Qurbanın xəyanəti

qurbanin-xeyaneti
Oxunma sayı: 1681

Rövşən Naziroğlu

İllərdir, sükanına əl, oturacağına yançaq dəyməyən daş hasarın kənarına atılmış köhnə “Moskviç”in altına yağışın səsindən qorxuya düşüb zingildəməklə daxilini çulğamış təşvişi içindən atmağa çalışan rəngi boza çalan bir küçük sığınmışdı. Hərdən maşının altından başını çıxarıb havanı iyləyirdi. Burnunun üstünə düşən damcılardan diksinib yumşaq səslə bir ağız yağışa hürəndən sonra sığınacağına çəkilib yenidən başlayırdı zingildəməyə.

Ağıllı gözləri vardı küçüyün.

Uzaqdan, lap uzaqdan atəş səsləri eşidilirdi...

Qonşumuz Cahangirin saç-saqqalı zəncilərin dişləri kimi ağappaqdı. Bir çoxunun adını belə bilmədiyi idarənin telefon nömrəsini də əzbər bilir, müdirini də tanıyır. Sahibsiz itlərin ayağını küçədən kəsməyə gələn çiyni tüfəngli adamların gözlərindən yayınıb dalda bir yerdə gizlənmiş itlərin yerini də o nişan verir gələnlərə.
Əslində pis adam deyil Cahangir. Məclislərin birində hansısa mollanın dediyi “İt ayağı dəyən həyətə, küçəyə mələk gəlməz” sözünü eşidəndən sonra başlayıb heyvanlarla mübarizəyə. Ancaq həmən molladan Dəqyanusun zülmündən qaçıb Allahın vəhdaniyyətinə şəhadət gətirmiş möminlərlə bir yerdə Əshabi-Kəhfə sığınmış itin fəzilətini sual eləməyə nə ağlı yetib, nə də savadı çatıb.

Boğazına dəmir halqa keçirilib üstü bağlı maşının yük yerinə sürüklənən yaralı itin sulanmış gözlərindəki intəhasız ağrını görməkdə acizdi Cahangir kişi...

Köhnə məhləmizdə kimsəsiz, yaşlı bir rus qadın vardı Marina adında. Əlinə keçəni itə, pişiyə yedizdirib saatlarla söhbət eləyərdi onlarla. Qəssablar sata bilmədikləri ağciyəri, dalağı pulsuz verib sevindirərdilər Marinanı. Qonşuların hərdən rəhmə gəlib verdiyi bir boşqab yeməyi də itlərin, pişiklərin arasında bölüşdürərdi.

Bir səhər Marinanın qışqırığına oyandı məhləmiz. JEK-ə aid maşının banındakı it zingildədikcə rus qonşumuz daha bərkdən ağlayırdı. Sürücü rus dilini bilmədiyindən key-key boylanırdı ətrafına. Qonşulardan kimsə rus qadının dediyi sözləri tərcümə elədi.

Sürücü mat-məəttəl əlini uzadıb maşının qapısını açdı. Azadlığa qovuşan it dal ayaqları üstünə qalxıb Marinanın yanaqlarından süzülən göz yaşlarını yaladı.

...Bu yaxınlarda Cahangir yenə əzbər bildiyi telefon nömrəsini yığmışdı. İdarədən gələnlər küçədə tutduqları iti maşının banına atanda Qurban kişi özünü çatdırıb “Qapımın heyvanını hara aparırsız?” soruşaraq itinin gedər-gəlməzə gedişinə mane olmaq istəmişdi. İşçilər sakit səslə “İt sənindisə, buruntaqsız, xaltasız küçəyə buraxdığına görə cərimə ödəməlisən” demişdilər. Qurban kişi itinin sulanmış gözlərindəki çarəsizliyi, məzəmmət qarışıq sevinci görməzdən gəlib sözünü dəbbələmişdi. “Mənimdi deyəndə, küçəmizin itidi” cavabını verib çıxmışdı işin içindən.

İllərlə qapı-bacasını, heyvanatını qoruyan itinə arxa dura bilməmişdi Qurban...