Qurbanın inamı, Madriddə möcüzə... - Fotolar

qurbanin-inami-madridde-mocuze
Oxunma sayı: 4759

Avropanın Asiya hissəsindən digər bucağına, Aralıq dənizi sahillərinə yollananda hamımzı kiçik hesablı məğlubiyyətlə geri dönməyi arzulayırdıq. İlk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində “ölüm qrupu”nda mübarizə aparan “Qarabağ”ın köhnə qitə nəhənglərindən, son illərin ən uğurlu klublarından biri olan “Atletiko”dan səfərdə xal alacağı ağlasığmaz idi. 

Priney yarımadasının mərkəzi şəhəri futbol bayramlarından birini yaşayırdı. Madridin simvolu “Real”ın matçının səfərdə olması ilə şəhər bayram  ab-havasını “Atletiko”  ilə yaşayırdı.  Avropanın digər ölkələrindən fərqli iş günü olmasına baxmayaraq daim səs-küylü Madriddə “ağ-qırmızı” formalar xüsusi seçilirdi. Mövsümə uğursuz başlayan “Atletiko” fanatları yəqin ki, Qurban Qurbanovun komandasına asanlıqla qalib gələcəklərini düşünürdülər. Bakıdakı matçın təsadüfi olduğunu fikirləşənlərin sayı da kifayət qədər idi. 

Qarşılaşmanın start fiti madridlilərin yeni inşa etdiyi möhtəşəm “Vanda Metropolitano” stadionunda saat 20:45 də veriləcəkdi.  Bakı Olimpiya Stadionundan daha baxımlı və əzəmətli görünən arena kluba cəmi 240 milyona başa gəlib. Hansı ki, bu məbləğdən düz 400 milyon çox BOS-un inşası üçün xərclənib. 

Oyundan saatlar öncə  azarkeşlər stadion ətrafında fəaliyyət göstərən səyyar fan-şopların önündə növbəyə düzülmüşdülər. Komandanın atributları satılan kiçik dükanlarda daha çox üzərinə “Atletiko” – “Qarabağ” yazılmış şarflar satılırdı. 10 avro qiyməti olan şarflar kifayət qədər tez zamanda azarkeşlər tərəfindən alındı. 

Stadionu gözəlləşdirən daha bir məqam isə arenanın üzərində hər iki klubun loqosunun olması idi. Məhz artıq stadionu kilometrlərlə məsafədən matçın elanı görünürdü. 

Digər diqqətçəkən məqam isə arenanın girişinə doğru gedən yolda beton üzərində kiçik dəmir parçları ilə klub əfsanələrinin adlarının həkk olunmasıdır. Komandanın əfsanəvi baş məşqçilərindən olan Xose Vilyalonqanın adının üzəri isə güllərlə bəzədilmişdi. Komandaya ilk UEFA kubokunu qazandıran çalışdırıcı digərlərindən fərqləndirilmişdi.

Xanım mühafizəçilərin daha çox olduğu arenaya “Media Giriş”dən keçib daxil olanda azarkeş sayının həddən artıq az olması diqqət çəkə bilərdi. Lakin matça 10 dəqiqə qalmış tam dolu arena gözünüzün önündə yer alırdı. Sanki sehrli çubuqla yaradılmış səhnə idi. Qapıların kifayət qədər çox olması və arenaya girişin sürətli şəkildə həll edilməsi həsəd aparmalı mənzərə sayılmalıdır.

Oyunun start fitindən öncə Qurban Qurbanov kimi jurnalistlər də qayğılı görünürdü. “Qarabağ”ın yaratdığı möcüzələrə inanıb pozitiv olmağa çalışsaq da, zədəli futbolçuların çoxluğu qanımızı qaraltmışdı. Matçdan bir gün öncə keçirilən mətbuat konfransında üzündən qayğıları hiss edilən Qurbanovun “inamımız hər zaman” var deməsinin təsəllidən başqa nəsə olduğunu düşünmək mümkün deyildi. 

Matçın start fitindən sonra dərhal “Atletiko” irəli atıldı. Qrupda vəziyyəti pis olan komandanın oyunçuları ölüm-dirim matçına çıxdıqlarını dəfərlərlə qeyd-etmişdilər.  Stadion DJ-nin start verdiyi mahnıları yüksək səslə davam etdirən madridli fanatların rəqibə top-tüfəngi atəşini xatırladan təzahüratları da bizi gərgin 90 dəqiqənin gözləyəcəyindən xəbər verirdi. 

Dieqo Simoenin dirijorluğu ilə 20 dəqiqə komandamıza güclü təzyiq edən “Atletiko”nu sakitləşdirmək üçün “Qarabağ” topa nəzarəti ələ almağa başladı. 10 dəqiqə ərazi üstünlüyünə malik olan komandamız ilk hissənin sonuna 5 dəqiqə qalmış Miçelin mükəmməl baş zərbəsi ilə “Vanda Metropolitano”nu sükuta qərq etdi.  “Qarabağ”ın ispanı həmyerlilərini cəzalandırmışdı. 

İlk hisədə üstünlüyümüzü qorusaq da, ikinci hissə bizim üçün yaxşı başlamadı. 56-cı dəqiqədə qapımızda gördüyümüz qoldan 3 dəqiqə sonra Pedro Enrike lazımsız qırmızı vərəqə ilə meydandan qovuldu. 

Bütün olanlara baxmayaraq matçdan aldığımız 1 xal qızıla bərabər idi. Qarşılaşma başa çatdıqdan sonra “MİX Zone”da futbolçuları gözləyərkən klub prezidenti Tahir Gözəl media nümayəndələrinə yaxınlaşıb “təbrik edin, möhtəşəm nəticədir” deməsi xüsusi məqam idi. 

Matçın qəhrəmanı Miçel Maderanı isə ispan jurnalistlər sual yağışına tutmuşdular. Əvvəlcə televiziya üçün ayrılan kürsüyə çıxan yarımmüdafiəçi daha sonra radio işçilərinə tək-tək müsahibə verdi. Görünən o idi ki, Miçel ölkəsində “günün qəhrəmanı” idi...

Artıq “Qarabağ” qrupda 3-cü yer üçün iddia edə bilər. Sadəcə qrupda oynayaq deyə başlanan yolda klub prezidenti Tahir Gözəl demişkən hətta 1/8 final mərhələsini də düşünmək olar.  Qurban Qurbanov üçün bunu etmək inam, bizim üçün möcüzədir...

Elsevər Məmmədov