Qubadlını Quba bilənlər

qubadlini-quba-bilenler
Oxunma sayı: 1944


Avqustun 31-i Qubadlı rayonunun erməni işğalçıları tərəfindən zəbt edildiyi gündür. Başqa sözlə, artıq 20 ildir ki, Qubadlı torpaqlarında çirkin erməni addımları dolaşır. 

20 il keçib, zarafat deyil. Vaxtilə, qundaqda məcburi köçkün düşmüş körpələrin hər biri indi gəncə çevrilib, yubileyini qeyd edir. Çoxu üçün bu vaxt kəsiyi hər hansı bir məna kəsb etmir. Qubadlı onlar üçün məmləkət sayılırmı, bunu belə unudublar. Uşaqlıqda məcburi-köçkün adını həzm edə-edə artıq kefindən buralara gələnə dönüblər. Bakılı olublar, şəhərli olublar. Bəzən də doğum yerini gizlədənlərə də çevriliblər. İndi ən varlı, imkanlı adamdan birisi məcburi köçkündür. Bunu el arasında belə deyirlər. Həmin elin fikirlərinə görə, məcburi köçkün 20 il keçməsinə baxmayaraq sürünməli, özünə şəraət düzəltməmli idi, artıq “məcburi köçkün” deyib ağlamamalı, səsini çıxarmamlı, dilini dinc qoyub bir kənarda oturmalı idi. Elə bu fikirdə olan kəslərdir ki, işğal olunmuş torpaqlarımızın adını belə dəqiq bilmirlər. Bu yaxında belə rüsvayçı söhbətin şahidi oldum. Qubadlıdan məcburi köçkün ailəsindən olan gənc üçün elçi gediblərmiş. Qız tərəfi oğlan evi haqqında məlumata malik olmayıb. Məlum olanda ki, oğlanın ailəsi Qubadlıdandır, qızın anası Qubaya olan tətillərindən, istirahətlərindən dəm vurub. Əvvəl elə biliblər ki, Quba ilə Qubadlı qarışdırılıb, nəhayətində hər iki bölgə səfalı, gözəl yerlərdir. Sən demə, qız anası Qubadlı adlı rayonun mövcudluğunu belə bilməyib. Belələri az deyil, sizi əmin edirəm çıxaq küçəyə soruşaq, üzümüzü ağardacaq cavab eşitməyəcəyik. Demirəm ki, işğal olunan torpaqların adını ardıcıl saysınlar. Amma bu ölkənin azərbaycanlı adlı insanısansa, heç olmazsa rayonların adlarını tanımaq lazımdır da. Başqa bölgədə, rayonda doğulsan belə.

Qaldı Qubadlıya. Heç olmazsa ilin bir günü bütün işgal altında olan ərazilərimiz eləcə də, bu ərazi hər yerdə xatırlanmalıdır.

Qubadlı bizimkilər tərəfindən en son tərk edilən və erməniyə təhvil verilən ərazimiz olub. Təhvil ona görə deyirəm ki, o vaxt qubadlılar onlara rayonu tərketmə barədə verilən erkən tapşırığa baxmayaraq son dəqiqəyə qədər vuruşublar. Hərbi texnikanın zəifliyi, döyüş taktikasının olmaması rayonun erməni işğalçılara qalmasına fürsət verib. Ağır olsa da, həqiqət budur. Bu ərazi uğrunda vuruşanlardan 54 şəhidimiz var. Ümumilikdə, Azərbaycan Qarabağ müharibəsində Qubadlıdan olan 232 şəhid qazanıb. Döyüşənlərdən 146-sı isə indi də əlil vəziyyətindədir. Vaxtiylə, işğala qədər Qubadlının 33 mindən çox əhalisi olsa da, indi həmin tərkibli əhalisinin sayı azalıb. Bir də deyirlər, Sumqayıt şəhəri artıq qubadlıların əlindədir. Niyə də olmasın. Qubadlı İcra hakimiyyəti(müvəqqəti) orada yerləşir və o vaxt əhali daha çox Sumqayıta üz tutub, orada yaşamağa üstünlük verib.

Vətən anlayışı hərə üçün bir məna kəsb edə bilər. Kaş ki, hamı Vətən deyəndə, ayrı-ayrı bölgə yox, bütöv Azərbaycanı düşünərdi. Qarabağ həsrəti, dərdi oralı olmayanların belə içinə od salardı. Bəlkə onda “işğal olunmuş torpağımız” ifadəsi dilimizdən düşərdi.

Bu ovqatda sevilən şair Ramiz Rövşənin “Səni sevmək çətindir, Vətən” adlı şeiri lap yerinə düşür. Yəqin çoxları hələ də bilmir ki, R.Rövşən də əslən Qubadlı rayonunun Teymur Müskənlı kəndindəndir.

Nə gündəsən ki,

təpədən dırnağa,

günah içindəsən ki.

O sevgidən için-için

Gizlicə yanar adam

Ağzını açıb deməyə

Qorxar, utanar adam.

Bu nə haldır düşmüsən,

Bu necə gündür, Vətən?

Adam səni sevməyə indi utanır Vətən.

Üstündə neft ləkəsi

Kim yuyacaq bu ləkəni

Milyonçular ölkəsi, dilənçilər Vətəni.

Neftlə getdi bərəkətin,

Bərəkət qaçdı səndən.

Neftlə getdi bərəkətin,

Borular keçdi səndən.

Qarış-qarış qazılsan da

Sevin, hələki sağsan,

Hələ neftin qurtaranda

Ağ günə çıxacaqsan.

Vətən hələlik bütöv olmasa da, onu sevməkdən çəkinən və utananlardan olmayaq!