Qoltuğumun altındakı qız

qoltugumun-altindaki-qiz
Oxunma sayı: 3219

Rövşən Naziroğlu

Başqa ölkələri bilmirəm, amma bizdə ağzını açıb haqqını tələb edən vətəndaşa digər vətəndaşların insafı, mürvəti bir yana qoyub demaqoq yarlığını yapışdırdıqlarını bildiyimdən, susmağı danışmaqdan üstün tutan konserv qutusundakı yaş kilkələr kimi bir-birlərinə pərçimlənmiş adamların arasında avtobusun tutacağından ikiəlli asılıb səsszcə yol getməkdəyəm. Sağ əlim sol əlimdən bir xeyli aralı düşüb. Çarmıxda inləyən Həzrəti İsa kimiyəm bu dəqiqə...

Yolu könülsüz addımlayan avtobusumuz qaynana evinə qonaq gedən kürəkəndi elə bil. Salona yayılan mahnı lirikdi, sentimentaldı, düşükdü. İki rəfiqənin arasına sərhəd dirəyi kimi düşmüşəm. Sağ böyrümdəki qızın qoltuğumun altından başını çıxardığını görən sol yanımdakı qız qulağını rəfiqəsinin ağzına yaxın gətirir. Sinəmin altında, mədəmin üstündə danışırlar:

-Bu mahnı səndə var?

-Hə. Blutuzu aç, atım sənə.

Qısa dialoqdan sonra sağımdakı qız yenidən qayıdır qoltuğumun altına. Canımdakı ağrı kiriyəntəhər olur. Allah razı olsun iki dayanacaq ayağımın üstündə yol gedən əli qovluqlu ağsaqqaldan. Son dəfə bütün ağırlığı ilə ayağımı tapdalayıb düşür avtobusdan. Qabağımda əndamlı bir qadın dayanıb. Bu qadın üstümə aşarsa həyatımın sonuna kimi şikəst qala biləcəyim gəlir ağlıma. Soyuq tər basır məni. Sol böyrümdə dözülməz ağrı var.

Təkadamlıq oturacaqda oturan orta yaşlı kişi sağ əlinin şəhadət barmağını naqan lüləsi kimi salıb burnuna. Ayaq üstə qalan qadınlara yer verməmək üçün pəncərədən çölə baxır. Fikirli-fikirli burnunun dərinliyinə barmaq salıb hansısa suala cavab axtardığından əmin olsam da təşvişə düşürəm. Bilirəm ki, avtobusumuz yolların sinəsində yara kimi açılmış çalaların birinə bir az bərkdən düşsə dünya məsələlərini burun boşluğunda çək-çevir eləyən adamın əli biləyinə kimi keçəcək burnuna. Qarşımdakı əndamlı xala qismətinə bu dəfə evə oturub getmək yazılmış qonşusuna tərəf əyilib nəsə deyəndə mən həyadan nazilib seçki plakatı kimi yapışıram pəncərə şüşəsinə. İçimdə it kimi hürən ayağımın ağrısını susdura bilmirəm. Fikirləşirəm ki, bu boyda dərd olmaz vallah. Halal pulumuzu verib mindiyimiz nəqliyyatda yolun yarısını ya biz kiminsə belində gedirik, ya da kimisə çiynimizdə aparmalı oluruq.

Təkadamlıq oturacaqda oturub ayaq üstə nehrə kimi çalxalanan qadınlara yer verməyi ağlının ucundan belə keçirməyən orta yaşlı kişinin qəfil asqırığı fikirlərimin ortasına bomba kimi düşür. Bir oturacaq irəlidə əyləşən qadın boyun-boğazına tökülən ağız suyunu silə-silə arxaya çönüb məmləkət məsələlərini həll etdiyindən asqıranda əli ilə ağzını tutmağa imkan tapmayan müdrik adama dişinin dibindən çıxanı deyir. Avtobusun filosofu halını pozmadan Azərbaycan qadınının həyasından, milli mentalitetdən, qoç Koroğlunun Nigarından, Qaçaq Nəbinin Həcərindən danışıb ağzının suyu ilə murdarladığı xanımı sakitləşdirməyə çalışır. Zərərçəkmiş qadın hirslə, hikkəylə üzünü çevirib bir neçə dəfə uca səslə “mədəniyyətsiz”, “eşşək” deyir üzr istəmək yerinə nəsihət verən kişiyə.

Qolqotada çarmıxa çəkilmiş Həzrəti İsa romalı əsgərlərə, yəhudi kahinlərə baxmaqdan bezib qan dolmuş gözlərini dolandırıb sirli-sehrli uzaqlara baxmışdı...

Çarmıxa çəkilmiş İsa kimiyəm mən də. Yerim avtobus, baxıb görəcəyim mənzərə əndamlı xaladan, burnundan əl götürməyən adamdan ibarət olsa da...