"Azərbaycan birmənalı olaraq ATƏT-ə müraciət etmişdi ki..."

quotazerbaycan-birmenali-olaraq-atet-e-muraciet-etmisdi-kiquot
Oxunma sayı: 1103



- ATƏT-in Azərbaycanla bağlı statusu dəyişdirilərək layihə koordinatoru səviyyəsinə endirildi. Bundan sonra ATƏT-in Azərbaycanda rolu nədən ibarət olacaq?
-Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə ay öncə ATƏT-in Mərkəzi Ofisinə müraciət edərək onun statusunun dəyişdirilməsini istəmişdi. Məsələ burasındadır ki, ATƏT-in statusu olan zaman qurumun buradakı nümayəndəsi səfir statusunda olur. Amma layihə koordinatoru olan zaman artıq səfirlik statusu ləğv olunur. Və o sadəcə olaraq  Azərbaycanla bağlı həyata keçirilən layihələrin koordinatoru qismində iştirak edir. Hakimiyyətlə münasibətlərində yeni dönəm yaranır. Artıq onlar bu və ya digər şəkildə hakimiyyətin istənilən orqanının qapsını açıb müzakirələr aparmaq imkanlarından məhrum olurlar. Bunun mənası ona gəlir ki, onların statusu dəyişdirilərək səlahiyyətləri əlllərindən alınır. Belə demək olar ki, ATƏT Azərbaycan hakimiyyəti ilə müxalifət arasında dialoq təşkil etmək, onları bir araya gətirməyə çalışmaq, bu və ya digər məsələlərlə bağlı Azərbaycana tövsiyələr vermək, ölkə məmurlarının qapsını döyərək bu və digər məsələnin həll olunmasını tələb etmək fürsətləri aradan qalxır. Əsasən bu o ölkələrdə baş verir ki, həmin ölkələrdə kifayət qədər demokratik bir mühit yaranır. Artıq ATƏT-in həmin ölkədə demokratik islahatların keçirilməsinə, tövsiyələrin verilməsinə və.s ehtiyac qalmır. Və Azərbaycan iddia edir ki, artıq onun ATƏT-in xidmətlərinə ehtiyacı yoxdur. Çünki ölkə demokratikdir, siyasi, iqtisadi azadlıqları var. Və ölkə hazırda özünün inkişaf etmiş ölkə statusunu almaq istəyir. Belə bir vəziyyətdə ATƏT-in inkişaf etməkdə olan ölkələr, avtoritar rejimlər və qeyr- demokratik ölkələrdə olan statusu ilə eyni statusu Azərbaycanda saxlaya bilməz. Məsələnin mahiyyəti buna dayanmışdır. Azərbaycan ATƏT-ə üzvlük haqqı ödəyən tərəfdir. ATƏT özü bununla bağlı Azərbaycanla hər hansı mübahisəyə girə bilər. Azərbaycan da bu təşkilatın bərabərhüquqlu üzvü olduğundan və üzvlük haqqı ödədiyinə görə maliyyə məsələlərində bu və digər şəkildə təzyiq göstərə bilməz. Bu Azərbaycanın müəyyən dərəcədə özünün seçimi olmalı idi ki, ATƏT səfir statusunda, ya da layihələrin koordinatoru səviyyəsində qalsın.

-ATƏT Azərbaycanda statusunun enidirilməsi ilə  bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra bilərmi?
- ATƏT beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldıra və Azərbaycan hakimiyyətini danışıqlara davam etdirə bilərdi ki, onların bu statusu qalsın. Yəqin ki, onlar bunu istəmədilər.

- Sizcə, niyə istəmədilər?
- Mənə elə gəlir ki, bu Azərbaycan hakimiyyətinin məsələni çox sərt şəkildə qoymasından irəli gəlir. Çünki Azərbaycan birmənalı olaraq ATƏT-ə müraciət etmişdi ki, onun statusu dəyişdirilsin və bu cür şəkildə davam edə bilməz. Bu Azərbaycan tərəfinin siyasi və qəti mövqeyi idi. Əlbəttə ki , ATƏT də özünün siyasi və qəti mövqeyini açıqlaya bilərdi. Amma istəmədilər. Yəqin ki bu da ATƏT-in bir az dişsiz qurum olması anlamına gəlir. Ümumiyyətlə, ATƏT-in Azərbaycanda göstərdiyi fəaliyyət də heç bir zaman  Azərbaycan xalqını və demokratik qüvvələri qane etməmişdir. Mən heç inanmıram ki, hakimiyyəti də qane etmişdir. Çünki ATƏT-in özünün hər hansı hüquqi təsir mexanizmləri yoxdur. Tövsiyə xarakterli məsələləri yerinə yetirir. Heç bir zaman bunun ciddi təsirlərini də hiss etməmişik. Bütün seçkilərdə ATƏT-in hazırladığı bəzi hesabatlardan razı qalmışıq. Hesab edirik ki, ATƏT Azərbaycanda layihə koordinatoru qalması bizim üçün böyük zərbə deyil. Amma ATƏT-in özünün nüfuzu üçün böyük zərbədir.

