"Putin bircə dəfə də prezidentlərin görüşünü təşkil etməyib"

quotputin-birce-defe-de-prezidentlerin-gorusunu-teskil-etmeyibquot
Oxunma sayı: 1791


Əvvəlcə Ermənistan prezidentinin, cavab olaraq da Azərbaycan prezidentinin bir-birinin ünvanına sərt ifadələr işlətməsi tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllindən hələ çox uzaq olduğunu ortaya qoydu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin may ayının əvvəlində bölgəyə səfərinin nəticəsiz qaldığı da bəlli oldu. Çünki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin 12 iyunda Avstriyanın Zalsburq şəhərində görüşünü təşkil etmək məqsədilə Bakı və Yeravana getmişdilər.

Görüş olmayacaq.

Ermənistan prezidenti Serj Sarkisyan bəlkə də Zalsburqa gedərdi, sadəcə Azərbaycan prezidenti İlham Əliyev növbəti danışıq imitasiyasında iştirak etmək istəmir. İlham Əliyev prezident seçkisinə hazırlaşır və onun bütün diqqəti bu məsələyə köklənib. Dağlıq Qarabağ danışıqlarında isə heç bir irəliləyiş yoxdur və onun erməni həmkarıyla növbəti görüşünün də nəticəsiz qalacağı bəri başdan məlumdur. Nəticəsiz görüş isə seçkiqabağı dövrdə Əliyevə heç lazım deyil. Əslində 2013-ün Dağlıq Qarabağ danışıqlarında itirilmiş il olduğu aylar öncəsi bəlli idi.

Buna baxmayaraq, Azərbaycanın, ardınca da Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtona səfər edərək, ABŞ dövlət katibi Con Kerri ilə görüşləri diqqətdən yayınmadı. Vaşinqton həmsədr olsa da, Barak Obama administrasiyası münaqişənin həlli prosesinə illərdir maraq göstərməyib. Buna səbəb Vaşiqntonun Rusiyanın fəal vasitəçiliyinə kölgə salmamaq idi. Ancaq Dmitri Medvedevdən fərqli olaraq prezident kürsüsünə oturan Vladimir Putin bircə dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyib, münaqişənin həllinə də maraq göstərmir. Belə olan halda Vaşinqton həmsədr olaraq həm Rusiya, həm də qarşıduran tərəflərə varlığını nümayiş etdirmək istəyib. Ancaq hiss olunur ki, Vaşinqtonun münaqişənin həllini sürətləndirmək məqsədilə konkret planı yoxdur. Plan hazırlayıb onu həyata keçirmək çox çətin və məşəqqətli işdir, Vaşinqtonun isə belə bir ağır yükün altına girməyə nə istəyi, nə də əlavə enerjisi var.

Kerrinin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə ona “Azərbaycan nədən bu qədər silah alır” sualını ünvanlaması ondan xəbər verir ki, Vaşinqton sadəcə münaqişənin yenidən alovlana biləcəyindən ehtiyat edir. Kerrinin Məmmədyarov və Nalbandyanla görüşünü əsas missiyası həm Azərbaycan, həm də Ermənistanı silahlı münaqişədən çəkindirmək, tərəfləri bundan sonra da atəşkəsə riayət etməyə çağırmaqdan ibarət olub. Sərhəd zolağında atəşkəsin tez-tez pozulması halları, hər iki tərəfdən verilən itkilər Vaşinqtonu ciddi narahat edir. ABŞ 2014-cü ildə Əfqanıstandakı qoşunlarını geri çəkməyi planlaşdırır. Yüklərin böyük əksəriyyəti isə Cənubi Qafqazın hava sahəsi üzərindən daşınacaq. Ona görə də Cənubi Qafqazda sabitliyin pozulması ABŞ-ın bir il sonrakı planlarına mənfi təsir edə bilər.

Bu arada, rəsmi Bakı Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin “Ermənistan qazla bağlı bizə müraciət etsə, biz onlara yardımçı olarıq” ifadəsi vasitəsilə taktiki gediş edib.

Azərbaycan prezidentinin icazəsi olmadan baş neftçinin ona aid olmayan belə bir siyası açıqlama verməsi mümkün olmazdı. Görünür, İlham Əliyev Serj Sarkisyanla söz atışması aparmasına baxmayaraq, Rövnəq Abdullayevin açıqlaması vasitəsilə topu Ermənistan cəmiyyətinə atıb.

Ermənistan əhalisi Rusiyanın onlara baha qaz satmasından narazıdır və Yerevan küçələrində buna etiraz edirlər. Rusiyanın baha qaz satışı Ermənistan hakimiyyətini də narahat edir, ancaq Yerevan illərdir Moskvanın qiymət siyasətini dəyişməyə nail olmur. Yerevanda belə düşüncə hakim idi ki, əgər Ermənistan Rusiyanın strateji müttəfiqidirsə və onun bütün istəklərini yerinə yetirirsə, Moskva da Ermənistanın istəklərini diqqətə almalı, müttəfiqinə ən azı qazı ucuz qiymətə satmalıdır. Ancaq Rusiyadakı hakim dairələr Ermənistana müttəfiq dövlətdən çox, asılı dövlət kimi baxırlar və qazın qiyməti məsələsində Yerevana güzəştə getmirlər. Hadisələrin bu istiqamətdə gedişi isə Azərbaycanın diplomatik cinahda fəallaşmasına imkan verir.

Birincisi, Ermənistanda Rusiyanın siyasətindən narazılığın artması bu ölkədə Qərbyönümlü qüvvələri fəallaşdıra bilər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından həmin qüvvələrlə dil tapmaq daha mümkün görünə bilər. Məhz bu qüvvələr içindəki şəxslər Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyinin olmadığını anlayırlar.

İkincisi, rəsmi Bakı Yerevana Rusiyanın satdığından daha ucuz qaz təklif etməklə (Azərbaycan Gürcüstana qazın min kubmetrini 230 dollara satdığı halda, Rusiya Ermənistana qazın min kubmetrini 315 dollara satır) qarşı tərəfə bir növ mesaj göndərir: İşğal altındakı torpaqların boşaldılması istiqamətində ilk addım atın, biz də sizə doğru yumşalma siyasətinə başlayaq.

Üçüncüsü, Bakının Yerevana ucuz qaz təklifi Qərbin də diqqətini cəlb etməli, ABŞ və Avropa Birliyini Ermənistan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə həvəsləndirməlidir ki, Yerevanın həm Rusiyadan asılılığı azalsın, həm də bölgədə genişmiqyaslı əməkdaşlıq üçün münbit zəmin yaransın.

Aydındır ki, Ermənistanın Rusiyadan asılı indiki hakimiyyəti “qaz əvəzinə Qarabağ” formulunu qəbul etməyəcək. Ancaq Yerevan Bakının təklifinə nəsə cavab vermək məcburiyyətindədir. Ermənistan hakimiyyəti həm xalqına, həm də beynəlxalq aləmə anlatmalıdır ki, “Ermənistan iqtisadiyyatı ağır durumda olduğu halda Yerevan ucuz və yaxın Azərbaycan qazı var ikən, niyə Rusiyanın bahalı qazını alır?” Bu bazaq iqtisadiyyatının təməl qanununa da ziddir.