Qızınmadıq istisinə, yaxud bayağı zənginlik...

Qızınmadıq istisinə, yaxud bayağı zənginlik...
Oxunma sayı: 3202

Nadir Qocabəyli

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada həyatını itirənlərə ithaf edirəm...

Meydan hərəkatının ən məşhur şüarlarından idi neft mövzusu. Əgər ruslar onu bizim əlimizdən almasaymış, öz əlimiz-öz başımız olsaymış, yəni adı dillər əzbəri, şəninə nəğmələr qoşulmuş, alman “messerşmit”lərinin anasını ağladan sovet “kukruznik”lərinin tükənməz enerji mənbəyi “qara qızılımızı” özümüz çıxarıb satmış olsaydıq, toprağımızın üstünü neçə santimetrsə qızılla örtə bilərmişik.

90-cı illərin ikinci yarısında Türkiyədə olarkən ixtisası iqtisadçı olan bir türkiyəli arkadaşım Ahmed tez-tez ağzı sulana-sulana deyərdi: “Petrolü bir çıkarın, ondan sonra hepiniz bayaa zengin olacaqsınız...” Türklərin “bayaa” dedikləri və azəricədə “çox”, “xeyli” mənasını verən söz əslində onların orfoqrafiya lüğətlərində “bayağı” şəklində yazılır. Sadəcə, İstanbul ləhcəsində danışan bütün mədəni Türkiyə “ğ” səsini çox, hətta hiss edilməyəcək dərəcədə yumşaq tələffüz etdiyindən, “bayağı” sözü, “bayaa” kimi səslənir. Məlumat üçün bildirim ki, onlarin “abi” kimi tələffüz etdikləri, bizimsə həm də elə o cür yazdığımız sözün də yazılışı “ağabey” şəklindədir. Təsəvvür edin ki, “ağabəy” yazıb, “abi” (“a” səsi uzun) deyirlər. Bir azərbaycan türkü üçün ağlasığmaz bir şeydir. Ancaq nə qədər təəccüblü, nə qədər ağlasığmaz olsa da, belədir. Və nə qədər can bir qardaş, bir millət, iki dövlət olsaq da, aramızda beləcə dürlü fərqlər var.

Nə isə, mətləbdən uzaqlaşmayaq. Sözümün canı odur ki, biz petrolun sayəsində Ahmedin və cəmi türk qardaşlarımızın dediyi kimi, “bayaa” yox, yazdıqları kimi “bayağı” zəngin olduq.

Bu bayağı zənginlik elə adından göründüyü kimi bayağı adamları ortaya çıxarıb zənginləşdirdi. O zənginlikdən nə elmimizin, nə təhsilimizin, nə səhiyyəmizin, nə mədəniyyətimizin, nə ziyalılarımızın, nə əli qabarlı fəhlə və kəndlimizin, nə miskin kökə salınmış müəllimlərimizin, nə dərman möhtəkirinə çevrilən həkimlərimizin payına qara qəpik də düşmədi. O zənginlikdən ədəbiyyatımız, kitabımız, jurnal-qəzetimiz, kino və teatrlarımız da heç nə qazanmadı. O zənginliyin parıltısı altında neçə-neçə ziyalının, yazıçının, alimin, aktyorun, neftçinin gözləri həyatdan doymadan söndü. O zənginlik neçə-neçə istedadlı, qabiliyyətli balanın ali təhsil almaq arzusunu intihar ümidsizliyinə çevirdi. Neçə-neçə ata, neçə-neçə ana övladının gözlərinə baxıb, mərhəmət uma-uma dünyadan vaxtsız köçdü. Neçə-neçə körpə bu dünyanın nə mal olduğunu anlamadan gəldiyi yerə qayıtdı o zənginliyin parıltısında...

Əvəzində isə kasıb-kusubun olan-olmazını da aldadıb əlindən alan, bayağı adlı bayağı şadlıq şadlıq evləri, işğal olunmuş torpaqlarımızın adını daşıyan və varlı balalarının kef çəkdiyi restoranlar, kvadrat metrinin qiyməti ölkədəki orta aylıq əmək haqqından yüksək və bu elə bu səbəbdən də mənzillərinin çoxu

boş qalan göydələnlər, şah saraylarına bənzəyən və namuslu adamlara göz dağı verən dəbdəbəli məmur villaları, Çin səddinə bənzəyən hasarlar ucaldı. Dar küçələrimiz hallogen fənərləri gözümüzü çıxardan, qara şüşələri arxasından namuslu insanlara sözün əsil mənasında yuxarıdan aşağı, ikrahla baxılan, onu hər ən basıb keçməyə hazır və hərdən elə basıb keçən tank boyda maşınlarla doldu. Məktəblərdə parta arxasında oturası, dərs oxuyası qızlar, oğlanlar professorların on illik maaşlarına belə ala bilməyəcəyi bayağı avtomobillərin sükanları arxasına keçdilər. Efirlərdə alimlərin, ziyalıların, şairlərin yerini bayaği müğənnlilər, düşük artistlər, falçılar, mollalar, taxtabaşlar, saxtaqaşlar tutdular. Sovet hökumətinin kandardan belə buraxmadığı meyxanaçılar, quşxanaçılar, toyxanaçılar, yasxanaçılar, kirayə çadırı kirayə evdən baha satanlar yuxarı başa keçdilər. Fikirləri üfunət qoxuyan kitab oxuyanın boş soyuducusuna soxuldu, oğurluq pullara beşmərtəbəli imarət ucaldan iyirmi beş qat hacı “kişinin evi olar” bəyanatıyla evsiz-eşiksiz namuslu vətəndaşa göz dağı, yanıq verdi.

Bu bayağı zənginlik həqiqi ölüm gətirən saxta penoplaslara çevrilib camaatı günün günorta çağı evinin içində diri-diri yandırdı...

Canı boğazına yığılmış, ürəyi ağzına gətirilmiş sadə insanlar çıxış yolunu onları ağ günə çıxarmayan “qara qızılın” bir litrini dövlət idarələrinin, həmkarlar təşkilatlarının, bankların qarşısında başlarına töküb kibrit çəkməkdə gördülər...

Bu da sonu. Otuz nəfər bu bayağı zənginliyi bizə qazandırmaq uğunda mübarizədə dənizin ortasında diri-diri yandı, ya da suda

boğulmağı yanmaqdan üstün tutmaq zorunda qaldı. Təsadüfmü, qəzavü-qədərmi, məsuliyyətsizlikmi, səriştəsizlikmi, qeyri-peşəkarlıqmı, acı gerçəklikmi, tanrının cəzasımı, ilahi xəbərdarlıqmı, bilmirəm...

Amma bu sondurmu?


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi