“Qurbanların sayı hər gün artır”

qurbanlarin-sayi-her-gun-artir
Oxunma sayı: 648

MTN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov, Beynəlxalq Qızıl Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ATƏT-in Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri iştirak edib.

Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də öz həllini tapmayıb və bu səbəbdən qurbanların sayı hər gün artır. Nazir qeyd edib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasəti barədə hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması işi daha da gücləndirilmiş, ardıcıl xarakter və geniş miqyas alıb.

İclasda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Ermənistanın hərbi təcavüzü ən ağır problemlərdən biri - əsir, girov və itkinlər problemi kimi humanitar fəlakət yaradıb: “Artıq 20 ildir ki, Dövlət Komissiyası fəaliyyət göstərir. Bu illər ərzində geniş dövlət və ictimai təbəqələri təmsil edən Komissiya insanlarımızın ümidlə baxdığı bir ünvan olmuşdur”.