Qucağında körpə olan ananı vuran sürücü tutuldu

qucaginda-korpe-olan-anani-vuran-surucu-tutuldu
Oxunma sayı: 1377

Paytaxta qucağında azyaşlı uşağı olan piyada qadını avtomobillə vurub hadisə yerindən qaçan şəxs həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, sentyabrın 14-də paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Saatov Hakim Aslan oğlu 39 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əskərova Günel Adəm qızını vurub.

Nəticəsində G.Əskərova aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü H.Saatovun hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində H.Saatov sentyabrın 14-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

İstintaq zamanı H.Saatovun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsi müəyyən edildiyindən əməl Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma)  maddələrinə tövsif edilib.

H.Saatov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, G.Əskərovanı maşın vurmadan öncə qucağında azyaşlı övladı olub. O, təhlükəni görərək uşağını yolun kənarına atıb və nəticədə övladı sağ qalsa da, özü vəfat edib.

Murad Əhməd