Quminski Nərimanovda seçki məntəqələrinə baş çəkib

quminski-nerimanovda-secki-menteqelerine-bas-cekib
Oxunma sayı: 1263

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, A.Fərzəliyev ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilə bağlı Seçki Məcəlləsinə əsasən Rayon İcra Hakimiyyətinin üzərinə düşən təşkilati vəzifələr barədə məlumat verib. İcra başçısı hər zaman olduğu kimi qarşıdan gələn Prezident seçkilərinin də vətəndaşlarımızın fəal iştirakı ilə bütün respublikada, eləcə də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə və ölkəmizin dinamik inkişafına yeni bir nəfəs verəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Viktor Quminski başçılıq etdiyi nümayəndə heyətinin əsas missiyasının müvafiq qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının hazırlıq prosesinin və keçirilməsinin obyektiv qiymətləndirilməsi olduğunu qeyd edib, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar rayon ərazisindəki seçki dairələri və məntəqələrinin seçkilərə hazırlığı ilə maraqlanıb.

Sonra V. Quminskinin başçılıq etdiyi nümayəndə heyəti Nərimanov rayonunda yerləşən seçki dairələri və məntəqələrinə baş çəkərək onların seçkiyə hazırlıq vəziyyəti ilə yerində tanış olub.