Quduz olmamaq üçün…

quduz-olmamaq-ucun
Oxunma sayı: 1679

Nərmin Dadaşova

Neçə vaxtdır qəmli notlara köklənib gününüzü göy əskiyə bükmüşəm. Əslində, bu yazını da sentimental düşüncələr üzərindən yazıb məmnuniyyətlə qanınınızı qaraldardım, ancaq atanın balaya, qardaşın bacıya güvənmədiyi bu dünyada, mətbuata güvənən, bizdən kömək istəyən insanlara bunu etmək istəmirəm . Onsuz da həyatımız qanımızı zəhərləyən insanlarla ağzına qədər doludur. Bir də qəmli yazılarımızla ürəyinizi biz sıxmayaq. Amma səhər oxuduğum bir xəbəri paylaşmasam ölərəm. Şimali Qafqaz Müsəlmanları Mərkəzinin baş koordinatoru İsmail Berdiyev “İnterfaks”a açıqlama verib. Deyib dünyadakı bütün qadınlar sünnət edilməlidir. Qadının əsas vəzifəsi dünyaya uşaq gətirmək, onu tərbiyə etməkdir ki, sünnət də buna mane olmayacaq, narahat olmayın. Uca Tanrıdan “Müfti”yə ölüm arzulayıb, qanınızı çox qaraltmadan keçirəm əsas məsələyə.

Bu istidə, əhvalımın bulanıq vaxtında yazını ona görə yazıram ki, yuxarda dediyim kimi, heç-kimin heç-kimdən mədət ummadığı bir vaxtda, qonşularımın məndən işıqlandırmağımı xahiş etdikləri bir məsələdən aidiyyatı qurumları xəbərdar edim. Məsələ səhərə qədər ağzını balkonlarımıza tuşlayıb hürən itlərdir. Düzdü, bu problemin müsbət yanları da yox deyil. Səhərə qədər qısa fasilələrlə hürən itlər mənim üçün zəngli saat rolunu oynayırlar, məsələn. İlk hürüşmədə durub uşaqların üstünü örtürəm, ikincidə kondisioneri söndürürəm, üçüncüdə durub bir stəkan su içirəm və s. ancaq məndən fərqli olaraq yuxudan ayıldımı, təzədən heç cürə yata bilməyən qonşularımın canları boğazlarına yığılıb küçə itlərinin səs küylərindən. Problem təkcə səs-küy olsaydı, yenə də dözmək olardı. Ancaq ortada başqa təhlükəli nüanslar da var. Məsələn, keçən ay Salyanda quduzluqdan ölən on yaşlı uşağın taleyini bizim də bir gün yaşamayacağımıza heç kim qarantiya vermir. Çörək almaq üçün həyətə düşüb evə quduz it kimi qayıtmaq nə qədər amansız taledir, İlahi.

Canavar haqqında özündən uydurduğu nağıldan qorxub bütün gecəni ağlayan qızım kimi, yazdıqlarım gözümü necə qorxutdusa, məsələni talenin ümidinə qoymaqdansa aidiyyatı qurumla əlaqə saxlamağın daha məntiqli olduğunu düşünüb, Mənzil Kommunal Təsərrüfat Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə idarəsinə zəng vurdum. Özümün və qonşularımın adından problemi məruzə edib, acizanə şəkildə kömək istədim. Xanım müraciətimi qeydə alıb, qısa zamanda həll olunacağını söylədisə də, məsələyə bir də itlərin aspektindən baxıb, talelərinin necə olacağı ilə maraqlandım. Əvvəllər ov silahı ilə öldürülən küçə itlərinin artıq əllə tutulub xüsusi ərazilərdə saxlanıldığını deyən xanım, bir balaca da olsa ürəyimi sakitləşdirdi.

PS: Əgər bizdə olduğu kimi, sizin də yaşadığınız ərazidə küçə itlərinin sayı insanların sayıdan çoxdursa, üfürə-üfürə böyütdüyümüz körpələrimizin itin-qurdun badasına getməməsi üçün, mütləq yuxarıda qeyd etdiyim Mənzil Kommunal Təsərrüfat Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə zəng vurub kömək istəyin.