Qurbanov məğlubiyyəti şərh etdi - “Qazonu bəhanə edə bilmərik...”

qurbanov-meglubiyyeti-serh-etdi
Oxunma sayı: 2924

““Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə öz meydanında 0:1 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis öncə qarşılaşmanı dəyərləndirib:

“İlk hissədə buraxdığımız qolla məğlub olduq. Cavab oyununa düzgün hazırlaşmağa çalışacağıq. Futbolçularda həyəcan var idi, lakin ikinci hissədə yaxşı oynadıq. BATE təcrübəli komandadır. Qarşıda bizi maraqlı 90 dəqiqə gözləyir.

- İki fərqli oyun izlədik. Problem təkcə həyəcan idimi? İlk hissədə yaxşı oynamağınıza nə mane oldu?

- Futbolda bir komanda uğurlu, digər komanda isə uğursuz oyun göstərir. Dediyim kimi, ikinci hissədə yaxşı oyun sərgilədik. Rəqibin özünəməxsus oyun üslubu var. Futbol səhvlər üzərində qurulub. İlk hissədə hər iki komandanın futbolçuları daha hazırlıqlı olur.

- BATE-dən belə oyun gözləyirdiniz?

- Düşündüyümüz kimi oynadılar. Oyun nizam-intizamını gördük, sürətli əks-hücum qurmağı bacardılar. BATE gözlədiyimiz futbolu oynadı. Rəqib bütün hazırlığı ilk hissədə etmişdi və bundan da istifadə etdi.

- Ot ortüyü necə idi?

- Bu gün əvvəlkindən pis oldu. Ancaq qazonu bəhanə edə bilmərik, çünki hər iki komanda üçün şərait eyni idi.

- Həftəsonu ölkə çempionatı başlayacaq. BATE ilə cavab matçına hazırlaşmaq üçün “Zirə” ilə oyunun təxirə salınmasını fikirləşirsiniz?

- Açığı, fikrim yox idi. Amma bu oyundan sonra bu barədə düşündük. “Zirə” rəhbərliyindən və PFL-dən oyunun təxirə salınmasını xahiş edəcəyik ki, Belarusdakı qarşılaşmaya yaxşı hazırlaşaq. Rəqibi keçmək üçün qalib gəlməliyik. Başqa çıxış yolumuz yoxdur. Səfərdə vurduğumuz 1 qol hər şeyi dəyişə bilər. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Bütün künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Mərkəz müdafiəçisinin bunu etməsi risk deyildi?

- Bu, keçən oyunlarda olmuşdu. İnanıram ki, cavab matçında daha yaxşı oynayacağıq. Əminəm ki, futbolçular daha hazırlıqlı olacaqlar.

- Cavab matçında start heyətdə dəyişiklik gözlənilir?

- Start heyətdə ciddi dəyişiklik olmayacaq. Oyunçuların durumuna görə qərar verəcəyik. Qarşıda hələ bir həftə vaxtımız var.

- Hücum xəttiniz sizdə narazılıq doğurmur? Emeqara demək olar fəal deyildi.

- 10 ildi “Qarabağ”dayam və hücum xətti məni həmişə narahat edib. Çünki daim yaxşısını istəyirsən. Ona görə narahatçılıq həmişə var. Hücum xəttimiz tək bir nəfərdən ibarət deyil. İllər olub ki, ki, sol, sağ vingerlərimiz çempionatın bombardirləri olub. Ona görə bu üçlüyə hücum xətti kimi yanaşırıq.

- Uduzduğunuz oyunlardan sonra əsəbi olursunuz. Ancaq bu dəfə gülərüzsünüz...

- Ola bilər.

- Bu nəylə bağlıdır?

- Komandanın göstərdiyi oyunla. Matçdan dərhal sonra futbolçularla qısa söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. İnanıram ki, səfərdə məqsədimizə çata bilərik. “Qarabağ” bunadək ilk oyunda qalib gəlməyərək rəqib meydanında məsələni həll etməli olub.

- Abdellah Zubirin bir neçə imkanı olsa da, ötürmə vermir...

- Ona belə bir etirazım olmayıb. Top itkiləri ola bilər, amma Zubir rəqibin oyunçuları arasında çaşqınlıq yaradır. BATE-nin bir neçə futbolçusu onun üzərinə gedirdi. Zubir hazırda optimal formasında deyil. Komandaya tam uyğunlaşdıqdan sonra daha yaxşı oyun sərgilədiyini görəcəyik.