“Qurban qaranquş deyil, uçub getməyəcək” - Ramin Musayev

“Qurban qaranquş deyil, uçub getməyəcək”
Oxunma sayı: 1744

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada mətbuat konfransı keçirib. "Qafqazinfo"nun məlumatına görə, R. Musayev əvvəlcə klublarımızın təlim-məşq toplanışını dəyərləndirib:

"Toplanış artıq ənəyə çevrilib. Bunu da AFFA rəhbərliyi davam etdirir. Bu, həm istirahət, həm də klublarımızın nə işlə məşğul olduğunu, hakimlərimizin fiziki hazırlığını görmək baxımından önəmlidir. Bizdə oyun sayı azdır. Bu il hakimlərimiz 74 oyun idarə ediblər. 

- Fariz Yusifov toplanışda iştirak etmədi. Əsas oyunlar ona həvalə olunur. İnanırsınız ki, o, özünü doğruldacaq?

- Bir dəfə bir oyun baxırdıq. Əli müəllim dedi ki, Xaqani Məmmədov buna hakimlik edərdi. Fariz öz sözünü demiş hakimdir. Onun fiziki hazırlığa ehtiyacı yoxdur. Ən ağır oyunları o idarə edib.

- Tərlan Əhmədovla aranızda soyuqluq olduğu deyilir. Belə bir şey varmı?
- Siz cavansınız. Danmıram, Tərlanın Neftçiyə keçməsinə zamin durmuşam. İndi belədir ki, zamin duranı daha çox incidirlər. Tərlan Əhmədov yaxşı məşqçidir. Mənə məlumat daxil oldu ki, bəzi vaxtlarını klubdan kənar keçirir. Mən də ona bildirdim ki, mən sənə zamin durmuşam axı. Amma belə soyuqluq olmayıb. Elə insan var ki, ona sözlə yox, hərəkətlə təsir edirsən. Mən də ona cavab verməməklə təsir etdim.

-“Neftçi”də baş verənlərlə maraqlanırsınızmı? Uğursuzluğun səbəbi nədir?
- Bunu çox şişirdirik. Heç nə yoxdur. Hərə öz işi ilə məşğuldur. Klubda qalmaqal yoxdur. Orxan hörmətli oğlandır, inanmıram ki, belə bir şey olsun. Klub da ailə kimidir. Orada da müəyyən söz-söhbətlər ola bilər.

- Klubların hazırlıqlarını izləyirsiniz. Bəlkə səhvləri indi açıqlayasanız?

Burada nəsə demək istəmirəm, Heç vaxt sözü boşuna demirəm. Hər bir klubla bağlı məlumatımız var. Bunu ona görə etmirik ki, nə vaxtsa açıqlayaq. Bəzi klub rəhbərlərimiz sponsorların qarşısında bəraət qazanmaq üçün bütün günahı atırlar AFFA ilə PFL-in üstünə. 

- “Qarabağ” – “Qəbələ” oyununa hansı hakimi layiq görürsünüz?
- Bugünə qədər hansı hakimin hansısa oyuna getməyini tələb etməmişəm. Müqavilə əsasında burda fikir bildirməyə ixtiyarım var. Amma mən deyə bilmərəm ki, onu yox, bunu göndərin. Sadəcə, təklifimi bildirə bilərəm. “Qarabağ” – “Qəbələ” oyunu çempionatın taleyini həll edə bilməz. Həmin oyunu idarə edə biləcək kifayət qədər hakimlərimiz var. Rəşad Əhmədov çox gözəl hakimdir. Amma Rövşən ona mane olur. Tələsir, istəyir ki, birdən-birə qabağa getsin. Amma belə olmaz axı. Bu gün o da hazırdır. İnanıram ki, yaxşı oyunlar idarə edə bilər. Sadəcə, ona kənardan yaxşı mənəvi dəstək lazımdır.

- Hazırlığın səviyyəsini nəzərə alaraq, çempionatın geridə qalan hissəsini necə dəyərləndirisiniz. Sizcə, çempion kim olacaq?
- Çempionun kim olacağını deyə bilmərəm. Bu, məşqçilərin oyunçuları yoxlamasıdır. Çempionatda bunu edə bilməzlər. Samir Əliyev, Qurban Qurbanovda bunları görmüşəm. Bu il doğrudan gərgin çempionat olacaq. Əsas da 3-4-cü yerlər uğrunda böyük mübarizə gedəcək. Elə buradan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş.

- Birinci divizionda iddialı klublar yaranıb ki, Premyer Liqada oynamaq istəyirlər. Onların rəhbərliyi ilə söhbətləriniz olubmu? Fikirləri nə dərəcədə ciddidir?

