Qondarma erməni nazirindən “kişilik”

qondarma-ermeni-nazirinden-kisilik
Oxunma sayı: 2390


Dünyanın çirkin siyasətindəki “peyntbol” “oyun”undan biri də Suriyada davam edir. Qan su yerinə axdığı qədər axır. Bu hadisələr arasında bizə də doğma və ağır gələn məqamlar var. Bizim oğullarımız ora gedir, qara xəbəri qayıdır. Birimiz deyirik, sən göndərdin, o birimiz deyir, özü getdi və ilaxır. Söz-söhbətimiz bundan ibarətdir. Gör indi düşmən deyə-deyə “bağışladığımız” erməni nələr planlayır, bu arada nədən yararlanır.

Günlərdir, erməni lobbisi “vay vay, dünya köməyə gəl, erməniləri qırırlar” deyə aləmə car çəkib. Guya Suriyanın Kessab(bura “Kassab”da deyirlər) adlı vilayətində yaşayan ermənilərə zulm olunur, türkiyəli (Türkiyənin himayə etdiyi)ekstrimist qruplar soyqırım törədirlər, camaatı qana boyayırlar, silahlı hucumların ardı-arası kəsilmir. Martın 21-dən başlayan bu söz-söhbətlər bizə yalan gəlsə də, məlumatı böyüdən erməni “kişiləri”, hətta Youtube –da müxtəlif dillərdə videolar yerləşdiriblər. “Kessabı xilas edin”(ingiliscədə, “Save Kassab”)başlıqlı o qədər video görüntü var ki. Bu qısa zamanda, başqa vaxt kar qalan dünya erməninin “nalə”sinə cavab da verib. Dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harv vəziyyəti ermənin xeyirinə şərh edib, dünya ermənilərinin “Ayastan” təşkilatı Kessabdakı soydaşlarına yardım üçün hesab açıb. Bizim kişilərin şəklini əzizlədiyi erməni qızı Kim Kardaşyan, dünya pop ulduzu, erməni əsilli Şer belə həmin hesaba küllü miqdarda pul köçürüb və s. kimi qibtədən yaza bilmədiyim yardımlar olunub. Bu gün oxuduğum məlumat isə lap qibtəmi əməllicə paxıllıq hissinə çevirdi. Bizim olan və bizdə olmayan Dağlıq Qarabağın qondarma baş naziri əsil kişiliyini (millətinə görə) nümayiş etdirib. “Baş nazir” Aro Aruturyan bəyan edib ki, öz mart maaşını Kessab ermənilərinə hədiyyə edəcək. İşin əslinə görə,

Kessab ermənilərini nə qıran, nə də öldürən var. Bu, sadəcə erməninin peşəkarcasına uydurduğu yalandan biridir. Məlumatı kessablı erməni tələbə Serj Kalukyan özü Ermənistan mediyasında yayıb. Xəbərə görə, Kessab camaatı vəziyyətin gərginliyini nəzərə alaraq Latakiyaya gedib və orada məskunlaşıb. Başqa sözlə, qırılan, itən-batan yoxdur. Məsələ ondadır ki, Kessabın erməni meri Varqen Çarparyan da bunu təsdiqləyib. Amma erməni yalan üzərindən planlarını qurmaq, fürsət düşmüşkən Türkiyənin də adını qaralamağa köklənib.

İndi mənə deyin, erməni təxminən iki həftə ərzində “böyük yalanı” necə yaya bildi? Biz niyə Xocalı kimi əsrlərin ən böyük faciəsini, illərdir, dünyanın gözünə soxa bilmirik? Yenə cavab din fərqimiz gətiriləcəksə, heç deyilməsin. Bəs bizim erməni həmkarının (qondarma həmkar) soyadına bənzər baş nazirimiz bir ayının maaşını bizə bağışlayarmı? Lap başqası, yüksəkdövlət məmuru birinin balasını qurtarmaq, kiminsə evini qurmaq üçün pulundan keçərmi? Bayaqdan dediklərimin canında elə bu vardı. Erməni qondarma baş nazirinin “kişiliyindən” bizimkilərdə niyə yoxdu? Bunun üçün erməni olmaq lazımdırmı? Bəli, xalis erməni. Çünki dili bizə, ürəyi erməniyə “işləyən”lərdən bunu gözləməyə dəyməz, heç gözləməyin də.