməyə haqqımız varmı deyə düşünürəm. Bəs sən necə düşünürsən, oxucu dost, varmı?

Əlimizdən dünyanın o başındakı ac körpəni doydurmaq gəlmir, nə yazıq ki. Gəlin elə ətrafımızdakılardan başlayaq o zaman. Mən bütün uşaqların anası olmağa hazıram. Sən də ol! Mən bütün uşaqları bağrıma basmağa hazıram, sən də qollarını açıq tut! “Sonra” oynama onlarla, indi oyna, “sonra” getməyin gəzməyə, indi gedin... Sonraların ümidinə qoymayın uşaqlarınızı. Sevin. Sevginin olduğu hər yer gülüstandır, bir də buna inanın...

“...qoy oynasın uşaqlar”...

Sizi sevirəm...