“Qızlar deyirdi ki, bu oğlan özündən çox razıdır” - Müsahibə

qizlar-deyirdi-ki-bu-oglan-ozunden-cox-razidir
Oxunma sayı: 3311

Şair Çingiz Əlioğlunun həyat yoldaşı Südabə xanımın “Qafqazinfo”ya müsahibəsi: 

– Çingiz Əlioğlunun ədəbi mühitdə bəlli bir şair obrazı var. Bəs sizin üçün Çingiz Əlioğlu kimdir? 

– O ilk növbədə ailəmizin böyüyü, məsləhətçimizdir. Təbii ki, ədəbi mühitdəki yerini də bilirik. Ailə qurandan sonra belə qənaətə gəldim ki, rəfiqəm olmasa da olar. Çünki Çingiz müəllim mənim ən yaxşı dostumdur. Nə zaman bir problemim olsa onunla bölüşürəm, kənar adamlarla dərdləşməkdən xoşum gəlmir. Bəzən görürəm ki, yazarların xanımları nədənsə gileylənir, şikayət edirlər, mənsə susuram. Ola bilər, nə vaxtsa içimdə inciklik olub, amma heç vaxt belə məsələləri qabartmamışam. İstəmişəm ki, hər kəs Çingiz Əlioğlu haqqında yüksək fikirdə olsun.

– Lev Tolstoy həyat yoldaşı ilə birgə uzun ömür sürəndən sonra bu qənaətdə möhkəmlənmişdi: “Mən onu yaxşı tanımıram”. Necə düşünürsünüz, sizcə, Çingiz Əlioğlunu bəs qədər tanıyırsınızmı, yoxsa onunla yaşanan hər gün hələ də sizinçün kəşflərdən ibarətdir?

– Əslində, mən onu həm tanıyıram, həm yox. 40 ilə yaxındır ailəliyik, bəzən Çingiz müəllimin bir baxışı kifayət edir ki, nə istədiyini anlayım. Amma tanımadığım anlar da olur. Bunlar hər gün özüm üçün etdiyim kəşflərdir. Məsələn, ciddi bir məsələdə elə qərar qəbul edər ki, bu heç vaxt mənim ağlıma gəlməz. Sonradan məlum olar ki, düzgün edib. Bu baxımdan məni çox təəccübləndirir. O çox ciddi, qətiyyətli insandır. Bəzən situasiyadan asılı olaraq, yumşaq davrandığı məqamlar da olur. Həmişə bizdən tələb edir ki, ailədə yaxşı şeylərdən danışaq, hər kəsə bacardığımız qədər təkcə maddi mənada yox, həm də mənəvi cəhətdən kömək olaq. Vaxtilə istedadlı Krosnadarlı  Viktor Lixanosuvun  Tolstoyun həyatının son dövrlərilə bağlı “Vozvraşeniya na kruqi na svoya” adlı bir povestində – bu ad “İncil”dən götürülüb –  Sofiya Andreyevna haqqında, Lev Tolstoyun evdən qaçışı, Astapov stansiyasında  xəstələnməsi ilə bağlı xeyli maraqlı faktlar oxumuşdum. 

Yazıçının həyat yoldaşı ilə münasibəti bildiyim qədər elə də yaxşı olmayıb, amma bizdə elə deyil. Şükürlər olsun ki, ciddi və tələbkar olduğu qədər də, qayğıkeş və diqqətcildir.

– Cavanlığından bəri sevilən, diqqət mərkəzində olan bir şairi xanım oxuculara, pərəstişkarlara qısqanırdınızmı?

– Desəm ki, qısqanmamışam, yalan olar. Çünki sevgi olan yerdə qısqanclıq da olur. Amma bunu ifrat dərəcəyə çatdırmaq da düzgün deyil. Bilirdim ki, daim göz önündə olan adamdır. O həmişə səliqə-sahmanı, son dəbdə geyimi, həm də nə gizlədim, indi daha bunu demək olar, boy-buxunu, özünə görə yaraşığıyla diqqət cəlb edən biriydi.

O vaxt universitetlərdə görüşlər olurdu, hər yerdə afişalar asılırdı. Çingiz müəllim görüşlərdən qayıdanda daha çox xanımların verdiyi qeyd kağızlarını gətirirdi və biz onları birgə oxuyurduq. Təbii ki, o qeyd kağızlarında sevgi etirafları da olurdu. Amma bu məni narahat etmirdi. Başa düşürdüm ki, etiraflar nə qədər olsa da, o məni seçib, yanındakı mənəm. 

