Qudurğanlıq

qudurganliq
Oxunma sayı: 4379

Seymur Verdizadə

Bəd xəbər həvəskarı olan qohumum salam-kəlamsız mətləbə keçdi: “Əhliman müəllimi xəstəxanaya yerləşdiriblər. Vaxtın olsa, ona baş çək”.

Əhliman müəllim uzaq qohumum olsa da, yaxın münasibətimiz var. Təmənnasız ziyalı, xeyirxah adam olduğu üçün həmişə onun yolunu gətirirəm. Odur ki, əl-ayağa düşdüm: “Kişiyə nə olub? Niyə xəstəxanaya aparıblar?”

Qohumum bir qədər həvəssiz danışdı: “Qonşuluqda yaşayan qəssabla dalaşıb. O da müəllimi itələyib yerə yıxıb. Yıxılanda başı asfalt döşəməyə dəyib”.

Xəstəxananın ünvanını dəqiqləşdirəndən sonra Əhliman müəllimə baş çəkməyə getdim. Ağsaqqalın səhhəti qənaətbəxş idi. Hətta məni görəndə ayağa qalxmaq istədi. Çiynindən yapışıb, onu yatağına uzandırandan sonra stul çəkib əyləşdim. Sual dolu baxışlarımın sifətində dolaşdığını görəndə, özü söhbətə başladı: “Bizimlə paralel küçədə Eyvaz adlı bir qəssab yaşayır. Səliqəli adam olduğu üçün əti həmişə ondan alırıq. Səhər işə gedəndə yolumu onun yanından salıb, bizə dörd-beş kiloqram ət göndərməyi xahiş etdim. Bayıra çıxanda gördüm ki, iki-üç aylıq körpə bir quzunu qəssabxananın yan tərəfində ağaca bağlayıblar. Dərhal barmağımı dişlədim. Tez geri qayıdıb Eyvazdan soruşdum ki, quzunu niyə bura bağlamısan? Qayıtdı ki, onun öz müştərisi var. Nahardan sonra kəsib, evinə göndərəcəm...”

Əhliman müəllim sözlərinə ara verib, ilıq çaydan bir-iki qurtum içəndən sonra söhbətinə qaldığı yerdən davam etdi: “Eyvaz quzunu kəsəcəyini deyəndə, cin vurdu təpəmə. Yaxasından yapışıb, onu bayıra çıxardım. Quzunu göstərib dedim ki, ay əclaf, bu körpəni anasından ayırmağa necə ürək elədin? Onun başına bıçaq çəkməyə əlin necə gələcək? Əllərimin ikisini də Eyvazın boğazına keçirib, onu boğmağa başladım. Yazıq canını qurtarmaq üçün məni geri itələyəndə, arxası üstə yerə yıxıldım...”

Əhliman müəllim sözlərinə ara verib, fikrə getdi. Ona təsəlli verməyə münasib söz tapmadığım üçün susmağa üstünlük verdim. Sükutu ağsaqqal özü pozdu: “İnsanlar çox qudurğan olublar. Mən özüm kənddə böyümüşəm. Biizm vaxtımızda 18-20 kiloqram əti olmayan heyvanın başına bıçaq çəkməzdilər. Amma indi iki aylıq quzunun başını kötüyün üstünə qoyub, bir zərbə ilə bədənindən ayırırlar. İnsanlar nə Allahdan qorxurlar, nə də bəndədən...”

Razılıq əlaməti olaraq, başımı yırğalayıb, fikrə getdim...

Qapı açılanda ikimiz də həmin tərəfə çevrildik. Otağa daxil olan kişilərin heç birini tanımadığım üçün onları diqqətlə nəzərdən keçirməyə başladım. Qara kostyum, ağ köynək geyinmiş nisbətən yaşlı, boylu-buxunlu kişi əlini Əhliman müəllimin çiyninə qoyub, belə dedi: “Ağsaqqal, bu zırramanın günahından keç. Bir qələtdir, eləyib. Özü də it kimi peşman olub. Sən dünyagörmüş adamsan. Bilirsən ki, olacağa çarə yoxdur”.

Eyvaz günahkar olduğu üçün boynunu büküb, küncdə dayanmışdı. Əhliman müəllim üzünü ona tutdu: “Ay oğul, səndə günah yoxdur. Mən emosiyalarımı cilovlaya bilmədim. Az qalmışdı ki, səni boğub öldürüm...”

Eyvaz bu sözləri eşidəndə bir qədər ürəklənib, yaxına gəldi: “Müəllim, pulumu alıb, heyvanı sahibinə qaytardım. Sizə söz verirəm, bir də körpə quzu kəsməyəcəm”.

Əhliman müəllim dərindən ah çəkib, gözlərini tavana zillədi...

Jurnalist marağı güc gəldiyi üçün bu dəfə sükutu mən pozdum: “Eyvaz kişi, iki-üç aylıq quzuların ətini kimə satırsan?”

Eyvaz əvvəl Əhliman müəllimə, sonra da mənə baxıb, qorxa-qorxa danışmağa başladı: “Onların öz müştəriləri var. Həm də çox varlı adamlardır. Dörd-beş kiloluq quzuya bir toğlunun pulunu verirlər”.

Ortaya qısa sükut çökdü. Qəssab Eyvaz ürkək baxışlarını bir-bir bizim üzümüzdə gəzdirəndən sonra ehtiyatla danışmağa başladı: “Bir dəfə həmin adamlardan birinə 6 kiloluq quzu göndərmişdim. Əti qaytarıb başıma vurdu. Onlar dörd-beş kilodan böyük quzu almırlar”.

Həmin vaxt beynimdə yalnız bir fikir dolaşırdı: bunun adı qudurğanlıqdır! Ancaq haram yolla pul qazanan adamlar belə qələt eləyərlər...

Eyvazın səsi məni düşüncələrimdən ayırdı: “Elə bilirsiniz, iki aylıq quzunun başına bıçaq çəkmək asandır? Hər dəfə quzunu kötüyə tərəf çəkəndə, gözlərindən yaş axır. Heyvanlar da insanlar kimi ağlayırlar. Hər gecə yuxuda mələyə-mələyə balasını axtaran qoyunlar görürəm. Hər dəfə iki aylıq quzu kəsəndə, mənə elə gəlir ki, bıçağın altındakı heyvan deyil, südəmər körpədir. Bəndələrin könlünü xoş eləmək üçün bunu edirəm, amma bilirəm ki, cəzam ağır olacaq...”

Birdən-birə havam çatmadı, darıxmağa başladım. Sakitcə dəhlizə çıxdım. Qəssab Eyvaz isə çıxışının son akkordlarını vururdu: “Qəssab Səyyaf da mənim kimi qansız idi. Bir dəfə mərcə girib, gözümün qabağında üç günlük quzunun başını balta ilə üzdü. Üç ildi əli-ayağı tutulub, yataq xəstəsidir. Arvadı hər gün altına “qarşok” aparır...”