Qorxaqların futbolu

qorxaqlarin-futbolu
Oxunma sayı: 2436

Qan Turalı

1992-ci il Avropa və 1994-cü il Dünya çempionatlarını yuxu kimi xatırlayıram.

96-cı ildə keçirilən Avropa Çempionatı isə bu günkü kimi yadımdadır.

Türklərin xalsız və qolsuz evlərinə qayıtmaqları...

Final oyununun uzatma dəqiqələrində Bierhoffun vurduğu qollar... 

İngilislərin yenə kuboksuz qalmağı...

O zamanlar futbol mənim üçün az qala hər şey idi. 

Yaşadığım şəhər də futbolla nəfəs alırdı.

Hər yerdə söhbət ancaq futbol idi. 

İndi düşünürəm ki, futbol oynamayan bir adam futbolu sevə bilməz.

O zamanlar futbola ancaq oğlanlar baxırdı.

İllər keçdikcə qızları da bu möcüzəli oyun cəlb etməyə başladı.

Hətta lap uşaq ikən düşünürdüm ki, axı görəsən niyə kişilər futbol və siyasətdən başqa heç bir mövzuda danışmırlar? 

90-cı illər futbolu Azərbaycan üçün zülmət bir qaranlıq idi.

Ardıcıl alınan məğlubiyyətlər...

Sözün bütün mənalarında kasıblıq...

Qarabağın oyununa radioda qulaq asmağım yadımdadır.

Televizor oyun vermirdi.

Portuqaliya, Fransa oyunundakı biabırçı məğlubiyyətlərimiz...

Klublarımızın ardıcıl uduzması...

Və bütün bu fonda mənim yadımda ən üzücü hadisələrdən biri də Fransa 98-də Xorvatiyanın Almaniyaya vurduğu üç qol idi.

Bir az da sevinc anlarını xatırlayaq: 

2000-ci ildə Qalatasarayın UEFA kubokunu almağını  unutmaq mümkündürmü? 

İndi aradan çox illər keçib.

Ancaq yenə qəribə bir şəkildə Xorvatiya yüksəlişdədir və Almaniya qrupda qaldı.

O çempionatda futbol dünyası yepyeni bir çempion tanımışdı və çempionata ilk dəfə qatılan xorvatlar üçüncü olmuşdu.

Əslində universitet illərindən sonra daha fərqli şeylər çıxdı qarşıma və futboldan get-gedə də soyudum.

Lakin bununla belə bütün dünya və Avropa çempionatlarına baxmışam.

Və düşünürəm ki, futbol getdikcə daha fərqli bir şeyə çevrilir.

Söhbət heç də bu çempionatın gözlənilməz nəticələrindən getmir.

Yəni bunlar dediyim kimi ancaq nəticədir.

Getdikcə futbolda taktika və strategiya daha çox əhəmiyyət kəsb etməyə başlayır.

Artıq futbol 4-5 ölkənin inhisarında deyil.

Onu Seneqalda belə çox yaxşı oynayırlar.

Doğrudur, Avropa və Cənubi Amerikanın hegemoniyası davam edir.

Elə bu çempionatda ilk dəfə olaraq bir Asiya komandası bir Cənubi Amerika komandasına qalib gəldi.

Cənubi Koreya almanları cəzalandırdı.

Argentina Nigeriyanı güclə keçdi.

Bütün proqnozlar elə ilk oyunlardaca zibil qutusuna atıldı.

Misal üçün, Röytersin 145 ekspert arasında apardığı sorğuda Almaniya çempion görünürdü.

Messi də qol kralı...

Almaniya ilə bağlı məsələ məlumdur, Messinin qol kralı olmağına isə ümid azdır. 

Futbol oyunu qədər də hakim səhvləri də müzakirə edilən bir oyundur.

Bu çempionatda ilk dəfə tətbiq edilən VAR (Video Assistant Referee) sistemi də əslində bu gün dünyada texnologiyanın yüksək inkişafının nəticəsidir.

Azarkeşlər və futbolçular yüksək texnologiyaların futbolda da tətbiq edilməsini tələb edir.

Deyirlər ki, futbolu XIX əsr metodları ilə idarə etmək olmaz.

Bizim xalqın haqlı olaraq futboldakı ən böyük öyünc yeri 1966-cı ilin finalında Tofiq Bəhramovun müəyyən etdiyi qoldur. 

VAR sistemində çox sadə bir məsələ idi halbuki.

Gələcəkdə bəlkə də tam səhvsiz oyun idarə edən robot hakimlər ortaya çıxacaq. 

Açıq bir şeyi də etiraf etmək gərəkdir.

Analiz və şəxsi müşahidələrdən futbolun getdikcə maraqsızlaşdığı da görünür.

Bu çempionatın statistikalarına görə topu ayağında daha çox saxlayan komandalar adətən məğlub olurlar.

Əvvəllər bu statistika tam əks nəticə verirdi.

Çünki topu ayaqda oynamaq üçün saxlayırdılar.

İndi isə topu saxlamağa sığorta kimi baxırlar.

(Əlbəttə, uğursuz sığorta olduğu statistika ilə müəyyən edilib)

Şəxsi müşahidəm də belədir ki, komandalar artıq cəsur və mərd futbol oynamırlar.

“Nə qədər çox qol buraxsaq da ondan çoxun vurarıq” söhbəti daha işləmir.

Elə hamı qol vurub sonra nəzarəti öz əlinə alıb oyunu tamamlamaq istəyir.

Bu mənada müdafiə xətti getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır.

Getdikcə daha çox komanda müdafiəyə meyllənir.

Bu da əlbəttə ki, futbolun baxımlılığına pis təsir göstərir. 

Yunanıstanın 2004-cü ildəki çempionluğu mənə elə gəlir ki, qorxaq futbolun qələbəsiydi və bu tendensiya hələ də davam edir.

Xoşbəxtlikdən, qorxaqlar daha çempion olmurlar amma oyunların keyfiyyətinə çox pis təsir edirlər.  

Əlbəttə, bu qədər sürpriz nəticələrin qeydə alındığı çempionatda bu oyun tərzinə hardasa haqq vermək də olar ancaq futbolun baxımlılığı da onun gözəlliyindədir. 

Bütün bu məqamlarla bir yerdə futbol əlbəttə ki, yenə də baxımlıdır lakin onun çox böyük dəyişikliklərə uğradığını da görməmək mümkün deyil.