Azərbaycan Televiziyasında “Gənclik” tele-jurnalı” verilişini aparanda da çoxlu məktublar gəlirdi. Şəxsən özünə ünvananları evə gətirirdi, birgə oxuyurduq. Bəzən olurdu ki, məktub Çingiz müəllimin şeirlərindən götürülmüş misralardan ibarət olurdu. Cavablandırmağı lazım bildiyimiz məktubları ayırırdıq. Sonra kitablarından da götürüb poçta gedirdim və bir-bir həmin ünvanlara göndərirdim. O insanlar xəbərsiz idilər ki, bu kitab və jurnalları Çingiz müəllimin həyat yoldaşı göndərir. Bəzən maraqlı məktublar da gəlirdi. Məsələn, bir qız yazmışdı ki, atamla anam məni məcburi istəmədiyim adam ərə veriblər. Ərim də hər gün işə gedəndə qapını üzümə bağlayıb gedir. Evimin pəncərəsi rayon mərkəzinə gedən yola açılır, mən də hər gün bu yollara baxıb Çingizi mənə nə vaxt gətirəcəyini gözləyirəm.

– Onunla bir ömür yaşamısınız, yaşayırsız. Əlbəttə, acılı-şirinli günləriniz olub. Acılı günlər bir də olmasın, xoş anlardan danışaq. Maraqlı xatirələrinizdən hansı birini bizimlə bölüşə bilərsiz?

– 1978-ci ildə ailə qurandan sonra Krıma, Koktebelə getdik. Payızdı, həmin vaxt da, ora yəhudi əsilli yazıçılar daha çox gəlirdi. Azərbaycandan kiminsə ora getməsi onlara möcüzə kimi gəlirdi. Orada bizə həddindən artıq çox diqqət göstərdilər. Yaradıcılıq evinin ən gözəl, rahat villalarını göstərib bizə dedilər ki, hansı yeri istəsəniz seçməkdə sərbəstsiniz. Yazıçılar yeməkxanasında ən gözəl mizin arxasında, məşhur kinorejissor Aleksandr Zarxi və xanımı əyləşmişdi. 

Əvvəl bizə təəccüblü gəldi ki, niyə belə diqqət göstərirlər. Sonra Rusiya Yazıçılar İttifaqından Əli Əliyev adında biri gəlmişdi. O da Çingizin dostu idi. Çingizə dedi ki, xəbərin var nə olub? Bizim adlarımızı qarışdırıblar. Sən demə, Əli Əliyev Yaradıcılıq Evini yoxlamaq üçün gələcəkmiş, soyadlarımız oxşar olduğundan bizi qarışıq salıblar. Demək olar ki, Qoqolun “Müfəttiş” əsərindəki hadisələri yaşadıq orada.

Səfərlərimizin birində də maraqlı hadisə olmuşdu. Mən heç vaxt dənizə girmirdim, sahildə paltarla oturub Çingiz seyr edirdim ki, çox uzağa getməsin. Bir də gördüm ki, onu sanki bir tərəfə atdılar, yanından böyük balıq havaya tullandı. Özümdən asılı olmadan “Akula, akula” deyə qışqırmağa başladım. Sən demə, bu akula yox, delfin imiş. Çox qorxmuşdum... 

– Xarici səfərlərə tez-tez gedən, maddi sıxıntıl çəkəndə gecədən sübhəcən tərcümə edən Ç.Əlioğlu sizə nə qədər diqqət ayırırdı və onun yeri gələndə diqqətsizliyini, vaxtsızlığını nəzərə alırdınızmı? 

– Mən başa düşürdüm ki, o, ailə üçün çalışır. İstəyirdi ki, uşaqların hər şeyi olsun. Çətinlik çəkməsinlər. Elə vaxtlar olurdu ki, səhərə qədər lampa işığında işləyirdi, tərcümələr edirdi. Mən bunları başa düşürdüm. Düzdür, cavanlıqda istəyirdim ki, mənə qarşı çox diqqətli olsun. 

