"Putin Azərbaycana əliboş gəlmir, amma..."

quotputin-azerbaycana-elibos-gelmir-ammaquot
Oxunma sayı: 3685


- Rusiya prezidentinin Azərbaycana səfərindən gözləntiləriniz. Putinin səfərə əliboş getməsi və əliboş qayıtmayacağına əminsizmi?

- Putinin Azərbaycana gəlməsi təsdiqlənsə də, o gəlməyə də bilər. Güman edirəm ki, o, Azərbaycana gələrsə, buradan da İrana səfərə getməsi mümkündür. Bunu Rusiyanın prezidentinin turnesi kimi də başa düşmək olar. Azərbaycanda 9 oktyabrda prezident seçkiləri keçiriləcək, avqustun 3-də isə İranın 14 iyunda qələbə qazanan yeni prezidenti Həsən Ruhani and içib. Məsələləri yeni rakursdan müzakirə etmək üçün imkanlar yaranıb və Putin də bunu dəyərləndirmək niyyətindədir. 

Putin, öz təqdirinə görə səfərə əliboş gəlmir, amma əlidolu qayıtmasını da Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasi üçün təhlükəli hesab edirəm. O,  “Avrasiya İttifaqı”, Gömrük İttifaqı və özünün təşəbbüsü ilə yaradılan digər qlobal təşəbbüslərlə bağlı layihələrlə gəlir və konkret təkliflərinin də olması sirr deyil. Çünki, Azərbaycanda seçki ilidir, Rusiya artıq Azərbaycana “Milyardlər İttifaqı”nı hədiyyə edib, orada yaşayan nüfuzlu azərbaycanlıların dilindən mesajlarını çatdırıb və Azərbaycanın siyasi rəhbərliyi ilə münasibətlərinin pis olması məsələsini də bilərəkdən mediyaya sızdırıb.  

- Putin Azərbaycana nə gətirə, yəni hansı "hədiyyə"lərlə gələ və hansı "hədiyyə"lərlə gedə bilər?

Putin Azərbaycana “Avrasiya İttifaqı”nı, Gömrük İttifaqını və özünün təşəbbüsü ilə yaradılan digər qlobal təşəbbüsləri və Azərbaycanı da bu birliklərdə görmək istəyini gətirir. O, həmçinin Azərbaycanın enerji siyasətinin Rusiyanın mövqeyini zəiflədəcək məqamlarını Azərbaycanın nəzərinə çatdırmağı və bunun yolverilməz olduğunu bildirməyə gəlir. O cümlədən, o istəyir ki, Rusiyanın da Azərbaycanın neft və qaz layihələrindəki rolu artırılsın və Rusiya də bu sahədə söz sahiblərindən birinə çevrilsin. Əgər, bu razılaşma varsa, o zaman “Rosneft” Şahdəniz layihəsində pay ala bilər. 

Bununla bərabər, Azərbaycanın avro-atlantik məkana inteqrasiyası Rusiyanın qlobal və regional təşəbbüslərinə ziyan vurmamalıdır. Bir sözlə, Putin Azərbaycanı özünün peyki kimi görmək istəyir. Istəyir ki, peykin idarəetmə mexanizmi Moskvada olsun və istədiyi zaman o Azərbaycanı kənara çıxan zaman orbitinə qaytara bilsin.

- İranda yeni prezidentin seçilməsi, Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi Bakıya qarşı Moskva-Tehran-İrəvan birliyinin dağılmasına gətirib çıxara bilərmi?

- Heç zaman. Dövlət siyasətində emosiyalar rol oynamır. Maraqlar həmişə var.  Ermənistana təsir etmək üçün Rusiyanın onlarla təzyiq metodları var. Digər tərəfdən, Ermənistanın başqa çıxış yolu varmı? İran və Rusiya Ermənistanı Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər və bu tendensiya həmişə davam edəcək. Bu gün isə, hesab etmirəm ki, Bakıya qarşı Moskva-Tehran-İrəvan birliyi mövcuddur. Belə birlik yoxdur, olsa belə təzyiq göstərmək üçündür. Amma, Azərbaycanın da həmişə kontur hücum üçün vasitələri var. Əksinə, İran hesab edir ki, Azərbaycanda İrana qarşı Bakı-ABŞ-İsrail birliyi var. Rusiya isə düşünür ki, ona qarşı Bakı-ABŞ-Avropa Birliyi qruplaşması var. Amma, həqiqətdə isə, bunlar az da olsa var, amma adı çəkilən ölkələrə ziyan vurmaq və onların maraqlarına zərbə vurmaq üçün deyildir. Ölkələr özlərini qorumaq və söz sahibi olmaq uğrunda mübarizə aparırlar. Bu da özünü qoruma, iqtisadi və siyasi maraqlarını təmin etmək üçün olan fəaliyyətlərdir.

- Rusiya-Ermənistan münasibətlərindən söz düşmüşkən, necə fikirləşirsiz, İrəvan həqiqətən də Moskvaya arxa çevirə bilərmi? Və yaxud da artıq Moskva İrəvanın ona lazımsız olduğunu düşünür. Bəlkə bu bir manevrdir?