- Statusun dəyişdirilməsi ATƏT-in Minsk Qrupunun fəaliyyətinə hər hansı təsiri ola bilər?
- Qətiyyən. ATƏT-in Minsk Qrupunun Azərbaycanda fəaliyyət göstərən ofis xidmətindən heç bir asılılığı yoxdur. O beynəlxalq statusa malik olan bir qurumdur. Heç bir halda Azərbaycandakı ofisə bağlılığı olmayıb. Bu baxımdan zərrə qədər də təsir göstərə bilməz.

- Statusun dəyişdirilməsinə cəhd edilməsinin seçkilərlə hər hansı əlaqəsi ola bilərmi? Baxmayaraq ki, qərar 2014- ci ilin yanvarından qüvvəyə minəcək.
- Azərbaycan tərəfi bu müraciəti edərkən nəzərində 2013- cü il seçkilərini tutmuşdu. ATƏT seçkilərlə bağlı Azərbaycana həm hesabatların hazırlanması, uzun və yaxın müddətli müşahidəçilərin gətirilməsini də nəzərdə tutmuşdu. Hələ ki ATƏT öz statusunu saxlayır. Amma istənilən halda ATƏT-in nüfuzu zərbə aldı. Artıq əvvəlki səylə və əzmlə çalışa da bilməz. Çünki bilir ki, artıq asılı bir vəziyyətdədir. ATƏT-in sözü əlindən aldı və bu da seçkilərdə özünü göstərəcək.

- Bundan sonra ATƏT üzv olan digər ölkələr də belə bir cəhdlə çıxış edə bilərmi? Ümumiyyətlə, bu qurumun ləğvinə gətirib çıxara bilərmi?
-ATƏT ləğv oluna bilməz. Onun missiyası tək demokratiya və insan hüquqları ilə bağlı deyil. Sadəcə olaraq avtoritar və qeyri- demokratik rejimlərdə və yarı demokratik ölkələrdə ATƏT əsasən hakimiyyətlə işləyir. Ölkələrə demokratikləşmə ilə bağlı tövsiyələrini təqdim edir. Həqiqəti desək, ATƏT missiyası onunla əməkdaşlıq etmək istəyən dövlətlərə yardım göstərməkdir. ATƏT-in hüquqi mexanizmi yoxdur ki, hər hansı avtoritar rejimi cəzalandırsın. Hakimiyyətlər sadəcə bəzi məsələləri həll edə bilmirsə, ATƏT-in ekspertlərinə müraciət edir. Əgər istəmirsə , bunun anlamı itir. Bəri başdan ATƏT tam olaraq günahlandırmaq da düzgün deyil. Azərbaycan hakimiyyəti buna ehtiyac duymursa, bu onun fərdi yanaşmasıdır. Sadəcə olaraq ATƏT Azərbaycanda insan haqları və demokratiya sahəsindəki fəaliyyətini başa vurdu. Bundan sonra bir QHT kimi layihələrə nəzarət, onun keçirilməsində iştirak edə bilər. Bundan sonra hakimiyyət heç bunu qəbul etməyə də bilər. ATƏT-in Azərbaycanda hesab edirəm ki, təhlükəsizlik, ekologiya, əsasən də insan trakinqi  və media azadlığı ilə bağlı missiyası qalacaq. ATƏT-in dünyada olan əsas missiyyalarından biri Avropada təhlükəsizlikdir. Sadəcə olaraq ATƏT-in özünü daha ciddi və mobil quruma çevirmək istəyir. ATƏT yanaşmalarını dəyişməlidir. Ola bilsin ki, Azərbaycanın ardından digər ölkələrin də gözü açılsın. Mənim bildiyimə görə, Qazaxıstan da artıq müraciət edib və orda da status layihə koordinatoru missiyasına endiriləcək.

Günel Türksoy