Bir dəfə də Finlandiyada da bu sualı mənə vermişdilər. Fin dostlarımız şairə Aulikki Oksanen, yazıçı Mariya Lena Mikkolla, bəstəkar və musiqiçi Söylə Rexbergerlə söhbət zamanı  Çingiz müəllim öz tərcümələrindən danışırdı. Həmin vaxt da Anna Axmatova ilə Marina Svetayevanın şeirlərini tərcümə edirdi. Mənə sual verdilər ki, bəs necə olur bu diqqətsizlik sizi narahat etmir? Onu Marina Svetayevaya da, Anna Axmatovaya da qətiyyən qısqanmıram, dedim (gülür). Bu cavab sualı ünvanlayanın da, ətrafdakıların da çox xoşuna gəlmişdi.

Bir hadisə də danışım. Deməli, bir dəfə Çingiz müəllim bacım və böyük oğlumla məni istirahətə göndərmişdi, orada təsadüfən şair Zahid Xəlilin ailəsi ilə rastlaşdıq. Başladıq bir yerdə gəzintilərə getməyə. Onu da deyim ki, Zahid Xəlilin yoldaşı Elsevər xanım Çingiz müəllimin yaxın qohumudur. Bir gün Zahid müəllim mənə dedi ki, Südabə, Çingiz yaman xəsisdir. Mən razılaşmadım ki, yox Zahid müəllim, xəsis olsa bizi Moskvaya istirahətə göndərməzdi. Zahid müəllim xanımına baxıb dedi ki, görürsən, Çingizi necə müdafiə edir, ömründə sən mənim haqqımda belə söz deməzsən (gülür).

– Smirnov Puşkinlə bağlı qeydlərində yazırdı: “Mən hərdən yuxumda o qədər gözəl şeirlər görürəm ki… Ancaq onları yuxuda necə yazasan? Bir dəfə zavallı Nataşanı oyatdım və yuxuda gördüyüm şeiri deməyə başladım. Ancaq sonra vicdan əzabı çəkdim: o yatmaq istəyirdi. “Bəs Siz nəyə görə bu şeirləri yazmadınız?” deyə soruşdum. O, qəmli-qəmli cavab verdi: “Arvadım dedi ki, gecə insanların yatması üçün yaradılıb. Mən də özümü bu eqoizmə görə qınadım. Şeirlər isə artıq yaddan çıxmışdı…” Yəqin sualımın yönü sizə bəlli oldu, Çingiz Əlioğlu xanımına şeir oxumağa can atan şairdirmi? Siz də onu dinləməyə nə dərəcə maraqlısınız?

– Biz evlənən vaxtdan demək olar ki, bütün hazır hesab elədiyi yazılarını mənə oxuyub. Şeirlərini onun qiraətində dinləməyi çox sevirəm. Bəzi şeirlərini aktyorlar səsləndirəndə də deyirəm ki, yox, sənin oxumağın daha yaxşıdır. Bəzən olurdu ki, görürdüm narahatdır, yata bilmir. Soruşurdum ki, nə baş verib? Deyirdi ki, beynimdəki misralar yatmağa qoymur, amma yazmaq istəmirəm, çünki oturub işləyəndə işıq gözünə düşür, yatmağına mane oluram, həm də sabah işə getməliyəm. Onda özüm təkid edirdim, qalxıb həmin şeiri yazsın və ya nəsə qeyd aparsın ki, yadından çıxmasın. Yəni, onun şeir yazmasına da, mütaliəsində də həmişə maraqlı olmuşam. Yazmadıqlarına da həmişə heyfim gəlib.

– İki oğul övladınız var. Hər ikisi öz sahəsində tanınmış insanlardı. Çingiz Əlioğlunun hansı xüsusiyyətlərini onlarda müşahidə edirsiniz?

– Təbii ki, ilk növbədə istedadı. Övladlarımızı hələ lap uşaq yaşlarından Azərbaycanı qarış-qarış gəzdirib. Hətta, özü bir yerə tək, ya yoldaşlarıyla gedəndə belə, orada nəsə maraqlı bir yer görsə, gəlib səhəri gün bizi də ora aparırdı. Buna görə onlarda güclü vətən sevgisi formalaşıb. Böyük oğlumuz Tahir Finlandiyada yaşayır, “Helmi” şirkətinin rəhbəridir. Sənədli, bədii telefilmlər çəkir. Və yurdundan  söz düşəndə deyir ki, mən bir vətəndaş kimi burada Azərbaycana daha çox xidmət edirəm.

