Qul bazarındakı hüquqşünas...

qul-bazarindaki-huquqsunas
Oxunma sayı: 2671

Xuraman Hüseynzadə

...Həmin gün ali məktəblərə daxil olanların adları açıqlanmışdı. Və mənim sevincdən uçmağa qanadım yox idi. Həyatımda o cür sevinmədim bir də. Tələbə olacaq, ali təhsil alacaqdım. Sevincin də gözəli, unudulmazı olurmuş...

Universitetdə ilk dərs başlayanda bu sevinci ümid əvəzlədi. Böyük ümidlə və arzularla diplom alacağım günü gözlədim. Oxudum, zəhmət çəkdim. Nə qədər xərcimiz çıxdı. Elə oldu ki, rüşvətxor bir müəllim qurbağanın daxili orqanlarından kəsdiyi imtahana bir qoyunun pulunu aldı məndən... Xərcə, borca düşdük. Amma yenə də ümidimi itirmədim. İşləyəndə bunların hamısının unudulacağını düşündüm.

Olmadı...

Diplomumun çörəyini yeyə bilmədim.

İndi həmin ümidi ümidsizlik əvəzləyib. Ancaq tozunu silmək üçün dolabdan çıxarıram diplomumu.

İllərlə əziyyət çəkdim işləmək üçün. Hara getdim qarşıma “rüşvət” adlı yekə bir daş dığırladılar. Sizif kimi o daşı dağın başına qaldırmağa çalışsam da alınmadı. Onun kimi mən də faydasız işlə məşğul olurdum.

Sonra işləmək üçün imtahanlar gəldi meydana. Gözəl təklif olduğuna sevindim. Amma burda da çətinliklə üzləşdim. Axı mən universiteti bitirəndə kurikulum sözünü eşitməmişdim.Bu sistemə keçid o boyda əziyyətimi heç elədi. Nə qədər mənim kimi kurikulumdan əvvəl ali təhsil alanlar həmin çətinliklə üzləşdi.

Bir mahnıda deyildiyi kimi: “Neyləyək? Alınmadı...”

Bu il ali məktəblərə imtahan verənlər haqda oxudum. Çoxu heç 200 bal toplamayıb. Ali məktəbə qəbul olan nə qədər abituriyent var ki, seçdikləri ixtisasda yanılıblar. Elə Facebookda da neçə gündür, bu haqda müzakirələr gedir. Ziyalılar gənclərə ixtisas seçimində yanılmamağı arzulayır.

Seçilən ixtisasların adı gəlişigözəl səslənir. Amma nəticəsi nə olacaq, sual altdadı.

Məndən az bal yığmış qonşumuz Elxan İqtisad Universitetinə daxil olmuşdu. İndi bankda yaxşı vəzifədə çalışır. Bir dəfə təsadüfən şəhərdə görüşdük Elxanla. Dedi, görürsən, o vaxt sənə dedim ki, dövrün nəbzini tut, indi iqtisadiyyat, biznes əsridir...

Mənim seçdiyim universitet də lazımlıdı. Amma işləmək üçün qarşıya qoyulan şərtləri görəndə düşünməli oluram: Əgər universiteti bitirənlərin savadına şübhə ilə yanaşacaqdınızsa niyə diplom verirdiniz?

***

Evimizin yanındakı metroya tərəf düşəndə “Qul bazarı” deyilən ərazinin yanından keçirəm. Həmin ərazinin Adil adlı gənc bir işsizi var. Biz tərəflərin fəhləliyini o edir çox vaxt. İxtisasca hüquqşünasdır...