Qohumlardan uzaqlaşmaq sindromu

qohumlardan-uzaqlasmaq-sindromu
Oxunma sayı: 2892

Raminə Eyvazqızı

Biz uşaq vaxtı tez-tez atamın, anamın qohum əqrəbalarına qonaq gedərdik, onlar bizə gələrdilər. Bayram günləri evimiz qonaqsız olmazdı. Biz bundan məmun idik. Bir yerdə süfrə başında oturmağın, öz yaşıdlarımızla oynamağımızın ləzzəti başqa idi. Atamın anasının, nənəmin qohumlarını belə azdan-çoxdan tanıyırdım. O vaxt ilk fürsətdə qohumlarla şəkil çəkdirərdilər. 

Ailə albomlarımıza  yeni şəkili yapışdırmaq üçün növbəyə durardıq. Ağ-qara şəkillərlə, rəngli şəkilləri seçərdik. Şəkillər doğmalarla əlaqələri sübut edəcək  üçün ən vacib xatirə idi. Qonaq gedəndə ev yiyələrinin sevincini hiss edərdik. Onda insanlar bu qədər çirklənməmişdi! 

Evə qayıdanda "nə yaxşı getdik" deməkdən yorulmazdıq. Valideynlərim az  qala bütün nəsillərindəki adamları əzbər bilməyimiz üçün çalışardı. Birdən hardasa kimi isə görəndə "bilirsən mən kiməm" sualına dəqiq cavab verməliydik ki, ata, anamızı "qohumları sevdirmək missiyası"nda alqışlasınlar. Hamı bir-birinin evinə gedəndə fikirləşmirdi ki, kimisə narahat edəcək. Ev yiyəsi qonaq gələnin əlinə bu qədər baxmazdı. O ev yiyələrindən indi lap çoxdur, evinə gələcək kəs(kəslər) üçün "kimdir qonaq qarşılayan", "heç yeriydi qonaqlığın", "bekar adamlardı", "yəqin nə isə işləri düşüb", "nə məsələdir, nə əcəb bunlardan" deyən, mənafeyici düşüncələrə qapılanlar o qədərdir ki.  

Qohumların qonaqlı -qaralı evlərinin sayı get gedə azalır. Niyə görəsən? İqtisadi çətinlikdənmi,qonağa  vaxtmı çatmır? Nədən və kimdən söhbət açmaqdanmı xoflanırlar? İnsanlar qohumlarından uzaqlaşmağı niyə bu qədər hədəfləyirlər? Süni yaradılan səbəblər və bəhanələrin kökündə duran eqonun möhtəşəmliyidirmi? Qohumların hansısa işdə yardım istəyəcəyindənmi çəkinirlər? 

Görünür, texnikanın inkişafı, sosial şəbəkə, mobil telefonun fironluğu bütün insan münasibətlərinə qənim kəsildiyi kimi, doğmalıq, qohumluq münasibətlərini də yerlə-yeksan edib. Bunun fərqində deyilik və biz hələ də "uzaq qohumdansa, yaxın qonşu" atalar deyimini əlimizdə bayraq tutub, yadlardan "doğma" düzəltməyə çalışırıq. Bəzilərinin dilindən eşitmişəm, deyir ki, "qohum adamın yaxşılığını istəməz". Axı insan öz doğmasının pisliyini necə istəyə bilər? Söz yox, istər qohum, istər tanış, dost, münasibətlərdə paxıllıq, qibtə hissləri ortaya çıxa bilir. Bu hər zaman belə olub. Hamı özünü hər kəsdən yuxarıda görmək istəyir, bir az da özünün qara hisslərini başlı-başına buraxanda pislik etməyə çalışır. Bunlar insanın naturasındadır. Hamı yaxşı insan ola bilməz, yaxşı olmağa çalışan birini də alqışlamaq lazımdır. "Yaxşı" olmaq hərənin ürəyinin tərəzisinə görədir, tərəzidə aldadan satıcılar isə...  

İndi də kiminsə evinə yolumuz düşəndə əvvəlcə orada internetin olub-olmaması ilə maraqlanırıq.  İnternet olmayan ev adama mənasız ev kimi gəlir, kiminsə zarafat, söhbət edəcək, cümlə quracaq kimi həvəsi yoxdur. Filankəs qohumla bağlı xəbərlər heç kəsə maraqlı deyil. Qohumlar toy-düyün olanda yada düşür, bəzən toy yiyəsi xəbərsizlikdən ölmüş qohumunu belə toya dəvət edir. Toya da bildiyimiz "pulu qaytarmaq" məqsədi ilə gedirlər. Qohumların görüş yeri ya xeyir, ya da şər mərasimi olur. Çoxu qohumunu tək fiziki yox, həm də mənəvi itirməyə doğru gedir. Hamı özü üçün yaşayır elə bil. Özü üçün yaşayan, özünün yerini bilirsənmi?