Bu da məni çox sevindirir. Həmçinin, məsuliyyətli olmaqları, işlərini həddindən artıq sevmələri hamısı onlara Çingiz müəllimdən keçən xüsusiyyətlərdir. Öz ailələrinə qarşı da çox diqqətcildirlər.

– İlk tanışlığınız və ailə qurmağınız haqqında danışmağınızı istərdim.

– “Gənclik” nəşriyyatında işləyirdim. Çingiz müəllim həmin nəşriyyata işləməyə sonra gəldi. Bir xasiyyəti də var idi ki, heç kimə baxmazdı və çox danışmazdı. Qızlar da deyirdilər ki, bu oğlan özündən çox razıdır, heç kimi saymır. Amma görünür o kənardan mənə göz qoyurmuş. Dostu Aslan Quliyev də həmin nəşriyyatda işləyirdi. Yəqin ki, mənə qarşı simpatiyası olduğunu onunla bölüşmüşdü. 6 qızdan ən tez ailə quran Xanım İsmayılqızı idi, Çingiz müəllim onun həyat yoldaşı Əlisafa müəllimlə dost idi. Bir dəfə biz Xanım İsmayılqızıgilə getmək barədə söhbət edirdik. Bu zaman Aslan dedi ki, olar Çingizlə mən də gəlim? Xanım bir gün sonra bizi evlərinə dəvət etdi. Baxmayaraq ki, uzun müddətdi bir yerdə işləyirdik, şairlə ilk dəfə o qonaqlıqda salamlaşdıq. Bundan sonra münasibətimiz yarandı. Təbii ki, sonrakı məsələləri də böyüklər həll etdilər...

-   Ata Çingiz Əlioğlu ilə baba Çingiz Əlioğlunun fərqi nədədir, bu yaşda şairin dəyişən həyat prinsipləri varmı?

- Ata Çingiz Əlioğlu çox ciddi və uşaqlara qarşı tələbkar olub. Belə də olmalı idi. Şəhərdə iki oğlan uşağı böyütmək asan deyil. Böyük oğlumuz Tahir Bakı Dövlət Universitetinin bakalavr və magistr pillələrini qırmızı diplomla bitirib, aspirantura təhsili alıb. Magistraturanı bitirəndə diplom işi BDU-nun Elmi Şurasının qərarı ilə ayrıca kitab şəklində çap edilib.  Avropa Şurasının xətti və təqaüdü ilə Helsinki Universitetində təkrar magistratura bitirib, teleprodüser diplomu alıb. İkinci oğlumuz Orman – Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib, daha sonra magistr təhsili alıb, aspirant olub. Həmçinin, Elmlər Akademiyasında fəlsəfə üzrə doktorluq müdafiə edib. O, universitetə daxil olanda rektor şairin dayısıoğlu Timuçin Əfəndiyev idi. Ormana dedik ki, universitetdə heç kim bilməməlidir ki, sən rektorun qohumusan. Özünü də elə aparmalısan ki, nə atanın, nə də Timuçin müəllimin adına söz gəlməsin. Bu bir nümunədir. Belə çoxlu misallar çəkə bilərəm ki, biz uşaqlara tapşırmışıq çalışıb öz adlarıyla tanınsınlar. Şairin oğluna öyrətdiyi ilk söz “özün” olub. Uşaq vaxtı əlini nəyəsə uzadıb ona verməyimizi istəyəndə Çingiz müəllim “Orman, özün” deyirdi. Bu “özün” kəlməsi sonradan onun üçün həyat devizinə çevrildi. Bəzən insanları bir sözlə də proqramlaşdırmaq olur. Uşaqlar harasa gedəndə biz onlara xərclik üçün pul verirdik, gələndən sonra soruşurduq ki, bunu hara xərclədiniz? İndi onlar özləri də bundan razılıq edirlər, deyirdilər, yaxşı ki, bizi elə böyütmüsünüz, hər şeyin haqq-hesabının soruşulacağını uşaqlıqdan anlamışıq. Amma baba Çingiz Əlioğluya baxanda təəccüblənirəm – çox kövrək olub. Nəvələrinə qarşı tamam ayrı münasibətdədir. Allah saxlasın, üç qız, üç oğlan nəvəmiz var, hamısından ötrü ürəyi gedir.

