““Qoca qitə”nin baxışı ədalətsiz və qərəzlidir”

qoca-qitenin-baxisi-edaletsiz-ve-qerezlidir
Oxunma sayı: 636

“Bu gün Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri, eyni zamanda strateji tərəfdaşlıq əlaqələri regionda sülh və təhlükəsizliyin təminatına mühüm töhfədir. Ölkələrimizin birgə səyi nəticəsində həyata keçirilən qlobal enerji layihələri Avropanın enerji təhlükəsizliyinə öz müsbət təsirini göstərir. Bunun müqabilində bəzi Avropa dairələrinin, xüsusilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana və Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz mövqe başadüşülən deyil. Bu mənada hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tamamilə qərəzlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, Avropa artıq öz “ənənələrinə” sahib çıxa bilmir: “Qoca qitə”nin miqrantlarla bağlı həyata keçirdiyi siyasət bunun bariz nümunəsidir. Digər vacib bir məqam isə Avropanın İslam ölkələrinə qarşı nümayiş etdirdiyi haqsızlıqdır. Hesab edirəm ki, AŞPA-nın qardaş ölkə ilə bağlı qərarı qurumda islamofobiyanın daha da güclənməsinin, müsəlman ölkələrinə qarşı ikili standartların davam etməsinin təzahürüdür. Təbii ki, AŞPA-nın həyata keçirdiyi “monitorinqlər”in əsas məqsədi müstəqil siyasət yürüdən ölkələrə müxtəlif yollarla təzyiq etmək, onları asılı vəziyyətə salmaqdır.”

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Avropanın Azərbaycana qarşı ədalətsizliyinin ən böyük nümunəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Ölkəmiz uzun illərdir ki, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir. Torpaqlarımız işğal edilib, 1 milyondan artıq vətəndaşımızın təməl hüquq və azadlıqları pozulub. Ancaq “demokratiya çarçısı” olan Avropa hələ də bu məsələdə ədalətli mövqe nümayiş etdirməyib. İşğalçıya heç bir təzyiq edilməyib. 25 ilə yaxındır ki, soydaşlarımız öz doğma yurdlarından didərgin düşüblər. Avropa dairələri isə ötən 25 ildə münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirməməklə dolayısı ilə işğalçıya dəstək veriblər”.