Qurban Qurbanovdan qələbə şərhi

qurban-qurbanovdan-qelebe-serhi
Oxunma sayı: 653

Məlum olduğu kimi, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Gürcüstan “Samtredia”sına qalib gəldi – 1:0. 

“Qafqazinfo” xəbər verir ki, iki oyunun nəticəsinə görə 6:0 üstün olan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirdiyi mətbuat konfransında havanın isti olmasının komandasına mənfi təsir etdiyini bildirib.

- Əvvəldən ağır oyun olacağını bilirdik. Baxmayaraq ki, 5:0 qalib gəlmişdik, “Samtredia” təslim olmaq istəmirdi. Yenə də bunun şahidi olduq. Hava həddən artıq isti idi. Bu baxımdan komanda üçün oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, oyunçuların intizamından razı qaldım. Düzgün müdafiə olunmağa çalışırdılar. Bir qədər top itkilərimiz çox oldu. Amma futbolçularımın hər birindən razı qaldım. Nəticə üçün maksimumunu etdilər. Rəqib komandanın oyunçularına da təşəkkür düşür ki, ilk oyundakı böyük hesablı məğlubiyyətdən sonra xarakter, istək göstərdilər. Məncə, “Samtredia” yaxın zamanda  Gürcüstanın ən güclü komandalarından biri olacaq və uğurlarını görəcəyik.

- Nikaraqua millisinin kapitanı Xuan Barreranın adı “Qarabağ”la hallanır. Bu məlumatlar nə dərəcə həqiqətə uyğundur?

- Biz qarşıda transfer etmək fikrindəyik. Bəzi oyunçularla danışıq gedir. Amma onunla bağlı hər hansı məlumatım yoxdur.

- Qeyd etdiz ki, “Samtredia”nın oyununu bəyəndiz. Hansısa oyunçusunu xüsusi fərqləndirə bilərsizmi? Bir də “Samtredia”nın heyətində öz komandanızda görmək istəyəcəyiniz oyunçu oldumu?

- Həqiqətən də, oyun üslubunu bəyəndim. Çox da uzun müddət bir yerdə oynayan kollektiv deyillər. Buna görə də hələ ən yüksək formada deyillər. Ancaq topla çox yaxşı davranırlar. Bu, yəqin ki, məşqçinin fəlsəfəsidir. Ancaq transfer siyahımızda bu komandadan kimsə yoxdu. Hansısa birini fərqləndirmək istəməzdim.

- “Kukesi”, yoxsa “Şerif”?

- Hansı layiqdisə, o da qələbə qazansın. Biz sadəcə, rəqibimizi gözləyirik.

- Bu gün öyrəşdiyimiz “Qarabağ”ı meydanda görmədik. Bu, komandanın tam hazır olmamasıyla bağlıdır, yoxsa başqa səbəblər var?

- Zəif oyunlarımız az olmayıb. Futbol elə bir oyundur ki, daim məğlub ola da bilərik, özümüzdən zəifinə uduza da bilərik. Qələbələrimizi isə çox da böyütmək istəmirəm. Hələlik kiçik addımlar atırıq. Klub, komanda olaraq, çatışmazlıqlarımız çoxdu. Hər il pillə-pillə irəliləməyə çalışırıq. Bu gün ola bilsin ki, ilk oyundakı nəticənin də müəyyən qədər təsiri oldu. Dünən də demişdim ki, rəqib nə qədər imkan versə, o qədər hücum edəcəyik. Məncə, bu, müəyyən qədər alındı. İndiki məqamda futbolçulardan ən yaxşı oyunu tələb edə bilmərəm. Onların bir-birinə uyğunlaşması, yüksək forma yığması üçün hələ vaxt lazımdır.