-Şairin yazı-pozu işlərində, arxivinin qorunmasında rolunuz varmı? Bu işlərdə Çingiz müəllimin kaprizləri nədən ibarətdir?

 – Əvvəllər internet və disklər yox idi. Qəzetlər, jurnallar çap olunurdu. Mən də hamısını seçib yığırdım, indiyə qədər də qalır. Hətta tədbirlərlə bağlı afişaları da saxlamışam. Elə olurdu ki, il ərzində Rusiya mətbuatında 7-8 dəfə çap olunurdu. Məşhur jurnallar 5-6 səhifədə şeirlərini dərc edirdilər. Hamısını saxlamışam. O vaxt bu yazıların qonorarları da gəlirdi. Bir dəfə təzə evləndiyimiz vaxtlarda şairlə evə bazarlıq etmək istəyirdik, amma pulumuz yox idi. Onda anamla oğlum bağ evində qalırdılar. Evə gələndə baxdıq ki, poçt qutusunda pul kağızı var. Rusiyada çap olunmuş şeirlərin qonorarı idi... Kiçik oğlumuz Orman da, anadan olan gün Çingiz müəllimə qonşu respublikada çap olunmuş kitabına görə xeyli qonorar gəlmişdi.

– Yaşa dolduqca insan ömrün mənasını, ömrə məna qazandıran insanları dərk edir. İndiki düşüncənizlə Çingiz müəllim sizin ömrünüzə hansı mənanı qazandırıb, onunla bir ömür yaşamaq sizə hansı daxili zənginlikləri bəxş edib? 

- Birinci kitabının adı “Nikbinlik”dir. O mənə nikbinliyi, həyatı sevməyi öyrədib. Son illərdə səhhəti ilə bağlı problemlər yaranandı, çətin günlərimiz oldu, mən onda da gördüm ki, Çingiz müəllim necə güclü insandır. Əməliyyatdan sonra həkimlər də  belə deyirdi. Onda qorxu hissi yoxdur, olsa da bunu səs-küyə çevirməz. Hərdən qohumlarımız deyirlər ki, sən necə dözdün, necə davam gətirdin bu çətinliyə? Deyirəm ki, o özü güclü idi deyə tabladım. Onun dözümü mənə güc verir. Çingiz müəllim həyatıma çox anlamda məna qazandırıb. İllər keçdikcə dünyaya baxışımı dəyişib. Məsələn, rəsm əsərlərini çox sevir, böyük rəsm kolleksiyası da var. Mən də ondan öyrəndiklərim sayəsində həmin əsərlərə başqa gözlə baxmağa, o rəsmlərdə başqa mənalar axtarmağa başlamışam. 

Şairin intuisiyası da çox güclüdür. Biz Krıma gedəndə oğlumuz Tahir üç yaş yarım idi. Qatar dənizin içindən keçirdi, düşündük ki, böyük oğlumuz Tahir üçün qatarla səyahət etmək daha maraqlı olar. Onda «Литературный Азербайджан» jurnalının baş redaktoru İvan Polikarpoviç Tretyakov  da  həyat yoldaşı ilə qatardaydı. Müharibə əlili idi, II Cahan müharibəsi cəbhələrində dəfələrlə yaralanmışdı. Bizə təklif elədi ki, yaxın stansiyaların birində düşüb maşınla gedək. Onda daha tez çatardıq. Həmin stansiyada düşəndə məni vahimə basdı. Gecə vaxtı olduğuna görə yaxınlıqda heç kim yox idi, kənd uzaqdaydı, maşın da keçmirdi. Həyəcanlandım ki, indi gecənin bu vaxtı biz nə edəcəyik? Çox qorxurdum. Çingiz müəllim əhvalını korlamadan təmkinlə dedi ki, narahat olmayın, 5 dəqiqəyə maşın gələcək. Doğrudan da, 5-6 dəqiqədən sonra bir mikroavtobus gəlib saxladı, minib getdik. 

Bir dəfə də anamla birlikdə Naxçıvandan qayıdırdıq, yolda problem yaşandı deyə Əlibayramlıda düşməli olduq. Ordan şəhərə getməyə hazırlaşanda gördük ki, Çingiz müəllim də Əlibayramlıya bizi aparmağa gəlib. Mən təəccüb etdim ki, sən hardan bildin biz burada düşmüşük? 

