“Quska”nın anası başqasının pasportu ilə ölkədən çıxıb

quskanin-anasi-basqasinin-pasportu-ile-olkeden-cixib
Oxunma sayı: 7643

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşları - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov və Nazim Əliyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baş tutuan prosesdə dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Adıçəkilən şəxslərin heç biri özünü təqsirli bilməyib. İttihama görə, Z.Abdullayeva ölkədən çıxışına qadağa qoyulduğu üçün bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və sonra geri qayıdıb.

Cinayət məsuliyyətinə cəlb olunanlar arasında sərhədçilərlə yanaşı, Z.Abdullayevanı maşınla sərhəd məntəqəsinə aparmış N.Əliyev də var. Z.Abdullayevanı sərhəd məntəqəsinə aparan taksi sürücüsü Namiq Əliyev ifadəsində qadının ora hansı məqsədlə getdiyini bilmədiyini deyib:

“Məndən İntiqam xahiş edib demişdi ki, dayısı arvadını Balakənə aparım, mən də aparmışam”. DSX əməkdaşları isə rüşvət müqabilində Z.Abdullayevanın başqasının pasportuyla ölkəni tərk etməsinə şərait yaratmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Murad Əhməd