"Səfər Əbiyev xalqda orduya inamı itirmişdi"

quotsefer-ebiyev-xalqda-orduya-inami-itirmisdiquot
Oxunma sayı: 1396


Dünyada və Azərbaycanın ətrafında baş verənlər göstərir ki, hadisələrin çoxu bizim xeyrimizə deyil. ATƏT-in Minsk Qrupunun yeritdiyi siyasət göz qabağındadır: Dağlıq Qarabağın azərbaycanlı icması ilə hesablaşmamaq,  erməni icmasının hüququndan danışaraq Azərbaycan üçün barışılmaz təhlükəli gələcək  vəd edir. Vəziyyətdən çıxış yolu ancaq Azərbaycanın  öz Ordusunu gücləndirmək , hər tərəfli təmin etmək və Ordumuza,  Silahli Qüvvələrimizə adına layiq XİLASKAR imicini formalaşdırmaqdan ibarətdir.  Qarabağ münaqişəsinin həllində Azərbaycan Silahlı Qüvvələri  azərbaycan xalqının əsas ümid yeri və güvəc mənbəyidir. Cəmiyyətimizdə Azərbaycan ordusuna olan inamın bərpası Zakir Həsənovun nailiyyətidir.

Bu gün cəmiyyərdə Silahlı Qüvvələrə münasibət dəyişdiyi hiss olunur. Bu dəyişikliklərin başında ölkə rəhbərliyinin siyasi iradəsi dayanır. 20 ilə yaxın Müdafiə Naziri vəzifəsini yiyələnən  Səfər Əbiyev xalqda orduya inamı itrmişdi.  Xatırlayıram ki, hətta Ordu da ona inan qalmamışdı. Hətta Səfər Əbiyev özü də Ordudan dəstək istəyirdi.  2012-ci ilin qışı və 2013-cü ilin yaz  aylarında bəzi “generallar” və “zabitlər” orduda Səfər Əbiyevə dəstək kompaniyasını həyata keçirərək imzalar toplayaraq Ordunu siyasiləşdirirdilər. Zamanında mən də  Orduda Səfər Əbiyevə “dəstək kompaniyasını” həyata keçirən, imzalar toplayan  zabitləri kəskin tənqid etmişəm.

Amma bu günkü  reallıq ondan ibarətdir ki, doğurdan da Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra Silahlı Qüvvələrdə dəyişiklik olub. Bu dəyişikliyin əsas nəticəsi ondan ibarətdir ki, Silahlı Qüvvələrimiz qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməklə, döyüş hazırlığının səviyyəsini yüksəltməklə, operativ planların hazırlanması və həyata keçirilməsi ilə məşğuldur. Orduda mənəvi-psixoloji mühit sağlamlaşıb. Vətən qarşısında zabit borcunu yerinə yetirmək əvəzinə bəzi “zabitlər” Səfər Əbiyev ierarxiyasının qullarına çevirilərək zabit həmkarlarından “donos” yığmaqla özlərinə “hörmət” qazanırdılar. Əbiyev sisteminin qullarının dağıdıcı fəaliyyətinə artıq son qoyulmuşdur. Zabitlər üçün işgüzar xidməti mühit yaranıb. Hərbi hissələrin hamısında quruculuq işləri çiçəklənməyə başlayıb. Bu işlər Əbiyev dönəmində olduğu kimi  zabitlərin və əsgərlərin maaşları hesabına deyil, Müdafiə Nazirinin ayırdığı vəasitin hesabına həyata keçirilir.  Əsgər və zabit valideynləri də övladlarının taleyinə görə əvvəlki kimi narahat deyillər, artıq onlarda nisbətən rahatlıq yaranıb.

20 ildən çox qışda isinmək üçün sobalarını odunla və ya soba yanacağı ilə işlədən hərbi hissələrdə təcili olraq istixanaların tikilməsi əsgər və zabitlərimizin həyatına xeyli yüngüllük gətirdi. Belə ki,  qışın soyuğundan əsgərlərimizin qorunması üçün 3 ordu korpusunda hərəsində 4, 2, 1 ədəd olmaqla 7 istixana tikilərək istifadəyə verilmişdir.

Səfər Əbiyev 20 ilə yaxın Azərbaycan əsgərinin yaşaması üçün sovetlər dönəmindən qalmış və “modernləşdirilmiş” mal tövlələrini layiq bildi.  Amma Zakir Həsənovun 4-cü ayında Azərbaycan əsgəri üçün Sərhəd  Qoşunlarında və Daxili Qoşunlarda olduğu kimi NATO  standartlarına uyğun geniş əsgər kazarmaları, zabit ailələri üçün yaşayış binaları və digər infra strukturları təmin olunacaq hərbi şəhərciklərin sürətli tikintisinə başlanılmışdır və bu işlər sürətlə aparılır.

Qısa müddətdə hərbi xidmətdə olan zabitlərin ailələrinin yaşaması üçün hər şəraiti olan mətbəx mebeli ilə təchiz olunmuş 5 mərtəbəli  yaşayış binaları Gəncədə 1ədəd, Şəmkirdə 1 ədəd, Kürdəmirdə 2 ədəd   artıq istifadəyə verilmişdir.