– Onun ən çox bəyəndiyiniz şeiri hansıdır?  

– Çingiz müəllim mənə çox şeir həsr edib. Amma nişanlı olanda yazdığı daha doğmadı. 

Eh, bizim yağışlar yağacaq hələ, 
Hələ bu dünyanın harasıdır ki?!

Maraqlıdır ki, toyumuz bitincə maşına minəndə gördük ki, güclü yağış yağır. Dedim ki, görürsən, Çingiz, sən axı demişdin, “bizim yağışlar yağacaq hələ”. Allaha şükür ki, o yağışlar indiyə kimi də yağmağa davam edir. Başqa şeirlərini də  sevirəm. Çünki mövzuları zəngindir, müxtəlifdir.  Amma bəziləri məni heyrətləndirir ki, hadisələri əvvəlcədən necə duya bilib. Məsələn, “Cıdır düzündə düşüncələr” şeiri bu qəbildəndi. O, şeirdə sanki Qarabağ ağrısı, Şuşa həsrəti əvvəlcədən qələmə alınıb. Biz tanış olmamaışdan öncə yazdığı “Qonşunun iti” adlı şeiri də var. Bu sevgi şeirini harada oxuyursa, hamı mənə baxıb gülür, amma bilmirlər ki, məndən əvvəl yazılıb, həm də axı biz qonşu olmamışıq. 

– Ədəbiyyata marağınız haqqında danışmağınızı istərdim. Ümumiyyətlə, ədəbi prosesi izləyirsinizmi, yoxsa sadəcə sizi maraqlandıran əsərləri oxumaqla kifayətlənirsiniz?

– Mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Ədəbiyyata marağım olub olmasaydı o fakültəni seçməzdim. İndi də ədəbi prosesi izləyirəm. Amma ədəbi gündəm barədə daha çox Çingiz müəllimdən eşidirəm. Çünki o, təqdimatlarda, tədbirlərdə çox olur. Mədəniyyət xəbərlərini izləyirəm, internetdən oxuyuram. Düzdür, indi anamın səhhəti ilə bağlı kitab oxumağa elə də çox vaxtım olmur, amma bacardığım qədər diqqətdə saxlayıram. Tibbə marağım olduğuna görə daha çox elmi məqalələr oxuyuram. Çingiz müəllim də arada zarafata deyir ki, sən yaxşı həkim ola bilərdin. 

– Çingiz müəllimlə çox səfərlərdə olmusuz, xarici ölkələrdə onun şəxsiyyətinə, yaradıcılığına olan münasibət sizi qane edibmi?

– Birlikdə səyahətlərimiz çox olub. Həm şəxsi, istirahətlə üçün, həm də işlə əlaqədar konfranslara, beynəlxalq simpoziumlara gedəndə məni də özüylə aparıb. Hər dəfə müşahidə etmişəm ki, insanlar onunla necə maraqla danışırlar. O, istənilən mövzuda insanlarla həmsöhbət ola bilir. Bəzən olurdu ki, qadınlar mənə yaxınlaşıb deyirdilər, sizə qibtə edirik ki, belə maraqlı  insanla birgə yaşayırsınız. On ikidən çox ölkəni gəzmişik, ünsiyyət qurduğumuz insanlar adətən yaradıcı adamlar olublar Və mən hər dəfə onların Çingiz müəllimə necə diqqət  və ehtiramla yanaşmalarının şahidi olmuşam.

– Ömrün indisindən baxanda nələri “kaş etməzdik” deyə düşünürsünüz? 

– İndi fikirləşəndə deyirəm ki, nə yaşamışıqsa düz yaşamışıq. Çünki hər şey Allahın yazısıdır. Cavanlıqda deyirdim filan şey belə olmasa daha yaxşı olardı. Amma yaxınlar da bilir, mən heç vaxt Çingiz müəllimə irad tutmamışam ki, nəyisə düz etmədin. Əsas odur, çalışmışıq ki, hər kəsə yaxşılıq edək, pisliklərdən uzaq olaq. O bizə əsl örnək olub. Adam bəzi şeyləri istəmədən edir. Hər halda səhvsiz insan olmur, amma o səhvi başa düşürsənsə, hər şey öz axarına qayıdır. 

