QMİ Əkrəm Əylislini mürtəd elan etdi

qmi-ekrem-eylislini-murted-elan-etdi
Oxunma sayı: 636

Əsərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası və Qazılar Şurası bəyanat verib:

“Çoxmilyonlu Azərbaycan dindarlarının iradəsini ifadə edərək xalqımıza xəyanət, onun milli-mənəvi və dini dəyərlərinə həqarət mahiyyətli bir yazıya öz münasibətimizi bildirməyi vacib sayırıq.

Azərbaycan dindarları Əkrəm Əylislinin (Naibovun) üzdəniraq «Daş yuxular» yazısını birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirir, bu mənəviyyatsızlıgın qarşılığında onun Xalq yazıçısı adından məhrum edilməsini ədalətli addım sayırlar. Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin “Şöhrət” və “İstiqlal” kimi ali dövlət təltifatları daşımağa da heç bir mənəvi haqqı qalmayıb.

Peyğəmbərimiz mübarək hədisi-şərifində buyurur: “Vətəni sevmək imandandır”. Öz xalqına qarşı nankor çıxan, milli və dini mənsubiyyətini itirmiş yazarın mənəvi haqqı barədə danışmaq əbəsdir, belə ki, yalnız əqidəsi dönük şəxs belə bir rüsvayçı yazının müəllifi ola bilərdi. Ağalarının nəzərində özünü ucaltmaq məqsədilə tarix qarşısında əli Azərbaycan xalqının qanına batmış andraniklərin cinayətlərinə cidd-cəhdlə bəraət qazandırmaq naminə xalqımızı ikrahla aşağılamaq istəyən, illərlə əsl simasını pərdələməyə nail olmuş yazar haqlı olaraq Xalqın Ədalət mühakiməsinin müttəhimidir.

Şükürlər olsun ki, Azərbaycan xalqının mənəvi aləmi, milli və dini irsinə sədaqəti, ümumbəşəri dəyərlərə sadiqliyi, tolerantlığı dünyaya məlumdur. Bunu dünya görür və etiraf edir. Bunu hətta torpaqlarımızı işğal etmiş ermənilər belə danmağa cürət etmirlər. Belə olduğu təqdirdə, Əkrəm Naibovun öz millətinə, onun tarixinə, görkəmli şəxsiyyətlərinə nifrət nümayiş etdirdiyi halda, qarşı tərəfə hədsiz təəssübkeşliyinə və böhtan dolu saxta xəyallarına istinad etməsinə xalqımız tərəfindən heç bir bəraət ola bilməz.

Qəhrəmanının dililə Azərbaycan xalqının ünvanına olmazın iftiralar yağdıran müəllifin guya xalqlar arasında barışığa nail olmaq məramında olduğu fikrini səsləndirməsi isə riyakarlıqdan başqa bir şey deyil. Nədənsə İrəvanda, Qarabağda — Şuşada, Ağdamda, Xankəndidə dagıdılmış, təhqir etmək məqsədilə heyvanların buraxıldıgı məscidlərimizin, viran qoyulmuş ziyarətgah və qəbirstanlıqlarımızın taleyi üçün narahat belə olmayan müəllifi ermənilərin öz adlarına çıxdıqları, əslində isə albanlardan miras qalmış kilsə və monastırların aqibəti hədsiz qayğılandırır, yuxusunu ərşə çəkir. “Məsum” adlandırdığı ermənilərin ruhları üçün üzüntü və təəssüf hissi keçirən Əkrəm Naibovun yuxusuna nədən Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhları girmir ? Tarixən erməni ekstremistləri tərəfindən təcavüzə, soyqırıma məruz qalmış Azərbaycan şəhidlərinin, ana bətnində xüsusi qəddarlıqla məhv edilmiş uşaqların, el-obasından didərgin salınaraq qaçqınlıq taleyi yaşamağa məhkum edilmiş soydaşlarımızın haqqını müdafiə etmək hər bir azərbaycanlının borcu olduğu halda, erməni qadınlarının xiffətini çəkən, onların müsbət obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxan yazıçının ümumbəşəri ideyalardan dəm vurması ucuz demaqogiyadan başqa bir şey deyildir. Sülhə aparan yol isə günahın günahsıza yüklənməsindən deyil, yalnız ədalətin bərpasından, günahkarın etirafından, haqqın haqlıya verilməsindən keçir. Bunu dərk etməyə isə Əkrəm Naibovun bu yaşadək həllini tapmamış daxili təbəddülatları, öz mənşəyindən şübhələnən qəhrəmanının sözləri ilə dediyi kimi, “içərisindəki erməniliyi” imkan vermir.

Yazıda xalqımızla bağlı separatçılıq fikirlərinə yer ayıran, dinlərarası ixtilafa rəvac verən Əkrəm Naibov xalq-dövlət qarşıdurması yaratmaq məqsədilə dövlət xadimlərinin ünvanına iftiralar yağdırmaqdan belə çəkinmir. Qəhrəmanının diliylə dinimizin müqəddəsliklərinə hörmətsizlik nümayiş etdirən, dini dəyərlərimizə baglılığımızı şübhə altına alan dönük xislətli müəllifin azərbaycanlıları təmamilə mənfi səpkidə göstərməsi, öz soydaşlarını vəhşi, həmkəndlilərini psixi cəhətdən qeyri-saglam biriləri kimi qələmə verməsi, müxtəlif alçaldıcı ayamalar qoşması onun mənəvi naqisliyinin göstəricisidir.

Müsəlman kəndi Əylisi ermənilərin Məkkəsi adlandıran, azərbaycanlıları, müsəlmanları erməni kilsəsinə ibadətə çağıran Əkrəm Naibovun ağır mənəvi durumda olması, islamafobiyaya mübtəla olması və ermənipərəstliyi şübhə doğurmur. Allaha şirk qoşan, Onun hökmlərinə, Qurana, Peyğəmbərimiz Salavatullaha həqarət edənin özünü müsəlman saymaq haqqı yoxdur, o, İslamdan xaric hesab olunur! Belə olan təqdirdə, Əkrəm Naibovun dünyasını dəyişərkən qəhrəmanının istəyinə uyğun olaraq, üzünün, xiffətini çəkdiyi Eçmiadzinə doğru basdırılması daha düzgün olardı.

Azərbaycan dindarları bu üzdəniraq romanı birmənalı olaraq təxribat, düşmən sifarişi ilə yazılmış qarayaxma kimi dəyərləndirir, onun müəllifini Vətən xaini və mürtəd hesab edirlər. Bu ədalətsizliyə görə Əkrəm Naibov tezliklə həm Allah, həm də Azərbaycan xalqı, Vətənimiz uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları qarşısında cavab verəcəkdir, inşallah! ”