Qubada itkin düşən alpinistlərdən nə xəbər?

Qubada itkin düşən alpinistlərdən nə xəbər?
Oxunma sayı: 2754

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir.
 
Alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından “Qafqazinfo”ya verilən məlumata görə, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.
 
“Son günlər hava şəraiti kəskin pisləşib, temperatur düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.
 
Fövqəladə Hallar Nazirliyi bir daha təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusi ilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayır.
 
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə, xilasetmə işlərinin aparıldığı ərazi və yaranmış vəziyyətlə birbaşa tanışlığı olmayan şəxslərin subyektiv fikirlərini yayarkən diqqətli olmağa çağırır və bu cür məlumat yayanlara yaranmış həssas vəziyyətə anlayışla yanaşmağı tövsiyyə edir”,- deyə məlumatda bildirilir.
 
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi