Rafael, Coşqun, Fazil Mustafa və Qədir Rüstəmov

rafael-cosqun-fazil-mustafa-ve-qedir-rustemov
Oxunma sayı: 705

Oynanılan bu tamaşanın hələlik son səhnəsi hesab oluna biləcək Fazil Mustafanın son monoloqu yadıma iki tamaşanı saldı.

Onlardan biri Ramil Səfərov dramının son, hələlik son səhnəsində deputat rolunun ifaçısı Azay Quliyevin xitabı idi: “Ramil Səfərov məsələsini birdəfəlik bağlayın”.
Bu xitab ona görə, yadıma düşdü ki, Azay Quliyev də tamaşaya son qoyulmasını istəyirdi.

İndi Fazil Mustafa da tamaşaya son qoyulmasını istəyir.

Janr, mövzu və personaj fərqlərinə baxmayaraq rejissor dəsti xətti hiss olunur.
Eyni rejissorun müxtəlif tamaşalarında təkrarlar adətən iki halda olur. Ya rejissor istedadsız olur, ya da tamaşaçılar tələbkar olmur. Məncə indiki halda tamaşaçılar tələbkar deyil.

Yadıma düşən ikinci tamaşa isə 1992-ci ilin ikinci yarısında oynanılıb.

1992-ci ilin ikinci yarısı Qarabağ uğrunda savaşların pik vaxtı.

1992-ci il həm də həmin il idi ki, mərhum sənətkar Qədir Rüstəmova xalq artisti adı verildi.

Bilmirsinizsə bilin. Qədir Rüstəmova xalq artisti adının verilməsi məhz Fazil Mustafanın təşəbbüsü olub. Yox-yox, Fazil Mustafa həmin dövrdə nə mədəniyyət naziri, nə də humanitar məsələlər üzrə müşavir deyildi. Həmin dövrdə Fazil Mustafa Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsini tuturdu.

Hadisə belə olub. Həmin dövrdə Fazil Mustafa kabinetdə oturub radioya qulaq asırmiş. Radioda da Qədir Rüstəmovun konserti verilirmiş. Fazil Mustafa düşünüb ki, Qədir Rüstəmov kimi sənətkar niyə axı xalq artisti olmasın?
Bu fikrini Əbülfəz Elçibəyə deyib. Əbülfəz Elçibəy də Qədir Rüstəmova xalq artisti adı verib. Daha sonra Qarabağ cəbhəsində uğursuzluqlar başladı, sonra Əbülfəz Elçibəy hakimiyyəti yıxıldı...

Ona görə ki, hərə öz işi ilə məşğul deyildi.

İndi Fazil Mustafa partiya sədridir, deputatdır. Həm də Fazil Mustafa hərbi xidmətdə cəbhə bölgəsində olub. Deməli orada baş verənlərdən tam xəbərdardır. Amma orduda baş verənlərlə bağlı cəmiyyətin müzakirəsinə səbəb olacaq bəyanatı hələ ki, olmayıb və yəqin ki, olmayacaq.

Yazılmış ssenaridən və rejissor yozumundan kənara çıxmaq, ancaq azad sənətkarlara xas olan xüsusiyyətdir...