“Qulp” Mübarizin ələ saldığı iş...

qulp-mubarizin-ele-saldigi-is
Oxunma sayı: 2204

Fərid Hüseyn

Dəhşətdi... Hər gün meyarsızlıq sindromu “quyruq bağlayır” həyatımızda. Şeirləri ələ salınan, özünü bütün mümkün vasitələr hesabına bihörmət eləməyə çalışan, sosial şəbəkələrdə hər cür sərt reaksiyalarla üzləşən Elza Seyidcahan “Xalqın şairi” adlı şeir yarışması verilişində münsifdir. Verilişin aparıcısı Qulp Mübarizdir. Bir dövr cəmiyyətimizdəki çatışmazlıqlara satirik yanaşan, sanki hündür bir yerdə dayanıb aşağıdakılara acı-acı gülən bir adam – “Qulp” verilişinin aparıcısı. İndi həmin adamı “aşağı salıblar” və məşğul olduğu iş əsl “Qulp”luqdur. İndi o bir zamanlar ələ saldığı işlərin qulpundan yapışmalı olub.

Fransada küçədən keçən insanlara sual veriblər ki, “Baş nazir olsanız neyləyərsiniz?” Əksər adam suala cavab verməyib, bəziləri də deyib ki, bizdən baş nazir çıxmaz, çünki siyasi savadımız yoxdur, biz öz sahəmizin mütəxəssisiyik. Eyni sualı yoldan keçən azərbaycanlılara ünvanlayanda hərəsi bir vəd verib, hətta küçə süpürən də fabrik-zavod tikəcəyini deyib. Deməli, bu ölkədə çoxları özünü baş nazir postuna layiq hesab edir. İmtina mədəniyyətimiz arzuolunan səviyyədə deyil.

Faciəmiz o deyil ki, Elza Seyidcahan şeir müsabiqəsinə jüri seçilib, ora çağırılıb, faciəmiz odur ki, Elza çağırılan kimi özünü o yerə layiq bilib. Dövlət Elza xanıma Xalq şairi adı verməz, məlum həqiqətdir, ancaq belə bir hadisə olsa, inanın ki, özünü həmin ada layiq bilər. Çünki əksər insanlarımızda layiq olmaq amalı yoxdur, layiq görülmək arzusu var. Ona görə də kimi haracan desən ucaltmaq, hansı vəzifəyəcən desən dartıb aparmaq olar, çünki heç kəs nəyisə bacarmayacağından qorxmur, hər kəsi işin məsuliyyəti yox, qazancı düşündürür. 

Bir bəlamız da odur ki, bizdə əsas işindən daha çox, insanlar həvəskarı olduqları, məşğuliyyət kimi yanaşdıqları sahələrə iddialıdırlar. Elza xanım da həmçinin.

Meyxana efirləri zəbt edəndən sonra gənclərdə bu sahəyə meyl yarandı, bu sənət kütləviləşdi. İndi növbə poeziyanındır, şeir də kütləviləşəcək və bununla da ədəbiyyatda peşəkar meyarlar tamam itəcək. Sözlə, müqəddəsliklə bağlı hər şeyi kütləviləşdirirlər, dərviş sənəti sayılan meyxana söyüş hazırcavablığına çevrildi, xalq mahnıları toy mahnılarına, indi də növbə şeirindir. Əsl şeir xalq üçün anlaşılmaz olacaq. 

Dünya şəhərlərinin ədəbiyyat paytaxtı elan olunduğu, ayrı-ayrı ölkələrdə durmadan müqayisəli ədəbiyyatla bağlı konfransların təşkil edildiyi, insanların durmadan “kitab qurdu”na çevrildiyi bir dövrdə biz hələ “Xalqın şairi” adlı ucuz şoular düzəldirik. 

Gözünüzü yumun və o şouda Elyaza Seyidcahana şeirini bəyəndirməyə çalışan, onun dəsti-xəttində yazaraq üslubdaş olacağı adamları xəyalınızda canlandırın, yaxud münsiflər heyətinin üzvü Qulu Ağsəslə şeir üstündə mübahisə edərkən Elza xanımın “bilirsinizmi necədir” ədasını düşünün və anlayın ki, biz nə gündəyik.