– Sizcə, Çingiz Əlioğlu kim ola bilərdi və kim oldu? Onu nələri etməməkdə, hansı məqamlarda geri çəkilməkdə “ittiham etmək” olar? 

– Mənə elə gəlir ki, o, elə şair olmalı idi. Çünki bu qəlblə, bu düşüncəylə ancaq şeir yazmaq olar. Həm də o həmişə məhsuldar, çalışqan insan olub. Bəlkə də özü indi fikirləşir ki, daha çox işlər görə bilərdi, amma ev-eşik olub. Məsələn, tərcüməyə ayırdığı vaxtı yaradıcılığına da ayıra bilərdi, lakin ailəni dolandırmaq, uşaqların gələcəyini də fikirləşmək lazım idi.  Digər tərəfdən baxanda bədii tərcümə özü də yaradıcı işdir. Çingiz müəllimin bu sahədə fəaliyyətilə bağlı ölkəmizin görkəmli alimləri xeyli yüksək fikirlər söyləyiblər. O, istəyirdi bizim üçün şərait yaratsın, yaxşı yaşayaq, uşaqlar mükəmməl təhsil alsın vəs. Bu mənada, mənə elə gəlir ki, Çingiz müəllim öz yerində olan insandır. 

– Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli həm şair, həm də ailə dostları olublar. Şairlərin arası sərinləyəndə, bu xanımların da münasibətinə təsir edirdimi?

- Biz o vaxt Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin ailələri ilə çox bölgələri gəzmişik, xoş xatirələri bölüşmüşük. Amma deyim ki, aramızda çox da böyük soyuqluq olmayıb. Sabir müəllimlə demək olar ki, heç olmayıb. Nüsrət müəllimlə bir az var idi, o da ciddi bir şey deyildi. Bəlkə də şair yaşasaydı, o xırda şeylər heç yada düşməyəcəkdi. Yaradıcı adamlardır, görünür, arada belə şeylər olur. Bir dəfə bizdə qonaqlıq idi və Sabir müəllim, Nüsrət müəllim və Mikayıl Mirzə öz xanımları ilə gəlmişdilər. İlk dəfə həmin qonaqlıqda Mikayıl müəllim belə bir söz işlətdi ki, bunlar “üç muşketyor”dular, istəyirəm məni də Dartanyan kimi öz sıralarına daxil eləsinlər. O ifadə birinci dəfə bizim evdə deyilmişdi, sonradan başqaları da işlətdi. Şairlərin xanımları arasında da qətiyyən soyuqluq yaranmayıb. İndi də hardasa qarşılaşanda çox səmimi görüşürük. 

– Daim işləyən, müxtəlif vəzifələrdə çalışan Çingiz Əlioğlu 2 ildir ki, dövlət qulluqçusu kimi təqaüdə çıxıb. Siz də, səhv etmirəmsə, daha müəllimə kimi çalışmırsınız. İşləməyə öyrəşən adamlar kimi, bu dövrdə həyatınızda nələr dəyişdi? 

– İndi Çingiz müəllimin yaradıcılıqla məşğul olmağa daha çox vaxtı var. İndi daha çox gəzintilərə gedə bilirik. Xarici ölkələrə səyahətlər edirik, nəvələrimizə vaxt ayırırıq. Mənə elə gəlir ki, indi bizim daha da xoşbəxt vaxtımızdır, çünki bir-birimizə daha çox vaxt ayırırıq. Uşaqlar balaca olanda qayğılarımız çox idi. İndi şükürlər olsun ki, oğlanlarımız hərəsi bir ailə sahibidir, biz də rahat yaşayırıq. 

– İllər ötür. Yaşı yetmişi adlamış Çingiz müəllimlə daha hansı günləri birgə yaşamağın arzusundasınız? 