- İrəvan Moskvaya arxa çevirə bilməz. Rusiya-Ermənistan münasibətlərində soyuqluq Rusiyanın Ermənistana nəql etdiyi qazın qiymətini qaldırmasından sonra başladı. Ermənistan isə Rusiyaya təzyiq etmək və qazın qiymətini aşağı saldırmaq üçün Avropaya yaxınlaşmaq və avro-inteqrasiyaya meylli olduğunu göstərməyə başladı. Rusiya isə iqtisadi maraqlarından çıxış edərək, onun bu şıltaqlıqlarına məhəl qoymadı.  Axı, həm də Avropaya inteqrasiya elə həmin an xöşbəxtlik vəd etmir. Avropanın tələbləri və standartları çox böyükdür. Nə qədər çox demokratik islahatlar keçirsən, nə qədər çox sivil ölkə olsan, sərhədlərini möhkəmlətsən, münaqişələrdən uzaq dayansan və stabil ölkəyə çevrilsən, bir o qədər çox maliyyə vəsaiti və yardımı almaq imkanlarına malik olursan. Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də əsas qaye “çox demokratiya, çox dəstək” məsələsidir. Kim çox standartlara uyğunlaşarsa, bir o qədər də dəstək alır.

Buna görə də Ermənistanın Avropadan çox almaq imkanları məhduddur. Bu ölkənin ciddi demokratiya problemləri var.

- Qarabağın açarını Rusiyadan almaq üçün Azərbaycan nəyi qurban verməlidir və yaxud da hansı şərtləri qəbul etməlidir?

- Əslində, Qarabağ münaqişəsinin həlli üçün açar artıq Rusiyanın əlində deyil. Kreml o açarı salıb haradasa itirib. O açarı Bakı və Irəvanda axtarmaq lazımdır. Mən həmişə demişəm ki, münaqişənin həlli üçün siyasi iradə lazımdır. Siyasi iradə də Bakı və İrəvandan asılı məsələdir. Siyasi iradə əldə etmək üçün hər iki ölkədə iqtidar və müxalifət arasında münaqişənin həlli üçün konsensus əldə edilməlidir. Bu olmayınca, münaqişənin həlli uzanacaq və açar axtarışında olacağıq. Onu da deyim ki, açar bir ədəd deyil. Əsas açar, ikidir. Biri Bakıda, o biri isə İrəvanda. Bir köməkçi açar da var. Bu isə ATƏT-in Minsk Qrupu ölkələrindədir. Qıfıl isə bir dənədir. Bu qıfılın tez açılması üçün hər üç açar lazımdır. Amma, siyasi iradə güclü olarsa, əsas iki açar, köməksiz açarsız da qıfılın öhdəsindən gəlmək iqtidarındadır.

- Qarabağ məsələsinin həll olunacağını düşünüb Avropaya üz tutduq. Avropanın enerji təhlükəsizliyini təmin etdik. Amma nəticəsini görmədik. İndi hansi siyasət yürütməliyik...?

- Enerji məsələsindən istifadə edərək Qarabağ münaqişəsini çözmək 90-cı illərdə və maksimum 2000-ci ilin lap əvvəllərinə kimi mümkün idi. Azərbaycan güzəştli və daha məqbul şərtlərlə Qərb şirkətləri ilə neft və qaz müqavilələri bağlamışdı. Amma, aldandıq. Onlar barmaqlarını belə tərpətmədilər. Indi isə, enerji daha çox iqtisadi və kommersiya mahiyyəti təşkil etməyə başlayıb. Azərbaycan öz enerji ehtiyatlarını satmaq üçün bazar axtarır və bir çox hallarda şərt irəli sürən tərəfə çevrilib. Hal-hazırda, enerji Qarabağ münaqişəsinin həlli üçün imkan rolunu itirib. Əksinə, neft və qaz şirkətləri münaqişənin donmasında maraqlıdırlar ki, onların kommersiya maraqları zərər görməsin.

Siyasəti dəyişə bilmərik. Azərbaycan neft və qazını satmalıdır və satır. Qərbə satmaqdan imtina edib, Rusiya və İrana sataqmı? Bu də konturları dəyişməyəcək. Əksinə, Azərbaycan həm o yandan, həm də bu yandan olacaq. Nəticədə, ixrac siyasəti ciddi zərbə alacaq və bundan da qonşu dövlətlər olan Rusiya və İran faydalanacaq. Enerji üzərindən siyasət qurmaq get-gedə tənəzzülə uğramaqdadır. Çünki, bazarda oyunçular məqam gözləyirlər. Bununla bərabər, dünya yeni enerji resursları axtarışındadır və bərpa oluna bilən enerji, bio resurslardan alınan enerji ənənəvi enerjiyə yaxın onillikdə meydan oxuya bilər. Buna görə də neft və qazdan nə qədər tez fayda götürülsə, bir o qədər yaxşıdır.

- Milli Şuranın da Rusiyanın layihəsi olduğu bildirilir.... İnandırıcıdırmı?

