Qızını son anda pedofildən xilas edə bilib...

qizini-son-anda-pedofilden-xilas-ede-bilib
Oxunma sayı: 1435

Nərmin Dadaşova

Qışda dəm qazından boğulub hamamda ölürük,  üzü yaya dönən kimi dəniz aparır bizi. Yazla payızda da şair oluruq, depresiyaya düşüb intihar edirik. Bircə gilə də yaşamalı fəsil qoymamışıq özümüzə, oxucu dost. Nə qəza-qədərdir bu? 

Ölkə gündəmini izləyirəm. “Qafqazinfo”nu ələk-vələk eləmişəm səhərdən bəri. Dizə qədər ölüm xəbəri, qırğın-qiyamət. Bir də  qəribə bir vərdişim var. Tutaq ki, xəbəri açıb oxumamışdan əvvəl başlığına baxan kimi öz-özümə təxmin edirəm, hadisənin  harada baş verdiyini. Sizə deyim ki, çox vaxt da düz çıxır proqnozlarım. Məsələn bayaq oxudum ki, yarı ilan, yarı kərtənkələyə bənzəyən qeyri adi, zəhərli  canlı peyda olub, kənd sakinlərini qorxuya salıb. Həmən ürəyimə damdı ki, o məxluq  ancaq Kürdəmir torpağının yetirməsi ola bilər. Yanılmamışam. İş otağındaca idarə rəisini döyən həmyerlilərimizin də gen dünyada Tanrının məni urcah elədiyi Cəlilabad torpağının yetişdirmələri olduğunu gözüyumulu bilmişdim. Qan-qadası əskik olmayan Gəncə torpağı, böyük-böyük işlərin altından çıxan Lənkəran əhli  - ayrıseçkilik eləmirəm, hamısının kədəri kədərimiz, sevinci sevincimizdir. 

  Amma bəzən  elə hadisələr olur ki, onun nə yeri-yurdu, nə də günahkarın yaşı-başı bizi maraqlandırır. Birmənalı şəkildə qınayır, sərt reaksiyalar veririk. Əksər hallarda əlini ayağını bir yerə yığa bilmədiyimiz mətbuatımızı belə bir araya toplanmış, eyni  fikirə gəlmiş  görə bilirik. Yəni, millət olaraq zəif nöqtələrimiz var, onlara toxunan oldumu, mütləq qalib tərəf  biz oluruq. Təqdirəlaiqdir! Məsələn, neçə gündür gündəmdən düşməyən uşaqlara təcavüz etmiş birhüceyrəli məxluqun yaxalanaraq polisə təhfil verilməsi. Hələ zərərçəkən azyaşlının qonum-qonşuları bir-iki qapaz da ilişdirmişdilər cinayətkara. Elə həmin günün axşamı feysbukun qadın quruplarının birində ana səkkiz yaşlı qızını istirahət mərkəzlərindən birində pedofilin qurbanı olmaqdan son anda necə qurtardığı barədə danışmaq üçün bütün qrup üzvlərini başına yığıb onları uyarmışdı. Başqa vaxt olsa idi, düşünərdik ayıbdı, heç kimə deməyim. Amma bu ana yaşadığı dəhşəti başqası yaşamasın deyə minlərlə useri olan qrupda canlı yayın edib, dönə-dönə “uşaqlarınızdan  müğayat olun”  xəbərdarlığını edirdi.  Düzünü deyim, oxucu dost,  son bir həftədə eşitdiyim iki uşaq zorakılığı  xəbəri ürəyimdə yeni bir narahatlıq toxumu cücərdib. Hər şey belə başladı, əvvəl tək-tük gözümüzə dəyib sonra intensivləşən intihar xəbərləri, qadın zorakılıqları, anasını öldürən oğul, oğlunu boğan ata xəbərləri. Sonradan gündəmimizin ayrılmaz hissəsinə çevrildilər, gözümüz də, beynimiz də öyrəşdi bu ağırlıqlı xəbərlərə. 

 Ancaq  sizin belə iyrənc hadisələrə  göstərdiyiniz aşırı həssasiyyət, bir-birinizə verdiyiniz dəstəkdən də güc almamış deyiləm. Həmişə, hər işdə belə birlik olmaq arzusu ilə sağollaşıram sizinlə. Çünki siz, yəni biz bir  olanda mütləq qalib olan tərəf oluruq. 

  Sağlıqla qalın.