Qurbanovun tarixi səhvi...

qurbanovun-tarixi-sehvi
Oxunma sayı: 3483

Elsevər Məmmədov

Tarixin astanasında əldə verilən qələbə milyonları yıxdı. Mərkəzi arena bəlkə heç zaman bu qədər adam görməmişdi. Stadiondan çıxan uğultudan bəlkə arena özü də qorxurdu. “Qarabağ”ın bir qələbəsi isə və ya 5 dəqiqə diqqətli olması isə minlərlə insanın sevinc göz yaşlarına səbəb olacaqdı. Bəlkə ilk dəfə Çempionlar Liqasının himnini stadiondan canlı dinləməyə bu qədər yaxın idik. Hansı ki, dinlərkən tüklərin biz-biz olur. Amma...Amma bu qədər yaxən olduğumuz qələbəni əldən çox asan şəkildə verdik.

Qurban Qurbanov ilk dəfə bu qədər tənqidə məruz qaldı. Haqlı olaraq. Əvəzetmələrdəki yanlışlıqları ilə daim diqqət çəkən məşqçi bu dəfə də eyni səhvə yol verdi. 84-cü dəqiqədə artıq yorulmuş Riçard Almeydanın yerinə meydana təcrübə baxımından əziyyət çəkən Elvin Yunuszadəni buraxan mütəxəssis bu əvəzetmə ilə matçı əldən verdi. Epizodun təkrarını izlərkən də açıq aşkar görünür ki, Yunuszadə oyuna qoşula bilmir. Bədavi Hüseynov Elvinə arxayın olub hücum zamanı sol cinahdan ötürmə edən futbolçunun üzərinə gedir. Bu zaman cərimə meydançasında olan futbolçuların qarşısını Rəşad Sadıqov və Yunuszadə almalı idilər. Kapitan hücum zamanı sürətlə cərimə meydançasına girən Bakoşa diqqətini yönəltdiyi halda Yunuszadə Krmençikin qarşısını almalı idi. Lakin Elvin bunu bacarmır və “Qarabağ” tarixi şansını qaçırdı.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanova elə bu sualı ünvanladım – “Sizcə, Yunuszadə əvəzetməsi səhv deyildi?”.

Cavabında isə “qismətimizdə bu gün qələbə yox imiş. Biz Yunuszadəni rəqibin cinah ötürmələrinin qarşısını almaq üçün meydana buraxdıq dedi”.

Rahid Əmirquliyev ölkə futbolunda arxa və ön xətdə bərabər səviyyəli oyunu ilə fərqlənən nadir dayaq yarımmüdafiəçilərindən biridi. Onun oyuna çıxması da arzuolunan olardı ki, qara fiqur - beşinci müdafiəçi kimi işini görsün. Topdan asılı olaraq zonası dəyişəcək Əmirquliyev asmaları bloklamaq işini də görə bilərdi.
Qurbanova isə, sadəcə, hava toplarından müdafiə daha vacib göründü və Yunuszadəni oyuna saldı. Nəticəsi göz önündədir.

Növbəti dəfə Çempionlar Liqası qrupuna düşmək arzusu ürəyimizdə qaldı. Ümidimiz isə növbəti mövsümədir. Bunun üçün isə daha bir problem həll edilməlidir. İldən-ilə səviyyəsi düşən çempionatımızın əvvəlki illərə qaytarılması lazımdır. Qurbanov özü də açıqlamasında etiraf etdi ki, çempionatın səviyyəsi klubların hazırlığına və real gücünə təsir edir. Çexiya çempionatında “Viktoriya”nın həsrətlə baxdığı “Sparta” (Praqa) olduğu halda Topaz Premyer Liqasında ağdamlılara müqavimət göstərəcək komanda yoxdur.