- Birinci sual kimi bunu gözləyirdim. “Xəzər” mənə çox xoş təsir bağışladı. Bizim üçün hazırda əsas birinci diviziondur. Orada iddialı komandalarımız var. Xoşagəlməz söz-söhbətlər yaranmasına imkan verən klublarımız da var. İstər AFFA, istər də PFL rəhbərliyi istərdik ki, kənardan maliyyələşən klublar daha çox olsun. Belə məsələlərə ehtiyatla yanaşırıq ki, çempionatın ortasında hansısa klub çempionatı tərk etməsin. Çünki bunlar digər klublara da təsir edir. Çox istərdik ki, saydığımız klublar Premyer Liqaya gəlsin. Elə burda onlarla söhbətlərimiz oldu. Soruşdular ki, biz elitada oynaya bilərikmi? Dedik ki, niyə də yox?! Bizim marağımız var ki, bölgələrdən də klublar Premyer Liqada iştirak etsin. Buna imkan yaratmağa hazırıq. Birinci divizionda növbəti çempionat tamam fərqli olsun. Artıq bəzi klubların izinə düşmüşük. Elə klublardır ki, siz də inanmayacaqsınız. Növbəti il divizion Premyer Liqadan maraqlı olacaq.

- Milli komandanın Moldova ilə oyununu izlədiniz. Münasibətinizi bilmək istərdik?
- Mən orada yeni, gənc futbolçular gördüm. Bu da bir təlim-məşq toplanışı idi. Qurban müəllim gənclərdən istifadə etməyi bacarır. İnanıram ki, tezliklə milli komandalar da azarkeşlərimizi sevindirəcək. Millinin oyununda bir yoldaşı gördüm. İqtisad Universitetinin müəlimi Bakıdan birbaşa oyunu izləməyə gəlmişdi.

- Bu gün Gürcüstan Futbol Federasiyası məlumat yayıb ki, əvəzedicilərin çempionatı ləğv olunub. Bizdə də belə bir sistem tətbiq etmək olmazmı?
- Bu dünya gör-götür dünyasıdır. Hələ bilmirik, gürcülərin bu addımı müsbət olacaq, ya mənfi. Hər birimizin fikrincə, nə qədər futbol komandası olarsa, bu, daha çox effekt verər. Bəs digər yaş qrupları nə etsin? Hər yaş qrupunun öz yarışı olmalıdır. Əvəzedicilərə gəlincə, PFL yaranana qədər əvəzediclərin çempionatı ləğv olunmuşdu. Biz bunu yenidən bərpa etdik ki, əsas komandaya düşə bilməyən uşaqlar, orda oyun praktikası qazansınlar. Əvəzedici ləğv etmək yox, başqa bir planımız var. O gün Rəşad Sadıqovla danışdıq, ümumi bir fikir irəli sürdük. Çox bəyənildi. Amma indi açıqlamaq istəmirəm. Bəzi qurumların mənəvi köməyi lazımdır. Bizim seçdiyimiz yol daha yaxşı olacaq.

-İki il öncə klublarda maliyyə problemi var idi. Bu gün vəziyyət düzəlibmi?
- Niyə də olmasın?! Hər bir sahədə inkişaf gedir. Hər şey əvvəlkindən daha yaxşı olacaq. Əvvəl klublar kəmiyyətə önəm verirdi, indi isə keyfiyyətə. 

- Bakıda telefonunuz dayanmır. Burada necə, istirahət edə bildiniz?
- Lazımı qədər istirahət edə bildim.

- Vaxtı ilə PFL sosial layihələrlə məşhur idi. Vəziyyət düzəlibsə, həmin layihələrə yenidən start verəcəyiniz gözləniləndirmi?

Biz demədik ki, PFL-in vəziyyəti düzəlib (gülür). Əvvəllər klublarımızın vəziyyəti yaxşı olmadığı üçün çıxa bilmirdik. Bizim əsas maliyyəmiz SOCAR-dır. Vəziyyət yaxşıdır. Klublardan borclarımızı ala bilsək, sizlər üçün də maraqlı nələrsə təşkil etmək istəyirik. Bizə AFFA-dan əlavə büdcə ayrılmayıb. Nə azalıb, nə də artırılıb.

- Oyunların nəticəsinin manipulyasiyasına görə cəzalandırılan Nizami Hacıyev və Mirhüseyn Seyidovun məsələsi nə yerdədir? AFFA bəzi məlumatların açıqlanacağını bildirsə də, hələ də susurlar...
- Hər birimizin bir məqsədi var ki, təmizlik, düzgünlük olsun. Oyunçularla bağlı sakitlik olduğunu fikirləşirsinizsə, elə deyil. Nizami və Mirhüseynlə söhbətlər olur. AFFA və PFL bu işdə birlikdə çalışır. Sadəcə, hər şey məxfidir. Ona görə də açıqlamırıq.

