“Qoca” ilə qatardan qaçan Ağami apellyasiya şikayəti verdi

qoca-ile-qatardan-qacan-agami-apellyasiya-sikayeti-verdi
Oxunma sayı: 1693

Bir müddət öncə qatardan qaçan dustaqlardan biri, Əli Ağami barəsindəki hökmdən apellyasiya şikayəti verib.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, Ağami cəzanın ağır olduğu qənaətinə gəlib və yüngülləşdirilməsi üçün yuxarı instansiyaya müraciət edib. Onun şikayət ərizəsi Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilib. Yaxın günlərdə prosesin başlama tarixi təyin ediləcək.

Əli Ağami 2015-ci il noyabrın 5-də Şirvan şəhərində kafedə 32 yaşlı Elvin Nəciyev və 25 yaşlı Zaur Sarıbalayevin qətlində şübhəli bilinərək saxlanılıb.

Bu hadisəyə görə həm də “Qoca” ləqəbli Etibar Məmmədov da ittiham edilirdi. O qatardan qaçandan sonra saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün güllələnərək öldürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası bu işə görə Bakıya ezam edilib və proses Sabunçu rayon Məhkəməsində keçirilib.

Ə. Ağami adam öldürməkdə və qanunsuz silah daşımada təqsirləndirilərək 19 il müddətinə azadlıqdan məhrum edilib.
Əli Ağami ilə birlikdə məhkəmə qarşısına çıxarılan digər təqsirləndirilən şəxslərə - Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimovun hər birinə 18 il həbs cəzası verilib. 

Murad Əhməd