Qurban bayramını dolayanların nəzərinə!

qurban-bayramini-dolayanlarin-nezerine
Oxunma sayı: 3721

Azər Qismət

Dahi Üzeyir Hacıbəyov indiki “Monolit” adlanan binada yaşayarkən, sübhdən yaxındakı Sabir adına bağa düşərmiş. Qurban bayramı günlərində həmin bağa rayon və kəndlərdən qoyun gətirərmişlər. Dünya şöhrətli bəstəkar Ağcabədidən olan İbrahim adlı kişidən qurbanlıq qoyun alarmış. Zarafatla deyərmiş ki, “Qurbanlıq qoyunu İbrahım adlı adam satmalıdır. Babamız İbrahimə yaxınlıq olsun”. Əlbəttə, Üzeyir Hacıbəyov şəxsən qoyunun dərisini soyub hissələrə bölməzmiş. O, qurbanlıq qoyun alar və çox hissəsini qonşulara, kasıblara paylayarmış.

Azərbaycan ziyalılarının qaymağı, həyatı faciə ilə bitən Məhəmməd Hadi “Mübarəkdir, müqəddəsdir Qurban bayramı” söyləyərdi. Müslüm Maqomayev (baba) qurbanlıq payının onda yaratdığı zövqdən ağızdolusu danışarmış.

Bütün bu misalları çəkməkdə məqsəd Qurban bayramını ələ salıb gülənlərə nümunə kimi göstərməkdir. Sadaladığım adamlar heç də ağılsız olmayıblar. Heç “İbrahim peyğəmbər” tablosunu yaradan Rembrandt da ağılsız deyildi. Lağlağının müəyyən hissəsi ilə razlılaşmamaq mümkün deyil. Birincisi, adamları təbrik etmək əvəzinə qoyun-quzu şəkli göndərirlər. İkincisi, erkək qoyunu qırmızı fata ilə bəzəmək, hələ sırğa taxmaq, üzr istəyirəm, şitlik əlmətidir. Belə lağlağıda haqq var, kimsə inkar etmir.

Bir sıra adamlar tapıldı ki, Qurban bayramının “ətkəsdi əməliyyatı” olmadığını dedi. Bəli, həqiqət var. Qurban ət alıb evdə kabab çəkmək, bozartma bişirmək deyil. Ən azı kasıblara verməkdir ki, qazanları qaynasın. Əlbəttə, uca Tanrıdan arzulayaq ki, kimsənin qurbanlıq paya ehtiyacı olmasın, amma nə qədər ki, kasıb var, varlılar onları sevindirməlidir. Çünki varlanmaq həm də paylaşmaqdır. Gəlirindən paylaşmayanın var-dövləti bir anın içində əlindən çıxar.

Ancaq başqa tip adamlar tapıldı ki, ümumilikdə dini bayramın ləğv edilməsini, keçirilməməsini zəruri saydı. Təhlükəli məqam budur. Təhlükə təkcə ölkədə terror törətmək, insanların həyatını məhv etməklə baş vermir. Təhlükə həm də inancın təhqir edilməsidir. Özü də bunu ömründə bir dəfə ağac əkməyən, kitab üzü açmayan, kimsəyə yardım əlini uzatmayanın biri deyirsə, onda cəmiyyəti yaxşı nəsə gözləmir. Və Argentina xristianı heç vaxt düşünmür ki, bu bizim bayramımız deyil, sonradan yapışdırmadır, qondarmadır.

Dünyada ən ari millət yəhudilər hesab olunur. Yəhudilərin uşağından tutmuş böyüyünə qədər sinaqoqlara getməkdən imtina etmirlər. “Xanuka” tipli dini bayramlarını Avropanın küçələrində sevinclə qarşılayırlar. Bal ilə doldurulmuş kökələri bir-birinə verib şadlıqla yeyirlər. İndi nə deyirsiz, yəhudilər ağılsızdır? Ya ölkələrini dini fanatizm basıb gedib? Ya ölkənin küçələrində dini terrorçular gəzib-dolanır? Heç də yox. Hamı öz inancı ilə sinaqoqa gedir, gündəlik işlərini də görür, elm dünyasına baş da vururlar. Yəhudi öz dininə gülmür. Çünki bilir ki, inanc insanların içinə hakim kəsilib. Dünyada adamların sayına görə ən az intihar edən ölkə İsraildir. Səbəb budur ki, insanlar içlərindəki inanca güvənir, arxalandığı Tanrıdır. Dünyanın ən ağıllı milləti həm də dini bayramlarını vaxtlı-vaxtında keçirir. Çünki inamını ondan alır. Keçmişinin, qədimliyinin, gen kodunun üstündən xətt çəkmir. Öz inancını lağlağıya qoymur. Çünki inanc olmayan yerdə ümidsizlik yaranar. Alef Noon yazır ki, inancın məzmunu, tarixi, onun insan və ətrafla münasibətdə gəlişməsi, intuisiya, insan-inanc-gerçəklik-fövqəltəbii-anlam kimi məsələlərlə məşğul olan bir sənət varsa, o da dindir. İnanc və ümid vasitəsilə yaşamaq, başqaları ilə münasibətdə olmaq, həm əql, həm də güvənclə fövqəltəbiiiyini anlamağa cəhd etmək və onunla münasibətə girmək sənəti məhz dində əks olunub.

Beləliklə, Qurban bayramı bitdi. Ancaq lağlağılar kimsənin inancına kölgə salmadı. Özünü dərk edən insanın inancına kölgə salmadı. Kölgə salınanlar isə hələ özünü tapa bilməyənlər oldu.