- Növbəti mövsümdə 8-dən çox komanda görə bilərikmi?
- Birinci diviziondan gəlmək istəyən komandalar var. Maddi durumu buna imkan verərsə, AFFA və PFL onlara dəstək olmağa hazırdır. “Xəzər” və “Binə” buna görə bizə müraciət edib. Hər an hər şey ola bilər.

- Çempionatda Naxçıvan komandası var idi. “Araz Naxçıvan”ın yenidən diviziona qayıtmaq məsələsi var...
- Əlaqələrimiz çoxdur. Qatarla Naxçıvana gedib-gəlmək bərpa olunsa, iştirak edəcəklər. Bərpa olunmasa, alınmayacaq. Çünki digər klubların maddi durumu təyyarə ilə gedib-gəlməyə imkan vermir. Amma istəkləri var. 

- Kubokun final yeri bilinir?
- İki məkan üzərində dayanmışam. Birinci Gəncə, sonra Qəbələ. Qəbələdə yarış keçirməyimiz bizim işimizi çox asanlaşdırdı. Amma Gəncəyə də addım atmaq lazımdır. Onlar da futbolu sevirlər. Tək işıqlanma ilə bağlı problem var. Oturmaqla bağlı elə də ciddi narahatlıq yoxdur. Azarkeşlər ayaq üstdə də dura bilərlər. İşıqlanma may ayına qədər hazır olsa, orada keçiriləcək. Olmasa, oyun Qəbələdə baş tutacaq.

- Rəşad Sadıqov birdən- birə 3 komandada çalışır.Onun üçün çətin olmayacaq?
- Həmin sözü Rəşadın özündən eşitmişəm. Deyir ki, məndə yatmaq yoxdur. Bu xalqa kömək etmək onun borcudur. Mən də ona dedim ki, Rəşad, eləməlisən. İnsan öz addımlarıyla sübut edir ki, kim kimdir. 

- Lənkəran və İmişli stadionu da yaxşı vəziyyətdədir. Bəlkə kubokun finalını orada da keçirəsiniz...
- Lənkəranda fikrimiz var idi. Maraqlandıq, dedilər ki, ot örtüyü ilə bağlı problem var. Bilirsiniz ki, Mübariz Mənsimova böyük hörmətim var. Amma şərait də vacibdir. O ki qaldı İmişli stadionuna, ən çox orada keçirilməyini istərdim. Amma yerli azarkeşləri də fikirləşmək lazımdır. Bilirəm ki, oyun Lənkəranda keçirilsə, İrandan da gələn olacaq. Tək seçdiyimiz rayonu yox, ətrafdakıları da fikirləşirəm. İşıqlanma ilə bağlı problemləri var.

- Millidəki son təyinatlar “Qarabağ”ın vəziyyətinə mənfi təsir edə bilərmi?
 - Elə ən yaxşı çıxış yolu seçilən yoldur. Samir Abasov İspaniyada idi, komandanı “Qarabağ”la oyuna başqa məşqçi çıxarmışdı. Komanda növbəti tura çıxdı. Baş məşqçi olmasa da, o, tapşırıqlarını verib gedir. Əsas olan inamdır. Məsələn, mən öz işçilərimin hamısına inanıram. Qurbanov ətrafına inandığı insanları yığıb. Yenə məsuliyyəti Qurban müəllim daşıyır. Rəhbər birdir. Düzdür, ola bilsin, birdən-birə Qurban nəsə edə bilməz. Cavandır, vaxt verək. Neçə il Foqtsa dözdük, bunun onda biri qədər də Qurbanova dözək. Ən əsası da odur ki, Qurban qaranquş deyil, uçub getməyəcək. Daim bizimlədir.

- Bəzi ölkələrdə kubok üçün bir stadion seçilir və daim orada keçirilir. Bizdə də belə bir şey etmək olarmı?
- İngiltərə ilə Fransa gəlsin, bizdə oynasın. Vaxtı ilə bizdə də belə idi. Hər zaman oyun Tofiq Bəhramov adına Respublika stadionunda olurdu. Bizim təklifimiz oldu ki, kubokun finalını bölgələrdə keçirək. Görsünlər ki, biz onlara da diqqət ayırırıq. Həmçinin legionerlər də Azərbaycanın bölgələrini görsünlər. Oradakı azarkeşlər paytaxtdakından çoxdur. Biz onları da düşünürük ki, oyunu izləmək üçün əziyyət çəkib Bakıya bölgələrdən gəlməsinlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi