Rabitə və İnformasiya Texnologiyalari Nazirliyində kollegiya iclası keçirilib

rabite-ve-informasiya-texnologiyalari-nazirliyinde-kollegiya-iclasi-kecirilib
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, kollegiya iclasını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edib. Nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, ötən müddət ərzində bu sahədə müsbət nəticələr qazanıldığını və Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin sıxlığına görə MDB və regionda liderliyini qoruyub saxladığını vurğulayıb. Ötən dövr ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0 % artdığını və bunun ölkənin iqtisadi sektorunda ən yüksək artım olduğunu qeyd edib.
Sonra Aparat rəhbəri Vidadi Zeynalov 2012-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş məruzə ilə çıxış edib. Hesabat dövründə qazanılan nailiyyətləri diqqətə çatdıran məruzəçi bildirib ki, sektor üzrə əldə olunan gəlirlərin təxminən 74,3%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb, gəlirlərin ÜDM-də payı isə 1,74% olub. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110, hər 100 nəfərə düşən kompüterlərin sayı 20, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65 və hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı isə 30-dan artıqdır.
Daha sonra, məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib.
Kollegiyaya yekun vuran nazir ötən dövr ərzində həyata keçirilən işləri qənatbəxş hesab edərək, prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, texnopark şəbəkəsinin yaradılması, elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, növbəti ilin yanvar fevral aylarnda ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması, yerli özəl şirkətlərlə iş birliyinin gücləndirilməsi, 4G yeni nəsil xidmətlərinin mobil opretorlar tərəfindən tətbiqinin təmin edilməsi, rouminq tariflərinin endirilməsi üçün müvafiq işlərin görülməsi, “nömrə daşıma” sisteminin reallaşdırılması, poçt sahəsində yeni islahatların aparılması, nanotexnologiyalardan istifadə, innovativ sahibkarlığa kömək və yeni tipli məhsulların hazırlanaraq dünya bazarlarına çıxarılması, vətəndaşların ərizə və şikayətlərinin operativ cavablandırılması, xidmət mədəniyyətinin yüksəldilməsi, cari ilin ikinci yarsında keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərə, xüsusi ilə, BMT-nin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumunun Bakıda keçiriləcək toplantısına hazırılıq işlərinin yüksək səviyyədə aparılması və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Nigar Məmmədli