"Bu onun demokrat imicinin dəfn olunmasıdır" - Saakaşviliyə

quotbu-onun-demokrat-imicinin-defn-olunmasidirquot
Oxunma sayı: 2029



- Gürcüstan prezidenti Mixeil Saakaşvili Milli Şuranın Tbilisidə keçirilən iclasını qınayıb və  Gürcüstan hökumətinin belə məsələlərdə ehtiyatlı olmasını bildirib. Necə qiymətləndirirsiniz? 

-Saakaşvilinin bu bəyanatını onun demokrat imicinin dəfn olunmasının son nöqtəsi kimi dəyərləndirmək olar. Onun açıqlamasındakı bir sıra məqamlar Saakaşvilinin iç üzünü açır. 

Birinci, onun bəyanatında açıq rasist, millətçi bir əhval- ruhiyyə hiss olunur. O,  Gürcüstan haqqında deyir ki, “bəli,  biz demokratik ölkəyik, bizdə hər cür azadlıqlar təmin olunmalıdır”.

Ancaq eyni zamanda hesab edir ki, Azərbaycan xalqı demokratiya uğrunda mübarizə aparmamalıdır. Azərbaycan xalqı avtoritar rejimə qarşı etirazını bildirməməlidir. Azərbaycan xalqı azad və ədalətli seçkilər keçirmək uğrunda addımlar atmamalıdır. Niyə Azərbaycan xalqının bu hüquqdan, azadlıqlardan bəhrələnmək istəyini Mixeil Saakaşvili qəbul etmir? Ancaq deyir ki, Gürcüstan azad, demokratik ölkədir. 

İkinci məqam odur ki, Saakaşvili Azərbaycanda uzun illər demokratiya, Avropaya inteqrasiya uğrunda mübarizə aparan demokratik qüvvələri açıq-aydın təhqir edir və iddia edir ki, guya   bu qüvvələr hansısa bir Rusiyanın layihəsidir. Halbuki,  Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Vaşinqtona, Avropaya səfərləri, mənim də bu yaxınlarda ABŞ Konqresində, Ağ Evdə, Amerikanın Təhlükəsizlik Şurasında, Dövlət Departamentində görüşlərim, Milli Şuranın tərkibində uzun illərdir qərb institutları, aparıcı qərb dövlətləri ilə əməkdaşlıq edən Azərbaycanın aparıcı siyasi partiyaları, vətəndaş cəmiyyətinin liderləri, demokratiya uğrunda mübarizə nəticəsində onlarla siyasi məhbus olmuş insanlar var. Belə bir qurumu Rusiyanın layihəsi adlandırmaq Saakaşvilinin açıq-aydın hansısa konyektura siyasi motivlərindən xəbər verir. 

Nəhayət, üçüncü vacib məqam onun konyektura  siyasi motivləri ilə bağlıdır. Birinci dəfə deyil ki, Saakaşvili  Azərbaycanda mövcud olan avtoritar, korrupsiyalaşmış  rejimə açıq-aydın siyasi,  informasiya və mənəvi xidmətlər göstərir. Sirr deyil ki, Saakaşvilinin prezident kürsüsündə qalmasına yalnız bir neçə ay qalıb. O da sirr deyil, Gürcüstanda azad seçkilər nəticəsində qalib gələn hakimiyyət Saakaşviliyə qarşı çox ciddi ittihamlar irəli sürür. Elitar korrupsiya, rəqiblərinə qarşı hüquq-mühafizə orqanlarının resurslarından istifadə etməsi, qeyri-qanuni təqib və həbslərlə bağlı ittihamlar var. Bununla da bağlı Saakaşvili açıq-aydın yaxın zamanlarda özünə sığınacaq axtarır. Təsadüfi deyil ki, o,  sığınacağı hansısa bir demokratik ölkədə yox, məhz avtoritar, korrupsiyalaşmış rejimlərə yarınmaqla buna nail olmaq istəyir. 

Mən Tbilisidə olanda bir neçə dəfə küçədə sadə gürcülərlə söhbətlər etdim. Orada Saakaşvili ilə bağlı bir xoş söz deyən adam qalmayıb. Sosioloji sorğulara görə, indi onun reytinqi sıfıra yaxındır və başının üstündə törətdiyi cinayətlərə görə prezident kürsüsünü tərk edən kimi ona qarşı hüquq-mühafizə orqanları tərəfindən çox ciddi ittihamlar irəli sürüləcək. Belə bir insanın indi  Azərbaycanda mövcud olan avtoritar, korrupsiyalaşmış bir rejimin əsas beynəlxalq müdafiəçisinə çevrilməsi çox acınacaqlı, komik və farsa bənzəyən bir mənzərə yaradır. Çox təəssüf olsun ki, bir sadə gürcünün dediyi kimi,  “o adam çox yaxşı başlamışdı, ancaq sonra cürcü xalqının ümidlərini doğrultmadı”. Mənə elə gəlir ki, Saakaşvili Azərbaycanın avtoritar rejiminin ümidlərini doğrultmağa yox, öz xalqının ümidlərini doğrultmağa çalışmalıdır. 

- Saakaşvili  eyni zamanda bildirib ki, Milli Şura Rusiyanın layihəsidir və  Azərbaycanda stabilliyin pozulmasına yönəlib. Milli Şuranın Azərbaycanda stabilliyin pozulmasına yönələn addımlar atmaq planı varmı? 

-Hamıya bəllidir ki, Milli Şura öz platformasını irəli sürüb.  Milli Şuranın keçid dövrü ilə bağlı platforması açıq iclasda müzakirə olunub, hamı tərəfindən qəbul edilib və səsvermədə bunun əleyhinə olan olmayıb. Platformanın əsas xətti azad və ədalətli seçkilər vasitədi ilə  demokratiya keçidi təmin etməkdir. Dünyada yalnız iki  qüvvə Azərbaycan xalqının Demokratik Qüvvələrinin Milli Şurasının azad, ədalətli seçkilər keçirməsinin stabilliyi pozmaq və az qala dövlət çevrilişinə cəhd kimi qəbul edir. Bu,  Azərbaycanın korrupsiyalaşmış rejimi və Mixael  Sakaşvilidir. Nə vaxtdan azad, ədalətli seçkilər keçirmək istəyi stabilliyi pozmaq kimi qiymətləndirilir? Kim belə ifadəni işlədə bilər? Yalnız harınlamış, korrupsiyalaşmış avtoritar rejimlər və Mixael Saakaşvili./contact.az/