– İstəyirəm ki, Çingiz müəllim ancaq yaradıcılıqla məşğul olsun. İstəmirəm ki, onu gündəlik məişət qayğılarıyla yükləyim. Onu belə işlərdən uzaq tutmağa çalışıram. Təbii ki, mən ona birinci növbədə canının sağ olmasını arzulayıram. Bizim evdə balaca Çingiz, balaca Südabə böyüyür. İstəyirəm nəvələrinin toyunu görsün. Allah onu böyüklükdən əksik eləməsin. Oğlanlarım ona çox güvənirlər. Bütün məsləhətlərini şairdən alırlar, atalarının fikri onlar üçün çox vacibdir. Hərdən bu üç doğma insanın bir yerdə oturub hansısa həyati məsələləri müzakirə etməyinin, bədii yaradıcılıqla bağlı söhbətlərinin şahidi oluram. Bu mənim ailə içində ən çox sevdiyim məqamdır. Sevinirəm ki, onlar da artıq atalarının ciddi fikirdaşları, maraqlı həmsöhbətləridir.

Bir gülməli əhvalat da danışım. Biz nişanlı olanda Çingiz müəllim sual verdi ki, vətəndə və xaricdə ən çox haralarda olmağı arzulayırsan? Dedim ki, Azərbaycanda Göygölə, xarici ölkələrdən isə Fransaya getmək istəyirəm. Bir müddətdən sonra o, məni Göygölə apardı, amma indiyə kimi özü dəfələrlə getsə də məni hələ də Parisə aparmayıb (gülür). Gözləyirəm ki, bəlkə toyumuzun qırx illiyində məni Parisə aparar... 

– Yaradıcı kaprizləri nədən ibarətdir Çingiz Əlioğlunun?

– Yazanda mane olmamağa çalışıram. Hətta telefonuna zəng də gəlsə, deyirik ki, zəhmət olmasa bir azdan zəng vurun. Özümüz şərait yaradırıq ki, işləyə bilsin. Ən çox kaprizi səliqəylə bağlıdır. Çingiz müəllim səliqə-sahmanı sevir, hətta biz ev yığışdıranda deyir ki, mən əşyaları hara qoymuşamsa, siz də götürəndən sonra yerinə qoyun. Kitab şkafları, geyimləri-hamısı yerində və səliqə sahmanlı olmalıdır.

Kitablar onun demək olar ki, həyatının mənasıdır. Həm də biblioqrafik incilər, raritet nüsxələr var. Odur ki, biz ondan icazəsiz nə öz kitablarını, nə də başqa kitabları götürüb kiməsə vermirik. 

– Gənc şairlərin xanımlarına uzun illər şairlə bir damın altında yaşayan təcrübəli biri kimi hansı tövsiyəniz var? 

– Sovet dövründə 17 yaradıcılıq evi var idi, biri də Şüvəlanda idi. Biz hər yay həm də ora istirahətə gedirdik. Onda cavan ailə idik. Orada yaşlı yazıçılar və xanımları da olurdu. Onların söhbətlərini dinləməkdən xoşum gəlirdi. Hamısı öz yoldaşı barədə danışanda “müəllim” deyirdi. Başa düşə bilmirdim ki, niyə belə deyirlər? Həm də onlar yoldaşlarının qrafikini dəqiq bilirdilər: Filan vaxt çay vermək və ya yaradıcılıqla məşğul olanda mane olmamaq lazımdır. Mən təbii ki, yaradıcı ailədə böyümədiyim üçün belə məqamlardan xəbərim yox idi. Çalışırdım ki, nəsə öyrənim, danışılanlardan bir nəticə çıxarım. Bilmirəm, bu nə dərəcədə alındı, amma bacardığımı etmişəm ki, mən də Çingiz müəllimə yaxşı xanım olum. İndi təəssüf edirəm ki, o cür Yaradıcılıq evləri qalmayıb. Ola bilsin ki, cavanların bizim söhbətlərə ehtiyacı var, amma onlarla görüşməkçün şərait yoxdur. Tövsiyəm budur ki, hər şeyin indi olması üçün tələsməsinlər. Bir-birlərinə qarşı dözümlü və diqqətli olsunlar. Bir dəfə Oqtay Mirqasımovun yoldaşı Nailə xanım mənə dedi ki, biz yaradıcılıq baxımından heç nə etməmişik, amma tarixdə qalacağıq. Mənim də tövsiyəm odur ki, əgər tarixdə qalmaq istəyirlərsə, yoldaşlarına dayaq olsunlar, yaxşı və pis günləri çiyin-çiyinə qarşılasınlar. Lazım olanda susmağı bacarsınlar.

Söhbətləşdi: Fərid Hüseyn