Qvardiola: 4 ilə 14 titul

qvardiola-4-ile-14-titul
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi məlumata görə, “Atletik Bilbao” üzərində qələbə 41 yaşlı mütəxəssisə “Barsa”da 14-cü titulu qazandırıb.

2008-ci ildən katalon klubunu çalışdıran Qvardiola bu müddətdə ardıcıl 3 dəfə İspaniya çempionu olub (2008/2009, 2009/2010, 2010/2011). Pep bu illərdə 3 dəfə İspaniya Superkubokunun sahibi olub. Bundan başqa “Barselona” Qvardiolanın başçılığı altında 2 dəfə İspaniya Kral Kubokunu qazanıb (2008/2009, 2011/2012).

Digər 6 titul isə beynəlxalq arenada əldə edilib. 2008/2009 və 2010/ 2011 mövsümlərində “Barselona” qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının qalibi olub. Həmin illərdə komanda UEFA Superkuboku və FİFA Klublararası Dünya Çempionatını da qələbə ilə başa vurub.

Qvardiola “Barsa”nı 4 mövsümə 246 oyuna çıxarıb. Bu oyunlardan 178-də qələbə qazanan “blau-qrana” 47 heç-heçə edib, 21 dəfə məğlub olub. 635 dəfə rəqib torunu silkələyən komanda qapısında 181 top görüb. Pep 4 ildə 72.65 % orta uğur göstəricisi ilə fantastik nəticə əldə edib.

Ceyhun Əhmədov