“Quran”da yalan tutanlar

quranda-yalan-tutanlar
Oxunma sayı: 5145

Şərif AĞ

Bu yaxınlarda Qurban bayramı keçirildi. Həmişə olduğu kimi yenə də bayrama münasibətdə sosial media mənsubları iki qismə bölündülər; durmadan dostların inboxsuna bəzədilmiş qoyun şəkilləri göndərənlər və bayramı tənqid edib, lağa qoyanlar. 

Bütün bunlar bir yana, məni narahat edən “İsmayıl qurbanı” ilə bağlı «Quran»dakı məşhur əhvalata bəzi oxucuların və qələm adamlarının yanlış yanaşmasıdır. Ümumiyyətlə, «Quran» mətnlərinin düzgün anlaşılmamasına dəfələrlə şahid olmuşam. Xatırladım ki, hələ sovet vaxtı “Quran qissələri” adlı Azərbaycan dilində ayrıca bir kitab da çıxıb. «Quran»da fləş-bəklərlə xatırlanan, başqa səmavi kitablara göndərmələrlə yada salınan əhvalatları bu kitabda sistemləşdirib, bütövləşdirib çap ediblər. 

Mənə görə, «Quran» qissələrinə münasibətdə ateistlərin və dindarların ortaq bir səhvi var: mətnə fizika kimi yanaşmaq! Halbuki, «Quran»da əxlaq qaydalarından nə qədər bəhs olunsa da o, metafizik kitabdır, dili isə bədii və poetikdir. Ordakı sözləri sözün birbaşa mənasında anlamaq yanlışdır. Bütün bədii və poetik deyimlər kimi ordakı sözlərin də mənası çoxqatlıdır.

Elif Şafakın “Aşk” romanında qadına cəza verilməsi və onun döyülməsi ilə bağlı məşhur «Quran» ayəsini yada salır. Şəms Təbrizi ayəni onu sevən qadın üçün şərh edir. Şəmsin təqdimatında ayədə qadına dəxli olmayan tamam başqa bir nüans görürük. Sən demə, söhbət nəfsin tərbiyə olunmasından, onun “döyülməsindən” gedir. 

İsmayıl qurbanı əhvalatını da hərfi mənada, bütün hadisələrin real baş verib-vermədiyini dartışaraq, kitabın yalanını tutmağa cəhd edərək oxumaq səhvdir. Söhbət ondan getmir ki, həqiqətən də göydən qoyun yenib, İbrahim doğrudan da övladını qurban kəsirmiş. Bunlar hamısı məcazlardır.  

Yazar dostlarımızdan biri lap qabağa gedərək, İsmayılı anası Həcərlə səhrada qoyub getməsinə görə İbrahimi yamanlayır, ona qətiyyən rəğbət bəsləmədiyini yazır. Əslində isə İbrahim uşağı olmayan birinci arvadının peyğəmbərə gözəl bir körpə bəxş edən ikinci arvadını dəhşətli dərəcədə qısqandığını görərək, çox pis olur, buna dözə bilmir, tanrıdan kömək istəyir və onun məsləhəti ilə belə bir addım atır. Nəticə nə olur? “Zəm-zəm” həmin o yerdən qaynamağa başlayır, uşaqla anası xilas olur və suya görə bura toplaşan ticarətçilər Məkkə şəhərini salırlar.  
 
Daha sonra tanrı İbahimi sınamaq üçün istəkli oğlunu ondan qurban kimi istəyir. Bu məqam indi bizə qeyri-humanist görünə bilər. Nəzərə almalıyıq ki, həmin dövrlərdə insanları qurban edirdilər. Lakin yenə də əsas məsələ bu deyil. Əsas məsələ mətnin ötürdüyü mesaj və ideyadır. Biz inandığımız dəyərlər üçün nələrdən keçə bilərik? Məsələn, vətən üçün, azadlıq üçün, sənət üçün. Övladımızdan keçə bilərikmi? Cavabım yox deyil, amma ürəklə hə də söyləyə bilmirəm. İbrahim keçdi. Çünki onun öz idealı üçün keçməyəcəyi bir şey yox idi. Bu, xüsusi missiya daşıdığını dərk edən böyük adamların işidir, lağ olunası yox, heyrət duyulası, rəğbət bəslənəsi məqamdır. 

Göydən qoç yenir və Allah öz ədalətini göstərərək, insanın qurban edilməsinə qadağa qoyur. Onu dəyərə mindirir, daha da qiymətli qılır. Səbəb nə olur-olsun insan öldürməyin doğru olmadığını buyurur. Bu bədii detalın altından ölüm hökmünün ləğv edilməsi, ölkələr arasındakı anlaşılmazlıqların müharibələrsiz həll olunması, insan oğlunun bir-birinin qanını tökməməsi kimi mütərəqqi ideyaların səsini eşitmək olar.    

«Quran» qissələrinə mətn kimi baxmaq lazımdır. Mətndəki hadisənin həqiqətən baş verib-verməməsi bizə lazım deyil. Təsəvvür edin, Jan Valjanın, Qulliverin, Don Kixotun real olub-olmamsı bizimçün nə dərəcədə əhəmiyyətlidir? Bəlkə, Nizaminin cənnətə dirilik suyu dalınca göndərdiyi İsgəndər əhvalatına inanmışıq? Əslində, inanmışıq, lakin beynimizin bir küncündə o hadisənin həm də yazıçı təxəyyülü olduğunu bilmişik. Bir növ özümüzü aldatmışıq. Bu özünüaldatma zərərli deyil, oxucu-mətn oyununun vacib komponentidir. 

Bəzən hansısa molla dirəşir ki, hər şey «Quran»da yazılıb. Dini inancı olmayan biri də onu lağa qoyur ki, məsələn, Pifaqor teoremi orda yoxdu axı. Yoxdur, təbii ki. Amma dünyanın bir harmoniya içərisində olduğu haqqında çoxlu deyimlər, ifadələr var və Pifaqor teoremi də bu harmoniyanın içində olan qanunauyğunluqdur. Bu yerdə yeni mühakimə ortaya çıxır: Hər şey əslində «Quran»da var, çünki Tanrı var və onun yaratdığı dünya var, eyni zamanda, hər şey «Quran»da yoxdur, əgər belə olsa, «Quran»dan sonra kitablar yazılmaz, elm inkişaf etməzdi.       

Şərq və yunan mifologiyası, Hindistan, Çin nağıl-rəvayətləri, Bibliya mətnləri yüz illərdir ən böyük qələm admalarına mövzu və ilham mənbəyi olub və bu böyük qələm adamları heç vaxt düşünməyiblər ki, görəsən, ildırımsaçan Zevs doğrudan da həyatda yaşayıbmı?

Mətnə mətn kimi yanaşmaq lazımdır. Mətnin şərtiliyini, hadisələrin magik-mistik təsvirinin onu daha estetik və təsirli etdiyini, nəhayət ki, başa düşməliyik. Əks arqumentimiz varsa, özümüz insanın qurban edilməməsi mesajını verən bir hekayət, yaxud hekayə yaradaq, o, «Quran»dakı əhvalatdan daha gözəl, təsirli və uzunömürlü olsun. 

Asan deyil.