Qurbanov üçün Hiddink nümunəsi

qurbanov-ucun-hiddink-numunesi
Oxunma sayı: 1671

Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi təyin olunması futbolumuz üçün ilin hadisələrindən sayıla bilər. Son 10 ilin ən uğurlu azərbaycanlı məşqçsiinin ölkənin əsas komandasının başına gətirilməsi gözlənilən idi. Geciksə də, sonda onun təyinatı reallaşdı. 

Əsas məqamlardan biri isə onun həm “Qarabağ”da, həm də milli komandada çalışmasıdır. Hər iki cəbhədə işini davam etdirəcək Qurbanov üçün bundan öncə də belə nümunələr olub. Bəs, onlar hansı nəticələrlə üzləşiblər? Son illərdə gerçəkləşən eyni cür təyinatlar isə o qədər də uğurlu alınmayıb.  

Bizə ən yaxın nümunə isə Türkiyənin əfsanəvi məşqçisi Fatih Terimlə bağlıdır. O, 2013/2014 mövsümündə “Qalatasaray”da işləyərkən həm də milli komandanı çalışdırıb. Nəticələr isə heç də ürəkaçan olmayıb. Bu səbəbdən Terim İstanbul klubundan istefa verərək yığmanın sükanı arxasına keçib. 

Slovakiyalı məşqç Vladimir Vayss da iki komandada eyni anda çalışan məşqçilər siyahısındadır. Belə ki, o, 2011/2012 mövsümündə Slovakiya yığması ilə yanaşı “Slovan” (Bratislava) klubunu da çalışdırıb. Terim kimi Vayss da uğursuz olub. Maraqlıdır ki, 2012-ci ildə təcrübəli mütəxəssis hər iki komandadan eyni anda qovulub. Hazırda Gürcüstan milli komandasının baş məşqçisidir. 

Vaxtilə “Bakı” klubunu çalışdırmış Aleksandr Starkovs  həm milli, həm klubda eyni zamanda çalışıb. “Skonto”da işlədiyi vaxtlarda Latviya millisinin də “sükanı arxası”nda olan Starkovs bu klubdan istefa verib Bakı komandasına keçdikdən sonra da işini davam etdirib. Lakin o da digərləri kimi uğursuz olub. 

2015-ci ildə Rusiya millisinin başına gətirilən Leonid Slutski həmin vaxt Moskva ÇSKA-sının baş məşqçisi olub. 2016-cı ilə qədər hər iki komandada işleyen çalışdırıcı uğursuzluq səbəbindən qovulub. O, eyni zamanda millidən də, klubdan da göndərilib. 

Məşhur hollandiyalı mütəxəssis Quus Hiddink də eyni anda milli və klubda baş məşqçi olub. O, 2015/2016 mövsümündə Hollandiya yığmasını çalışdırmaqla yanaşı “Çelsi”nin də baş məşqçisi vəzifəsində işləyib. Millidə uğursuz olsa da, klubla yaxşı nəticələr qazana bilib.  


Bundan öncə də o, PSV-nin baş məşqçisi olarkən Avstraliya yığmasına rəhbərlik edib. Hiddink Avstraliyanı 2006-cı ildə DÇ-nin final mərhələsində qrupdan 1/8 finala çıxarıb. Həmçinin PSV Uefa Çempionlar Liqasında yarımfinala qədər adlaya bilmişdi. 


Məşhur rusiyalı mütəxəssis Valeri Qazzayev 2001/2003-cü illərdə eyni zamanda millini və ÇSKA-nı çalışdırıb. Lakin o da bu vəziyyətdə uğur qazana bilməyib. 

Oleq Romantsev də Moskva “Spartak”ında işləyərkən millidən gələn təklifi geri çevirmir. Klubda nəticələri qənaətbəxş olan mütəxəssisin yığmadakı işi heç kəsi razı salmır. 

Göründüyü kimi bu məşqçilər arasında yalnız müəyyən qədər Quus Hiddinki qeyd etmək olar ki, iki cəbhədə işinin öhdəsindən gələ bilib.
Bütün bunlara baxmayaraq Qurban Qurbanov bu gün Azərbaycan yığması üçün “Qarabağ”da işləsə belə, ən ideal variantdır. Klub səviyyəsində ölkəmiz üçün pik uğurlar qazanan mütəxəssisin yığmanın “sükanı arxası”nda uğurlu nəticələrə imza atacağı isə heç kimdə şübhə doğurmamalıdır. 

Elsevər