Zabitlərin mənzil problemlərinin həll olunması qanunvericilikdə də öz əksini tapıb. Hərbçilər ya ailəli yataqxana ilə, ya xidməti mənzillə, ya da ki, açıq şəhərdə mənzillə təmin olunmalıdır. Hazırda orduda xidmət edən və ehtiyyata buraxılmış yüzlərlə evsiz olan hərbi qulluqçuların ailələri böyük ümidlə mənzil gözləyirlər.

Lakin bu addımlarla məsələnin tam həllinə nail olmaq hələki mümkün deyil. Belə ki, “Hərbi  qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 1-ci bəndinin tələblərinə müvafiq olaraq zabit, gizir və miçmanlara mənzil kirayəsi üçün verilən pul kompensasiyaları ödənilir. Amma onun  miqdarı bazar qiymətlərinə uyğun deyil. Hazırda Bakı şəhərində bu məbləğ cəmi 47,00 AZN və hər bir ailə üzvünə bunun 50 faizini  təşkil edir. Kənd rayonlarında isə bunun yarısını təşkil edir. Göründüyü kimi məcburiyyət qarısında kirayədə yaşayan zabit ailəsi kirayə pulunun böyük hissəsini hələ də ailə büdcəsindən ödəməli olur.

“Hərbi  qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 5-ci bəndinin tələblərinə müvafiq olaraq fərdi yaşayış evi tikən hərbçilərə əvəzsiz maliyyə yardımının göstərilməsi müvafiq icra strukturları tərəfindən təmin etmir.

2014-cü ilin dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 637 milyon 362 min manat nəzərdə tutulur. APA-nın məlumatına görə, bu, 2013-cü ildə büdcənin müdafiə xərcləri bölməsində nəzərdə tutulan vəsaitdən 7,1% çoxdur. Xatırladaq ki, 2013-cü ildə dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 528 milyon 582 min manat olub. Ümumilikdə, 2014-cü ildə müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 14.7%-ni təşkil edəcək. Ümumi hərbi xərclərə gəldikdə isə, 2014-cü il üçün bu xərclər təxminən 4 milyard dollara yaxınlaşacaq. Buraya hərbi yönümlü hüquq-mühafizə orqanlarının təminatı, müdafiə sənayesi obyektlərinin inkişafı ilə bağlı planlar daxildir. Ümumilikdə, 2014-cü ilin müdafiə və ümumilikdə hərbi xərcləri Azərbaycanın müstəqillik dövründə ən yüksək göstəricilərini özündə əks etdirəcək. KİV-dən və digər mənbəələrdən əldə edilən  müxtəlif məlumatlara görə 2014-cü ilin büdcəsindən artan müdafiə xəclərinin cəmi 5 (beş) milyonu Ordunun mənzil təminatına yönəldiləcək. Bu rəqəmin nə dərəcədə kiçik olduğunu isbat etmək üçün mətbuatda yayılmış aşağıdakı məlumatı diqətinizə çatdırıram: Azərbaycanda Səfər Əbiyevin orduya “rəhbərlik” etdiyi illər ərzində hər il 400-500 nəfərə zabit rütbəsi verilərək orduya göndərilib. 20 il ərzində 10 min zabitə rütbə verən dövlət, mənzil probleminə əhəmiyyətsiz yanaşıb.  Siyasi hakimiyyət qarşısında ordunun mənzil problem cox ciddi problem olaraq qaldırılmayıb. Ölkə başçısı tərəfindən bu istiqamərdə atılan addımlardan Səfər Əbiyev sui-istifadə etmiş  və vəzifə səlahiyyətlərini aşaraq qanunsuzluqlara  yol verib minlərlə  zabitin mənzil təminatı hüququnu pozmuşdur. Onun dövründə Müdafiə Nazirliyi sistemində zabitlərin mənzil problemlərinin həll olunması ilə bağlı əsaslı iş görülməyib. Indiyə qədər bir neşə bina tikilib. Lakin bu isə problemin həlli demək deyil.

Hərbi qulluqçuların mənzillə təmin olunması Müdafiə Nazirinin problemi deyil. Əslində bu problemə Vətəndaş və dövlət müstəvisində baxılmalıdır.

Siyasi hakimiyyət ordunun mənzil probleminə cox ciddi yanaşmalıdır. 15 il təqvim üzrə zabit kimi xidmət etmiş və mənzil hüququ əldə etmiş zabitlərə Rusiya Federasiyasında sınaqdan çıxmış MƏNZİL SERTİFİKATI PAYLANMASI üsuluna üstünlük verilməlidir. Bu məsələdə korrupsiya  və digər xoşagəlməz halların qarşısını almaq üçün ən optimal variant-dərhal mənzil sertifikatının paylanmasıdır. Bununla da mənzil problemi öz həllini vətəndaş və dövlət müstəvisində tapacaq.