Deyil. Rusiyanın layihəsi olsa idi, Rüstəm İbrahimbəyov hay-küylə Rusiya vətəndaşlığından azad edilər və Rusiyanın yuxarı hakimiyyət eşalonlarında görüşlər keçirərdi. Ən azından ORT və Rusiya kanalları onun bir neçə müsahibəsini yayımlamalı idilər. Rusiya siyasətçiləri onunla görüş üçün randevi sırasına yazılmalı idilər. Bunlar ki, olmadı.... Rusiya yaranmış prosesdən öz maraqları üçün istifadə edə bilər.  O qədər.

- Açığını söyləyin, 20 ildir müxalifət vahid namizəd məsələsini çözə bilmirdi. Birdən-birə bu məsələnin həll olunması nədən xəbər verə bilər?

- Müxalifətin özünün də yetginləşməsindən və yarana vəziyyəti real qiymətləndirməsindən. Müxalifətin dağınıq vəziyyətdə seçkilərə getməsi və vahid namizəd müəyyən edə bilməməsi xalqın fətvası ilə nəticələnə bilərdi. Vahid namizədlik ideyasına xələl gətirənlər, vahid namizədliliyin alınmamasında rol alanlar, Rüstəm İbrahimbəyovun vahid namizəd kimi iştirakının alınmaması zamanı Milli Şuradan bir neçə namizədin irəli sürülməsində iştirakçı olanlar ictimai rəyin kəskin təzahürü ilə siyasi səhnədən silinmək riski ilə üz-üzə qalacaqlar.

- Milli Şurada daha peşəkar siyasətçilər qala-qala niyə məhz İbrahimbəyov? Onun vahid namizədliyini əsaslandıran hansı şərtlər var? Yəni digərlərindən fərqləndirən hansı cəhətlər var?

- O, Milli Şurada olan bütün üzvlərin əksəriyyətinin səsini qazana bildi. Bir siyasətçi adı çəkin ki, o bütün üzvlərin səsini ala bilərdi. Mümkün deyil. Amma, Milli Şurada xalqın və millətin dəstəyini qazana biləcək, səsini ala biləcək, dəyişikliyin başında sərkərdə kimi dura biləcək siyasətçi, bəlkə də siyasətçilər var. Amma, siyasətçilər bir-birlərinə güzəşt getmirlər. Sonunda küçədən keçən püşklə razılaşdırılmış bomj həyatı yaşayan birini vahid namizəd kimi görmək istəyərlər, amma real siyasətçini yox. Çünki, siyasətçilərin içində böyük iddialar gizlənib və onlar inandırıcı olub olmasa da, məhz özlərinin xilaskar olduqlarına ürəkdən inanmış kimi görünürlər. Bi isə istehza doğurur. Nə etməli, hələ ki, başqa çıxış yolumuz yoxdur və siyasətçi olmayan birinin üzərində dayanmağa məhkum və məcburuq. 

- Əgər onun namizədliyi müəyyən amillərlə qeydə alınmazsa Milli Şurada nələrin baş verəcəyini proqnozlaşdırırsız?

- Bu zaman, boykot çağırışları ola bilər. Bununla yanaşı, yeni bir vahid namizədin seçilməsi üzərində Milli Şura üzvlərinin təkidi və israrı olacaq. Amma, sirr deyil ki, yaranmış vəziyyətdən istifadə edərək bir neçə nəfər də öz namizədliyini versin. Hər halda, ən azından bir həftə bütün əsəblər tarıma çəkiləcək və sonuncu qərar verilənə kimi bir çox insanın əsəbləri dözməyə də bilər. Rüstəm İbrahimbəyovun namizədliyinin alınmaması fəlakətə bənzər bir hal yaradacaq. Amma, müdrik siyasətçilər o kəslərdir ki, yaranmış problemdə də imkanlar axtarsınlar və düzgün qərar verməyi bacarsınlar. Yenə də mənəm-mənəmlik başlayacaqsa, bu xalqın etimadının itirilməsi ilə nəticələnəcək. 

- İbrahimbəyov xarici turnelərə çıxdı. Seçkiöncəsi xarici səfərlər etmək prezident seçiminə nə kimi köməklik göstərə bilər?

- Xarici səfərlər və qəbullar namizədin ciddiliyinə dəlalət edir və seçicilər də bunu dəyərləndirir. Beynəlxalq dəstəyin qazanılmasında əsaslı rol oynayır. Ölkəyə və namizədə diqqət yönəldir. Bu baxımdan çox faydalıdır.

- Prezident seçkisindən sonrakı vəziyyəti necə görürsüz?

- Vəziyyətin necə görünməsi Rüstəm İbrahimbəyovun qeydə alınıb alınmaması ilə, onun namizəd olub olmaması ilə sıx bağlıdır. Istənilən halda, Azərbaycan əvvəlki kimi olmayacaq. Xalqdan dəyişiklik tələbi var. Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki kimi idarə edə bilmirlər. 

Güman edirəm ki, 2010-cu ildən başlayan aktivizm səngiməyəcək. Azərbaycanda ciddi islahatlar və dəyişikliklər dövrü başlanacaq. Bunsuz mümkün görünmür.